XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 14:04

Talibanın yeni lideri kim ola bilər –Rusiyanı qorxudan Həqqanimi?

Taliban'ın yeni lideri Hakkani olabilir

Ötən həftəsonu öldürülən Taliban lideri Molla Mənsurdan sonra Əfqanıstanda yaranan vəziyyət həm regional, həm də dünya dövlətlərini xeyli narahat edir. Bunun başlıca səbəbi yeni liderin yerinə kimin keçəcəyi ehtimalı ilə bağlıdır.

Strateq.az xəbər verir ki, yeni liderin kimliyi barədə müzakirələrdə əsasən 2 nəfər ön plana çıxır: Talibanın ilk lideri Molla Ömərin oğlu Molla Yaqub və Siracəddin Həqqani.

Dünən Talibanın yeni liderini seçmək üçün keçirilən toplantı nəticəsiz başa çatsa da, Siracəddin Həqqaninin daha şanlı olduğu bildirilir. Bu isə Əfqanıstanda maraqları olan dövlətləri, xüsusilə Rusiyanı çox narahat edir. Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Qabulovun məsələylə bağlı fikirləri bunun ən bariz nümunəsidir. Molla Əxtar Mənsurun öldürülməsinin Əfqanıstanda qarşıdurmaların artmasına və sülh danışıqlarının çətinə düşməsinə səbəb olacağını deyən Qabulov onun yerinə Siracüddin Həqqaninin keçə biləcəyini bildirərək deyib: "Həqqani həddindən artıq radikaldır. Bu üzdən də Mənsurun yerinə keçməsi hər kəs üçün çox pis olacaq."

Rus rəsmisinin bu sözləri əsassız deyil. “Həqqanı” təşkilatı 1980-ci illərdə Sovet işğalına qarşı döyüşən komandir Cəlaləddin Həqqani tərəfindən qurulub. Sovet əsgərlərinə qarşı döyüşən qüvvələrə Amerikadan gələn fond və silahlarının paylanmasına nəzarət edən Pakistan hərbi kəşfiyyatı İŞİ-nin Həqqani qruplaşmasıyla arası yaxşı olub.

Əfqanıstanın Paktia bölgəsindəki cadran tayfasına mənsub olan Cəlaləddin Həqqani və döyüşçüləri Pakistanın Şimali Vəziristan bölgəsinə yerləşdirilib. Sovet əsgərlərinə qarşı hücumlarını bu bölgədən təşkil edən Həqqani işğal sona çatdıqdan sonra Talibanla yaxınlaşdı və 1990-cı illərdə onun qurduğu hökumətdə nazir oldu.

Müstəqil bir təşkilat olmasına baxmayaraq, Taliban ilə çox yaxın əlaqələri var. Təşkilatın Taliban sonrası ən əhəmiyyətli hücumları 2011 İyununda “Kabil Intercontinental” hotelini vurmaq, 2011 sentyabrında yenə paytaxtda ABŞ səfirliyinə edilən hücum və 2012-ci ildə eyni anda şəhərin bir neçə nöqtəsində terror hücumlarının təşkili bu qrupun adıyla bağlıdır. Bu hücumlar Əfqanıstandakı ABŞ və NATO-ya qarşı törədilən  ən böyük aksiyalar kimi qəbul olunur.

2001-ci ildə Taliban rejimi devrildi, amma o və oğulları, Talibanın qurucusu və lideri Molla Məhəmməd Ömərə bağlı qaldı. Həmin tarixdən bəri Haqqanilər ölkədəki Amerika gücləri ilə döyüşürlər. Cəlaləddin Həqqaninin ölümündən sonra qrupun başına onun 33 yaşındakı oğlu Siracəddin keçib.

Təşkilat lideri Siracəddin Həqqani bu yaxınlarda “Reuters” agentliyinə verdiyi açıqlamada "Bizim artıq Şimali Vəziristana ehtiyacımız yoxdur, Əfqanıstanda öhdəmizə düşən vəzifələr var"-demişdi.

Siracəddin Həqqani Talibanın rəhbərlik şurasında da yer alır.