XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 20:09

Ərdoğan hədələdi, Merkeldən cavab gəldi:Viza rejimi ilə bağlı danışıqlar bərpa olunur

Ankaranın hədə tonlu bəyanatlarına cavab özünü çox gözlətməyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla Türkiyə rəsmilərinin son günlər Avropa Birliyinə ünvanladığı ultimativ bəyanatlara Almaniya kansleri Angela Merkeldən cavab gəlib.

Merkel bildirib ki, Türkiyə vətəndaşları üçün Şengen ölkələrinə vizasız rejimin tətbiqi Avropa Birliyinin təqdim etdiyi 72 bəndlik razılaşmanın tam icrasından asılıdır.

Kansler deyib ki, bunlar yeni şərtlər deyil və Avropa Birliyi onları 2013-cü ilin dekabrından  təqdim edib: «Viza rejiminin aradan qalxması üçün razılaşmanın bütün bəndlərinə əməl edilməlidir».

NTV kanalı Türkiyə Prezident Administrasiyasına istinadən məlumat yayıb ki, Merkel və Ərdoğan Ankara ilə Brüssel arasında vizasız rejimin tətbiqi ilə bağlı danışıqları bərpa etmək barədə razılığa gəliblər. Tərəflər Ankaranın həssas yanaşdığı və qəbul etmədiyi şərtlə (antiterror qanunlarına dəyişiklik) bağlı müzakirələrə qərar veriblər.

Avropa Birliyi istəyir ki, Türkiyə öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltsın. Bu, qurumun irəli sürdüyü əsas şərtlərdən biridir. Ərdoğan isə hesab edir ki, məlum qanunlar ölkə daxilində kürd silahlılarına, xaricdə isə cıhadçı qruplara, o cümlədən İŞİD-ə qarşı mübarizə üçün önəmlidir.

Qeyd edək ki, mayın 11-də Avropa Birliyi Türkiyə vətəndaşlarının Şengen ölkələrinə vizasız gediş-gəlişiylə bağlı prosesi dayandırmışdı. Qurum bəyan etmişdi ki, Ankara miqrant sazişi ilə bağlı bütün şərtləri, eləcə də antiterror qanunlarına dəyişikliyi qəbul etməlidir.

Rəsmi Ankara da viza rejiminin aradan qalxmayacağı təqdirdə, Brüsseli qaçqınları Avropaya geri göndərəcəkləri ilə hədələmişdi.