XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 12:34

“Diplomsuz nümayəndələr məhkəməyə buraxılmamalıdır”-hüquqşunas rəyi

 

rafa1

“Hər bir sahənin öz peşəkarları var və cəmiyyətə effektli xidmət bu peşəkarlar sayəsində mümkün olur. Vəkillik, eyni zamanda hüquq müdafiəçisi, yaxud hüquqi nümayəndəlik də peşəkarlıq tələb edən bir sənətdir. Haqqını müdafiə etdiyin insanların taleyini mənfi yöndə dəyişdirməmək, onlara layiqincə xidmət göstərmək üçün bir çox qanunları əzbər bilməli, tarixi təcrübələrdən yararlanmalı və özün də ciddi sınaqlardan keçməlisən”.

        Strateq.az xəbər verir ki, bu sözləri hüquq elmləri üzrə fələsəfə doktoru Rafael Qasımov əməkdaşımızla söhbətində bildirib.

         Heç bir hüquqi savadı olmayan şəxslərin nümayəndə qismində məhkəmə proseslərində iştirak etdiyini xatırladan Rafael müəllim bununla da vətəndaşların hüquq və azadlıqlarının lazımi şəkildə qorunmadığından narahatdır. Hazırda məhkəmələrdə nümayəndə kimi iştirak edən müsahibimizin sözlərinə görə, qeyri – peşəkarlara bu imkanı iki amil yaradır: “Əvvəla, qanunvericilik istənilən şəxsin hüquq müdafiəçisi qismində məhkəmələrdə iştirakına imkan verir. İkincisi, Azərbaycan hüquq sistemində baş alıb gedən qeyri – obyektivlik, eyni zamanda rüşvət hallarının rəvacda olması təsadüfi adamların hüquqi nümayəndə qismində məhkəmə orqanlarında iştirakına şərait yaradır. Sirr deyil ki, bu gün məhkəmə qərarlarının əksəriyyətində vəkillik qabiliyyətindən daha çox, sövdələşmə bacarığı bir çox məsələləri həll edir. Beləcə, hakimlə təqsirləndirilən şəxs – cavabdeh və ya tam əksinə şikayətçi – iddiaçı arasında sövdələşmək üçün isə hüquqi savada ehtiyac qalmır. Buna görə də bəzi hakimlər adi bir bazar adamının belə bu mühitdə tam hüquq təhsili olan bir vəkil və ya nümayəndədən daha çox xeyir verə biləcəyini düşünərək, onların fəaliyyətinə göz yumur”.

Rafael Qasımovun fikrincə, bunun nəticəsidir ki, bu gün hüquqi nümayəndələr arasında dünənin dərziləri də yer alırlar: “Halbuki, onlar nəinki müdafiə etdikləri şəxslərin, hətta öz hüquqlarını belə bilmirlər. Odur ki, qanunların nümayəndə kimi istənilən şəxsə hüquq müdafiəsini təşkil etmək haqqı verməsi bir sıra dələduzların hüquq sistemində at oynatmasına yaşıl işıq yandırır”.

         Rafael Qasımov bu kimi neqativ halların qarşısını almaq üçün qanunverici orqanları müvafiq qanunları yenidən gözdən keçirməyə, hakimləri isə hüquqi savadı olmayan insanların nümayəndəlik etməsinə icazə verməməyə çağırır:  “Məhkəməyə iddia ərizəsi daxil olanda hakimlər, necə ki, bəzi sənədlərin (etibarnamə, MAPS arayışı, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz və s.) iddia ərizəsinə əlavə edilməsini tələb edirlər, eyni şəkildə nümayəndələrin hüquqi təhsillərinin olduğunu təsdiqləyən diplomlarıyla maraqlanmalıdırlar. Bu sənədlərin də iddia ərizəsinə daxil olunmasını tələb etməlidirlər”.

 

Heydər