XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 14:31

“Suyun bahalaşması bir çox istehlak mallarınınqiymətinə təsir göstərəcək”

Ötən həftə Azərbaycan ictimaiyyətini ən çox narahat edən xəbər, yəqin ki, su və kanalizasiya xidmətlərinin qiymətinin artırılması oldu. Tarif Şurasının müəyyənləşdirdiyi yeni qiymətlərə əsasən, bundan sonra Bakı və Sumqayıt əhalisi bir kub metr suya 35, onun kanalizasiya ilə axıdılmasına 15 qəpik (cəmi 50 qəpik) pul ödəməli olacaq. Yeni tariflər bu gündən qüvvəyə minəcək.

Ekspertlərin fikrincə, bu tariflər birdən-birə suyun 40% bahalaşması deməkdir. Bahalaşma istehlak səbətinə nə qədər təsir edəcək? Ümumiyyətlə bu qərarın iqtisadi əsası var idimi?

Strateq.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov Tarif Şurasının bu qərarının iqtisadi əsasının olmadığını düşünür. Onun fikrincə, “Azərsu” ASC bütün digər kommunal xidmət idarələrindən daha iddialıdır: “Su-kanalizasiya xidmətləri ən bahalı kommunal xərclərin başında gəlir. Tarif Şurası tərəfindən bu xidmətlərin qiymətlərinin qaldırılması ilə bağlı müəyyən etdiyi yeni rəqəmlər isə heç bir iqtisadi reallığa söykənmir. İstənilən qiymət artımı sosial tələblərə və iqtisadi mühitə uyğunlaşdırılmalıdır. Ardıcıl şəkildə baş vermiş iqtisadi durğunluğun ardından belə bir artımın hansı meyarlarla əsaslandırılması təəccüblü görünür. Bunu adətən əhalinin artan pul gəlirlərinə və ölkədəki iqtisadi yüksəlişin nəticələrinə əsaslanmaqla uyğunlaşdırma yolu ilə həyata keçirmək olar. 38,8 faiz qiymət artımı əhalinin fərdi təsərrüfat büdcəsinə, kommersiya təyinatlı təsərrüfat subyektləri üçün daha kəskin artım isə ölkədə qiymətlərin yüksəlməsinə təsirsiz ötüşməyəcək”.

 Qiymət artımının istehlak xərclərini artıracağını bildirən ekspert bunun sadəcə suyla məhdudlaşmayacağını deyir: “Bilirsiniz ki, kənd təsərrüfatı mallarından tutmuş, idman sağlamlıq mərkəzləri , müxtəlif ictimai-iaşə obyektlərinə qədər bir sıra müəssisələr suyla işləyir. Bu qiymət artımı onların istehsal mallarının, məhsullarının və xidmətlərinin dəyərini də  artıracaq. Nəticədə, məcmu tələb azalacaq, istehlak xərclərinin azalması hökmən iqtisadi durğunluq yaradacaq. Odur ki, suyun bahalaşmasının istehlak səbətinə təsirindən danışarkən, təkcə ev təsərrüfatında istifadə etdiyimiz suyun qiymətini hesablamamalıyıq. Eyni zamanda bu artım nəticəsində gündəlik tələbat mallarının yeni qiymətlərini də hesablamaq lazımdır”.

 

Ekspert “Azərsu” ASC-ın zaman-zaman yaşıllaşdırma idarələrinin suyunu kəsməsini də xatırlatdı: “Bu o idarədir ki, susuzluqdan quruyan yaşıllıqların məhv olunmasında da məsuliyyət daşıyır. Səhmdar cəmiyyətin nümayəndələri Yaşıllaşdırma idarələrinin suyunu kəsmələrini onların borclu olmasıyla izah edirlər. Mən başa düşə bilmirəm yaşıllıq məgər yalnız yaşıllaşdırma idarəsinə lazımdır? Bu qiymət artımından sonra yaşıllaşdırma idarələrinin pul ödəmə imkanları daha çox zəifləyəcək. Belə çıxır ki, biz həm də yaşıllıqlarımızı itirəcəyik. Sıxlığı və ekoloji cəhətdən artıq yaşayış üçün yararsız hala düşmüş paytaxt Bakıda və Sumqayıtda onsuz da yerli icra hakimiyyətlərinin başçıları tərəfindən yaşıllıqların kütləvi qətliamı azmış kimi, bundan sonra hansı ekoloji və humanitar bəlaların nazil olacağını təyin etmək çətin deyil”.