XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 23:37

“Avtoş” məmur oğlu haqqında yeni məlumatlar –4 dəfə həbs olunub

avtoxuliqan

Mayın 19-da, axşam saatlarında Bakı küçələrində nəqliyyat vasitələri və  piyadalara təhlükə yaradan sürücü ilə bağlı yeni məlumatlar var. Avtosfer.az bildirir ki, 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra süni tıxac yaradılaraq saxlanılan "KIA”nın sürücüsü Nicat Nurpaşa oğlu Abdullayev mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. 

Bu gün Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə həmin sürücü ilə DİN-in İnzibati Həbs Olununların Saxlanma Məntəqəsində görüşüb. Əvvəlcə əməlindən peşman olduğunu deyən sürücü «avtoxuliqanlıq xırda əməldir, içmişəm, yol polisi deyib saxla, saxlamamışam» deyərək, əməlinə normal yanaşıb: «Burada şişirdilməli heç nə yoxdur. Bunu şişirdəni tapacam. Mən oğurluq etməmişəm, cibə girməmişəm. Camaat 15 il «srok» yatır. Mən də sürmüşəm, tutublar, cəzamı da çəkirəm. Burada nə var ki?».

Azərbaycan Dillər Universitetinin 3-cü kürs tələbəsi olan Nicat Abdullayev həm də ailənin tək övladıdır. O, bir ay əvvəl də həbsdə olub. Bu dəfə isə qonşularla dava etdiyi üçün məhkəmə qarşısına çıxarılıb və 1 ay inzibati həbs cəzasına məhkum edilib. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Demək olar ki, hər ay Nicatın hərəkətləri ilə bağlı qonşulardan polisə şikayət daxil olur. O, evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dipçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Polisə daxil olan növbəti şikayətdə isə Nicat sahə müvəkkilinə müqavimət göstərib və buna görə də aprelin 8-də Nəsimi rayon Məhkəməsi ona bir aylıq həbs cəzası verib. Bundan əvvəl isə yanvarın 18-də də Nicat Abdullayevin 30 günlük inzibati həbsi olub.

Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olub. Bu dəfə də o, Xəzər rayon Məhkəməsi tərəfindən avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati həbs cəzası ilə cəzalandırılıb. 

Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisidir. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir.