XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 04:14

Olimpiya Oyunlarından sonra hansı dəyişikliklər olacaq?
 İqtidarda dəyişikliklər olacaqmı?
Avropa Oyunlarından sonra ciddi hakimiyyətdaxili dəyişikliklər gözlənilir. Son zamanlar prezident İlham Əliyev də hakimiyyət komandasındakı problemlərə toxunub, ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb, sərt cəza tədbirlərinin görüləcəyini bildirib. Bütün bunlar ekspertlər tərəfindən baş verə biləcək dəyişikliyin anonsu kimi qiymətləndirilir.
Məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara, hətta könüllü getmək istəməyən iri korrupsiyaçıları həbs etdirməyə belə qərarlıdır. Belə məlumatlar var ki, Avropa Oyunları bitəndən sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır.
İddialar var ki, dəyişiklik yeni parlamentdən də yan keçməyəcək, cəmiyyətdə ictimai nəzarətin təmin olunması üçün Milli Məclisdə müxalifət nümayəndələrinə yer veriləcək.
Avropa Oyunlarından sonrakı mərhələ üçün verilən bu proqnozları dəyərləndirən politoloq Qabil Hüseynli vurğuladı ki, hakimiyyət komandasında kadr islahatları qaçılmazdır: “Kadr islahatlarına böyük ehtiyac yaranıb. Belə görünür ki, Xarici İşlər Nazirliyi sistemində, Dövlət Bayraq Meydanı sistemində, bir çox sahələrdə prezidentə sadiq olmayan, onun siyasətini dəstəkləməyən kadrlar yerləşdirilib. Bu kadrların içərisində elələri var ki, 20 ildən çoxdur ki, vəzifədədir və komanda haqqında xoş təəssürat yaratmır.
Bu baxımdan kadr islahatlarının həyata keçirilməsi obyektiv bir zərurətə çevrilib. Uzun müddətdir ki, bu istiqamətdə söhbətlər gedir. Gah deyirdilər prezident seçkisindən sonra kadr islahatları həyata keçiriləcək, bir neçə icra başçısı dəyişdirildi və bununla da proseslər donduruldu. ötən parlament seçkilərindən sonra da bu haqda proqnozlar verilirdi, ancaq ciddi bir dəyişiklik baş vermədi. İndi də elə bir şərait yaranıb ki, mütləq kadr islahatları həyata keçirilməlidir. Prezident özü dəyişikliklərin labüdlüyünü hamıdan yaxşı başa düşür və bu xətti həyata keçirməyə çalışacaq”.
Parlament seçkilərində müxalifətin təmsili məsələsinə gəlincə, politoloq qeyd etdi ki, bu barədə birmənalı fikir söyləmək çətindir: “Düzdür, bu dəqiqə müxalifətin müəyyən qrupları dövlətlə əməkdaşlığın tərəfdarı kimi çıxış edir və hökumətin siyasətinə loyal münasibət bəsləyir. Belələrinin parlamentə düşmək şansı kifayət qədər yüksək görünür. Ancaq bütövlükdə ictimai nəzarət orqanı kimi parlamentin rolunun artırılması və bunun müxalifətdən cəlb edilən kadrlar hesabına edilməsi fikrini mən şərh etməkdə çətinlik çəkirəm”.
Qabil Hüseynli baş verə biləcək struktur islahatları ilə bağlı durumu da şərh etdi: “Gömrük Komitəsinin ləğv edilməsi haqqında söylənilən fikirlər həqiqətə uyğun deyil. Gömrük Komitəsi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır və indiki məqamda bu komitənin ləğv edilməsi qeyri-mümkündür. Bəzi komitələr iqtisadi rentabellik baxımından, təkrarçılıq baxımından birləşdirilə bilər. Lakin Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və İqtisadiyyat və Sənaye Nazirliyinin, eləcə də ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibinə verilməsi ideyası da mənə qəribə görünür. çünki ölkədə “Kənd təsərrüfatı ili” elan edilib, kənd təsərrüfatı sahəsində ciddi aqrar islahatlar keçirilməlidir. Kənd Təsərrüfatı Nazirliyi də bu prosesə başçılıq etməlidir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibində kiçik bir quruma çevrilsə, bu prosesləri apara bilməz. Ona görə də mən Kənd Təsərrüfatı Nazirliyini də bu sıraya aid etmirəm. Amma komitələr var ki, onların fəaliyyəti tamamilə mənasızdır. Onların ləğv edilib funksiyalarının vahid bir qurum altında birləşdirilməsinə böyük ehtiyac var. Bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsi və dövlət idarəçiliyinin daha çevik, daha operativ edilməsi üçün bunlar edilə bilər, yəqin ki, ediləcəkdir. Ancaq daha geniş islahatların aparılması birdən-birə baş verməyəcək, tədricən olacaq”.
Politoloq Ərəstun Oruclu isə hakimiyyət daxilində heç bir ciddi islahatın aparılmayacağını və bu proqnozların ictimai rəyi sakitləşdiməyə yönəlmiş bir addım olduğunu vurğuladı: “Mən qətiyyən belə düşünmürəm. Bu cür təbliğat zaman-zaman dövriyyəyə buraxılır, media vasitələrində yer alır. İctimai rəyi formalaşdırmağa çalışırlar ki, bu mərhələ də keçsin sonra islahatlar olacaq, yeni komanda formalaşdırılacaq, parlamentdə müxalifətə daha çox yer veriləcək. Düşünürəm ki, bunlar hamısı ötəri təbliğat xarakteri daşıyır. İctimai rəyə yeridilir ki, bütün neqativ hallar aradan qaldırılacaq. Müxalif düşərgəyə də media vasitəsilə belə mesajlar verilir ki, sizin də parlamentdə payınız olacaq. Mən bunu ciddi qəbul etmirəm. çünki dəfələrlə belə hallar olub. Bu yalnız ictimai rəyi yanıltmaq, hakimiyyətə böhrandan çıxmağa bir fasilə vermək üçün ortaya atılan söhbətlərdir”.
Milli Məclisdə müxalifət nümayəndələrinin artacağı fikrini şərh edən ekspert bunun da real səslənmədiyini qeyd etdi: “Yaxşıya doğru heç nə dəyişməyəcək. Hakimiyyət böhran dönəmində olduğu bir vaxtda, oyun qaydalarını bir qədər də sərtləşdirir. Siyasətin qaydası budur…”