XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 22:16

İran:“Bizi atəşkəslə aldadıb terrorçuları gücləndirdilər”

 

 

“Suriyada elan olunan atəşkəs rejimi, İranın təxmin etdiyi kimi, terrorçuların yenidən toparlanmasına fürsəti vermək üçün idi”.

Strateq.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamhani belə deyib.

Suriyanın Hələb şəhəri ətrafındakı bir müddət öncə baş verən qarşıdurmalara toxunan Şamhani atəşkəs gündəmə gəldiyi zaman buna qarşı çıxmasalar da, onun tətbiqinin çətin olduğunu vurğuladıqlarını bildirib.

Əli Şamhanini bu cür təəssüf hissilə danışmağa məcbur edən bir neçə gün öncə Hələb ətrafında yerləşən Xan Tuman bölgəsində uğradığı ağır məğlubiyyətdir. Məlumata görə, ABŞ və onun regional müttəfiqlərinin dəstəklədiyi silahlı müxaliflərin hücumu nəticəsində tamamilə ələ keçirilən bölgədə İran İnqilab Keçikçiləri korpusu xeyli itki verib. Sayı tam açıqlanmasa da, “inqilab keçikçiləri"ndən xeyli əsir düşən də var.

İran hərbi dairələri Xan Tuman məğlubiyyətinin səbəbini ABŞ və müttəfiqlərinin atəşkəs rejimindən istifadə etməsiylə izah edirlər. İddialara görə, atəşkəsdən istifadə edən koalisiya qüvvələri həm müxalifləri daha müasir silahlarla təchiz etmiş, həm onların sayını artırmış, həm də atəşkəs rejimini pozaraq hücuma keçmişlər. Nəticədə atəşkəsə arxayın olan Bəşəd Əsəd “dostları” qəfil yaxalanmış, ciddi itki verərək, strateji önəmə sahib olan Xan Tumandan geri çəkilmişlər. Bu döyüşdə təkcə, “inqilab keçikçiləri” 100-dən artıq əsgərini itirib.

Rəsmi Tehran “faciə” adlandırdığı Xan Tuman məğlubiyyətinə əsaslanıb qarşı tərəfin Suriya problemini sülh yoluyla həll etmək istəmədiklərini, bir müddət öncə elan olunmuş atəşkəsin isə hərbi hiylə olduğunu iddia edir.

Xan Tuman itkisi İranın bu zamana qədər irəli sürdüyü bir iddianı da puça çıxarıb. İran Suriyadakı qüvvələrinin yalnız təlim məqsədi daşıdığını, real döyüşlərdə iştirak etmədiyini deyirdi. Təmas xəttində 100-dən artıq əsgərin itirilməsi isə başqa mətləblərdən xəbər verir.

Sözügedən döyüşün Suriyadakı müharibənin gedişatında ABŞ və müttəfiqlərinin xeyrinə dönüş yaradacağını düşünənlər də var.

Heydər

Strateq.az