XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 11:43

Emin Hüseynov Bakıda gizləndiyi səfirliyi tərk etdi

emin23

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynov 10 aydan çoxdur gizləndiyi İsveçrə səfirliyini tərk edib.

Virtualaz.org saytı xəbər verir ki, Emin Hüseynov bu gün səhər səfirliyin binasından çıxarılıb və İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçub. Didye Burkhalter Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək üçün iyunun 12-də Bakıya gəlib.

Didye Burkhalter İsveçrə Federal Xarici İşlər Departamentinin ATS agentliyinə verdiyi rəsmi məlumata əsasən Emin Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir.

Nazirliyin nümayəndəsi Jan-Mark Crevoiser bildirib ki, 35 yaşlı Emin Hüseynov hazırda Berndədir, İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddətinin başa çatmasından sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir. İsveçrə XİN rəsmisi Emin Hüseynovun hazırda KİV-lərə açıqlama vermək istəmədiyini bildirib. E.Hüseynov ötən ilin avqustunda hüquq-mühafizə orqanlarının RATİ-nin ofisində axtarış aparmaq qərarından sonra istintaqdan yayınıb və gizlənib. Bir neçə ay əvvəl İsveçrə telekanalının araşdırmasında deyilirdi ki, E.Hüseynov bir müddət Bakıda tanışlarından birinin mənzilində gizləndikdən sonra tanınmamaq üçün saçlarını boyayıb, xarici görkəmini dəyişib və özünü İsveçrə vətəndaşı kimi təqdim edərək bu ölkənin Bakıdakı səfirliyinə daxil olub.

E.Hüseynovu izləyən mülki geyimli polislər ondan şübhələnsələr də bir anlıq tərəddüd ediblər və RATİ rəhbəri son anda onların əlindən çıxaraq səfirliyin binasına daxil ola bilib. İsveçrə XİN bildirib ki, E.Hüseynova “humanitar əsaslarla” səfirlikdə sığınacaq verilib. Həmçinin məlum olub ki, E.Hüseynov uzun müddət ərzində böyük məbləğdə qrantlar aldığı ABŞ səfirliyinə də sığınacaq üçün müraciət edib, ancaq səfirlik ona sığınacaq verə bilməyəcəyini bildirib. Nəticədə E.Hüseynov İsveçrə səfirliyində gizlənib.