XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 03:31

Ramiz Mehdiyev çeçen liderlə görüşdü:"Biz bir yerdə olmalıyıq"

mehdiyev-cecen-2

Çeçenistanın paytaxtı Qroznıda keçirilən VII beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşüb.

Strateq.az xəbər verir ki, Çeçenistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Ramiz Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Ramzan Kadırova çatdıraraq, ona hədiyyə təqdim edib.

Ramiz Mehdiyev bildirib ki, Kadırov Çeçenistana başçılıq etdiyi 9 il ərzində çeçen xalqı üçün çox iş görüb: “Dağıdılmış Qroznı indi gözəl şəhərə çevrilərək, Rusiyanın ən yaxşı şəhərlərindən olub”.

Ramazan Kadırovu "atası Əhməd Kadırovun arzularını gerçəkləşdirən əsil çeçen oğlu" adlandıran Ramiz Mehdiyev deyib: “Siz əsil çeçen xalqının oğlusunuz. Siz çeçen xalqına xoşbəxt həyat bəxş etməyə, onların problemlərini və çətinliklərini aradan qaldırmağa müvəffəq oldunuz. Biz yaxın keçmişdə burada baş verənləri yaxşı xatırlayırıq. Siz təkcə çeçen xalqına deyil, eyni zamanda atanıza layiq oğulsunuz və onun arzularını həyata keçirirsiniz. Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır”.

Kadırov isə bu sözlərə görə Ramiz Mehdiyevə təşəkkür edərək xatırladıb ki, Azərbaycan hər iki hərbi kampaniya zamanı çeçen xalqına çox kömək edib: “Xatırlayırıq ki, o vaxt bütün çeçenləri quldur, terrorçu sayırdılar, nəinki qaçqınları qəbul edən yox idi, heç kim bizimlə əlaqə də qurmaq istəmirdi. Mən Hacı Əhmədin Heydər Əliyevlə görüşündə iştirak edirdim. O, çeçen xalqına çox yaxşı münasibət göstərdi, kömək etdi. Biz bunu heç vaxt unutmarıq”.

kadırov-1

Çeçenistan lideri həmçini söhbət zamanı qlobal problemlərin və xüsusən də təhlükəsizlik məsələlərinin birgə həlli üçün Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini də vurğulayıb: “Biz həmişə müttəfiq, bir yerdə olmuşuq. Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi vacib və lazımlı istiqamətdir. Mən əminəm ki, biz bir yerdə olmalıyıq, birlikdə xalqlarımızı və ölkələrimizi qorumalıyıq ki, düşmən heç ağlına bizimlə oyun oynamağı da gətirməsin".

Strateq.az