Azərbaycan Prezidenti İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Nizami rayonunda daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi üçün əlavə pul ayrılıb:
1. Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Prezident Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə aşağıdakı qərar verilib:
1. Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.