XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 18:43

«Savçenkonu qaytardığımız kimi, Krımı və Donbası da geri alacağıq!»- Poroşenko ukraynalı pilotu təltif etdi

«Savçenkonu geri qaytardığımız kimi, Krımı və Donbası da geri alacağıq».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko uzun müddətdir Rusiyada məhkum həyatı yaşayan və bu gün ölkəsinə geri qaytarılan ukraynalı pilot Nadejda Savçenkonu təltif edərkən deyib.

Poroşenko bildirib ki, Savçenko ilə birgə Ukraynaya qələbə ümidi də qayıdıb: «Bu məsələdə göstərdikləri fəallığa görə dünyada Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm. Dünya liderlərindən Almaniya kansleri Angela Merkelə, prezident Fransua Ollanda, prezident Barak Obamaya, Avropa Birliyinə üzv dövlətlərin rəhbərlərinə… Hamı, eləcə də Polşa, Litva, Britaniya, İspaniya, İtaliya Rusiyaya qarşı sanksiya qərarında həmrəy oldu. Uzaq Avstraliya və Yaponiyanın rəhbərləri də bəyan edirdilər ki, Nadejda Savçenko evinə qayıtmalıdır».

Poroşenko Savçenkonu «Ukrayna qəhrəmanının qızıl ulduzu» ordeni ilə təltif edib.

Ukraynaya xidmət etməyə hər zaman hazır olduğunu deyən Savçenko onu da bildirib ki, bütün girovların ölkəyə geri qayıtması üçün çalışmağa hazırdır: «Mən ilk növbədə ona çalışacam ki, sağ qalan girovlar ölkələrinə qayıtsınlar. Mümkün qədər az insan həyatını itirsin. Eləcə də Ukraynanın güclü dövlət olması üçün çalışacağıq". 

Xatırladaq ki, Savçenko Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib. 

O, Rusiyada 24 il müddətinə azadlıqdan məhrum edilmişdi.