Bir müddət əvvəl Binəqədi rayon sakinlərinin məhəllələrində ağacların qırılmasına etiraz etməsi barədə məlumat vermişdik.
Strateq.az-ın məlumatında bildirilirdi ki, sakinlər öz məhəllələrinin abadlaşdırmaq niyyətilə bir neçə il ölcə səki boyu ağac əkiblər. Daha sonra bu ağaclar naməlum şəxslər tərəfindən yerindən çıxarılıb. Buna etiraz edib rayon icra hakimiyyətinə üz tutan vətəndaşlar heyrətamiz bir cavabla qarşılaşıblar: “Ağac əkmək üçün gərək icra hakimiyyətindən icazə alaydınız”.
(Məlumatın linkini təqdim edirik: http://strateq.az/aktual/47368/agac-ekoloji-t%C9%99mizliy%C9%99-aid-deyils%C9%99.html)
İndisə sakinlərin qəzəbinə yol açan bu ağac qətliamının əsl səbəbi aydın olub. Sən demə, həmin ərazidə Bəhmən adlı bir şəxs yaşayış binası tikmək istəyirmiş. Sakinlərin fikrincə, özünü qaçqın kimi təqdim edən Bəhmənin (soyadı bildirilmir) tikmək istədiyi bu bina ümumi yaşayış fondu ərazisinin zəbt edilməsilə ərsəyə gətirilir.
Şikayətçilər isə narahatdır ki, sözügedən bina tikiləcəyi təqdirdə onların evlərinə fövqəladə vəziyyətlərdə nəinki yanğınsöndürn və ya təcili yardım maşınları gələ bilməyəcək, hətta adi günlərdə belə, insanların gediş-gəlişləri məhdudlaşacaq.
Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, ev 75 B ünvanda yaşayan sakinlər bununla bağlı müxtəlif instansiyalara müraciət ünvanlayıblar-rayon icra hakimiyyətindən tutmuş, FHN-nə, Prezident Aparatına qədər. Rayon rəhbərliyinə göndərilmiş müracəti təqdim edirik:
"Bakı Şəhəri, Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cənaba.
Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəs. Y. Hüseynov küç. ev 75 B ünvanda yaşayan sakinlər tərəfindən.
Ərizə.
Hörmətli başçı, biz, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 75.B ünvanında yaşayan sakinlər Az. Res. Konstitusiyasının 57 mad. imperativ tələbini rəhbər tutaraq, birgə müraciət haqqında şikayət ərizəsi tərtib edib, imzalayıb sizə təqdim edirik. Xahiş edirik ki, ərizədə tərəfimizdən birgə qaldırılmış məsələni Azərbaycan Respublikasının qanunvericiliyinə və Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyəti haqqında əsasnaməyə müvafiq qaydada baxılmasını təmin edəsiniz.
Hörmətli Xaləddin müəllim, müraciətin təfərrüatlarına gəlincə, məlumunuz olsun ki, sizə müraciət etməyimizin səbəbi Bəhmən adlı şəxs tərəfindən yaşayış binasının ümumi yaşayış fondu ərazisinin zəbt edilməsi, sözügedən binanın və yaxınlıqdakı digər yaşayış binalarının sakinlərinin gediş-gəlişinin məhdudlaşdırılması ilə nəticələnən qanunsuz tikintinin həyata keçirilməsi və ona görə ətrafdakı insanları əsaslı olaraq narahat etməsidir. Qaçqın adı altında gizlənən bu işbaz və ona özbaşnalıqda havadarlıq edən şəxslərin aşikarcasına ətrafdkılara sayqısılığı biz sakinlərin sinirlərini tarıma çəkib. O, ekoloji, sanitar, texniki və yanğın təhlükəsizlik qaydalarına pozmaqla tikinti aparacağı təqdirdə, binanın həyətinə nəinki yanğınsöndürən maşınlarının girişini, hətta sakinlərin evlərinə maneəsiz və sərbəst gediş-gəlişini məhdudlaşdıra bilər.
Bu barədə Bəhmənə şifahi xəbərdarlıq edilsə də, öz əməlinə görə heç kəsdən və heç nədən qorxmadığını dəfələrlə ifadə etmişdir. Hətta tərəfimizdən tikinti işlərinin görülməsinə dair müvafiq icazənin verilməsi barədə sənədin olub olmadığını öyrənmək istədikdə qonşulardan birini Bəhmənin qoçuluq edən kürəkəni təhqir edərək, hədələmişdir. Bütün bunlara baxmayaraq hələlik biz sakinlər tərəfindən özbaşnalıqla bağlı kütləvi etiraz edilməmişdir. Ümid edirik ki, buna ehtiyac da olmayacaq. Biz bilirik ki, özbaşınalıq edən dırnaqarası qaçqın öz qanunsuz əməllərini həyata keçirmək üçün sizin adınızı çəkməklə bir növ sizin və birbaşa ölkə rəhbərinin imicinə xələl gətirdiyinin fərqində deyil.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Bəhmən bu əməllərini davam etdirdiyi halda Az.Res.Tikinti Məcəlləsinin müvafiq müddəalarını, o cümlədən bu barədə qəbul edilmiş bir sıra qanunvericilik aktları və normativ sənədlərə zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 194.mad,( M a d d ə 1 9 4 . Özbaşına tikinti işlərinin aparılması) Az. Res. Cinayət Məcəlləsinin 222-1. Mad .( Maddə 222-1. Özbaşına tikinti işləri aparma) üzrə məsuliyyət daşıyır.
Hörmətli Xaləddin müəllim, ümid edirik ki, vətəndaşın törədə biləcəyi qanunsuz əməlin qarşısı qətiyyətlə alınacaq və sakinlərin haqlı iradı tərəfinizdən təmin ediləcək . Əvvəlcədən təşəkkür edirik !
Hörmətlə! Tərtib etdik, biz aşağıda imza edən sakinlər:"