XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 07:33

Mümkün AKP-HDP hökumət koalisiyasının şansları…

Türkiyədə keçirilən seçkilərdə 80 deputatla Böyük Millət Məclisinə daxil olan Xalqların Demokratik Partisi (HDP) Ermənistanla normal münasibətlərin qurulmasına çağırıb. Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, HDP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Nəzmi Gur RİA-Novosti-yə bildirib ki, partiya qondarma soyqırımın tanınmasının tərəfdarıdır. “Biz Ermənistanla münasibətlərin normallaşması haqqında protokolların icra olunmasının və sərhədlərin açılmasının tərəfdarıyıq. Türk-erməni münasibətləri Qarabağ probleminin həllindən asılı olmamalıdır. Bu məsələ erməni və Azərbaycan xalqlarının məsələsidir və danışıqlar yolu ilə həll edilməlidir. Biz həmçinin Osmanlı imperiyasında baş vermiş “erməni soyqırımı”nın tanınmasını istəyirik”, – deyə Nəzmi Gur bəyan edib. Türkiyədə yeni hökumətin formalaşdırılması koalision əsasda olacaq. Seçkilərin nəticəsi bunu diqtə edir. Maraqlıdır ki, MHP koalisiyada iştirak etməyəcəyini bəyan edib. AKP və HDP-nin koalision ortaq olmaq şansları yüksək dəyərləndirilir.

Belə olacağı təqdirdə qurulacaq yeni hökumətlə Azərbaycanın münasibətləri hansı məcraya yönələ bilər?

Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyədə təkrar seçkilərin keçirilməsi ehtimalı zəifdir, amma bu ehtimalı tamamilə yox hesab etmək də düzgün deyil: “çünki AKP və faktiki olaraq onun başında duran Rəcəb Tayyib Ərdoğan seçkilərdə birinci partiya olmadığına, onun prezident üsul-idarəsi tətbiq etmək arzusu yerinə yetmədiyinə görə o hələ bir müddət manevrlər edəcək. Bu da AKP-nin koalisiya yaratmağa meylli olmamasında özünü göstərəcək”.

Qabil Hüseynlinin sözlərinə görə, koalisiya qurulmasının baş tutmaması üçün AKP elə şərtlər irəli sürəcək ki, həmin şərtlər qarşı tərəfdən qəbul edilməyəcək: “Nəticə etibarilə cəmiyyətdə gərginlik artacaq, qiymətli kağızlar qiymətdən düşəcək. ümumiyyətlə, iqtisadi göstəricilər pisləşəcək. Cəmiyyətin müəyyən hissəsində belə əhval-ruhiyyə yaranacaq ki, birpartiyalı sistem yaxşı imiş. O zaman heç bir hay-küy, siyasi toqquşmalar olmur. Buna görə də təkrar seçkilər keçirilsə, daha yaxşı olar”. Politoloqun fikrincə, bu əhval-ruhiyyəni hiss edən Türkiyə Prezidenti əlindən gələni edəcək ki, koalisiyanın qurulması alınmasın və təkrar seçkilərə gedilsin: “Bu baxımdan da HDP ilə AKP-nin hökumət formalaşdıracağı inandırıcı görünmür ki, Azərbaycan hər hansı bir narahatlıq keçirsin. Hətta olsa belə, HDP-nin baxışlarını hökumətin siyasətinə tətbiq etmək mümkünsüz olacaq. çünki olduqca həssas sayılan bu məsələlər Türkiyəni çalxalaya bilər”.

Məhəmmədəli QƏRİBLİ