XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 16:05

Türkiyənin Avropaya vizasız gediş-gəliş xəyalı “suya düşür”:Avropa Parlamenti razılaşmanı dondurdu

Avropa Parlamenti Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə dair razılaşmanı dondurub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «EUObserver» portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, avropalı deputatlar bu barədə mayın 4-də qərar veriblər. Xəbər isə dünən axşam açıqlanıb. 

Almaniyalı deputat Birqit Şippel məlumatı təsdiqləyərək bildirib ki, Avropa Parlamentinin fraksiya liderləri prosesi bütövlükdə dayandırıblar. Ankara tələb olunan şərtlərin hamısını yerinə yetirəndən sonra Avropa Birliyi məsələni yenidən gündəmə gətirəcək. 

Bu gün Avropa Parlamentində viza rejimi ilə bağlı debatlar keçirilməli idi. Ankara və Brüssel razılığa gəlmişdilər ki, Yunanıstana gedən qaçqınlar və qeyri-leqal miqrantlar Türkiyəyə qaytarılacaq və bunun əvəzində bu ölkənin vətəndaşları üçün Avropaya viza rejimi aradan qalxacaq. Eyni zamanda Türkiyə hökumətinə maddi yardım ayrılacaq.

Mayın 6-da prezident Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, vizasız gediş-gəlişin əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcək.

Avropa Birliyi istəyir ki, Türkiyə öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltsın. Bu, qurumun irəli sürdüyü 5 əsas şərtdən biridir. Ərdoğan isə hesab edir ki, məlum qanunlar ölkə daxilində kürd silahlıları, xaricdə isə cıhadçı qruplar, o cümlədən İŞİD-ə qarşı mübarizə üçün önəmlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Şegen ölkələrinə vizasız gediş-gəlişi nəzərdə tutan qanun qəbul edilib. Onun icra olunub-olunmayacağı isə qarşı tərəfin qərarından asılıdır.