XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 08:03

İqtisadçı ekspert:“Mədənlərdən trilyon dollar qazana bilərik”

 

elcin

“Mərkəzi Bank əlavə olaraq manat çap edib dövriyyəyə buraxsa, bu valyuta bazarına təzyiq göstərə bilər”.

Bunu Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib. Onun sözlərinə görə, “bu tədbirlər bankların həm kapitallaşmasına dəstək verəcək, həm də əlavə likvid vəsaitlərin cəlb olunmasına səbəb olacaq. Paralel olaraq bank sektoruna inam da artacaq”.

Bununla belə, Cavanşir Abdullayev Milli Bankın birdən-birə likvidliyi artıra bilməyəcəyinə inanır: “Bu proses tədricən, yəni ÜDM artdıqca baş verə bilər”.

Bunun üçün isə Dövlət Neft Fondunun aktivlərinin 5%-nin milli valyutaya yatırılmasını təklif edən Cavanşir Abdullayev həmin vəsaitin prioritet hesab olunan layihələrə yönəlməsini vacib sayır: “Manat likvidliyinin artırılmasının başqa bir yolu odur ki, hökumətdə hecinq fondu yaradılmalıdır. Bununla da banklar dollar vəsaitlərini manata çevirib real sektora yönəldə bilər”.

İrəli sürülən bu təkliflərə münasibətini bildirən müstəqil ekspert Elçin Qurbanov Strateq.az-a açıqlamasında deyib ki, manatın yeni kütləsinin tədavülə buraxılması onun yerli emissiyası effektini yarada bilər: “Ələlxüsus da valyuta və qızıl ehtiyatını nəzərə almadan yeni pul kütləsinin dövrüyyəyə buraxılması halında. Belə monetar kurs, zənnimcə, inflyasiya prossesini kəskin sürətləndirə bilər”.

Real sektora investisiya bazarının açılması fikrinə gəlincə, Elçin Qurbanov hesab edir ki, bu məsələdə dövlətin nəzərə almalı olduğu çox mətləblər var: “Əvvəla, Azərbaycanın dünya investisiya bazarına qapılarını açması üçün bank sistemində yaranmış iqtisadi və digər ənənəvi problemlər köklü şəkildə həllini tapmalıdır. İkincisi, investorların ən başlıca təhlükə hesab etdikləri məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalı, sabit qanunvericilik və siyasi stabilliyin davamlılığı təmin olunmalıdır”.

Ekspertə görə, bunun yolu qeyri-neft sektorunun inkişafından keçir: “Fikrimcə, bir çox iqtisadi islahatlar həyata keçirilməlidir. Azərbaycan təkcə “qara qızıl” ehtiyatı ilə dünya bazarında xammal istehsalçısı kimi çıxış edə bilməz. Qeyri-neft sektoru kimi, faydalı qazıntılar sahəsində də müəyyən islahatlar aparılmalıdır”.

Azərbaycanın qiymətli metal ehtiyatlarının hasilatı və yenidən işlənməsi məqsədilə xarici investorların cəlb edilməsi üçün müvafiq tədbirlər görüldüyünü deyən iqtisadçı bu sahəyə xüsusi diqqət ayrılmasının vacibliyinə inanır: “Hətta əvvəlcədən Azərbaycan tərəfin layihədəki payının 30 -50 faiz arasında razılaşdırılacağı barədə proqnozlar verilir. Daşkəsən ,Gədəbəy, Balakən, Filizçay, Qazax Şəkərbəy, Naxçıvan Ordubaq filiz rayonu ərazisindəki yataqların tərkibi əsasən, mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium habelə və qeyd edilməyən qızıl kimi qiymətli komponentlə zəngindir. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri mədənləri sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatlarının dağ mədən sənayesini 60 ildən artıq müddətə yüksək rentabellilik həddində təmin edə biləcəyi proqnozlaşdırılmışdır. Bu yataq 95 mln ton filiz ehtiyyatına malikdir. Daşkəsən dəmir filizi (Fe) qrupu yataqlarının sənaye ehtiyatı isə 250 mln. tondur”.

Ekspertin fikrincə, emal edilmiş misin dünya bazarında qiyməti neftdən təxminən 32-33 dəfə , aluminumun isə qiyməti təxminən 6,5 dəfə yüksəkdir: “Bu, əlvan metal filizlərə aiddir. Dəmir filizinin hasilatı isə ildə təxminən 150- 200 min ton arasında dəyişir”.

Dəmir filizindən nə qədər qazana biləcəyimiz məsələsinə gəldikdə isə ekspert hər hansı fikir söyləməkdə çətinlik çəkir: “Çünki, gömrük sənədləşdirilməsi ilə bazar qiyməti arasında ziddiyətli məqamlar var və belə olduğu üçün açıqlama vermək çətindir. Amma Naxçıvan MR-da boksit ( tərkibində 25 % yaxın alüminium metalı olan gil) filizi, Abşeronda və Daşkəsəndə alunit filizinin böyük yataqları var. Bu, o deməkdir ki, Azərbaycan faydalı qazıntı ehtiyatlarının işlənməsinin səmərəli təşkili nəticəsində gələcəkdə trilyon dollar vəsait əldə edə bilər ki, bunu da qeyri faydalı (qeyri neft və filiz) qazıntı sektorunun inkişafına yönəltmək mümkündür”.

Bununla belə, ölkəmizdə mədən vergisininin xeyli aşağı olduğuna diqqət çəkən ekspert  bu vergi dərəcələrini dəfələrlə artırmağın tərəfdarıdır. Neft qaz hasilatından 26-20% və bütün növ metal yataqlarından  3% mədən vergisi toplamağın ədalətli olmadığını deyən Elçin Qurbanov beynəlxalq təcrübələrdən yararlanmağı məsləhət görür: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri- filiz  faydalı qazıntılara tətbiq edilən mədən vergisinin dərəcəsi  vergi məcəlləsinə son dəyişikliklər zamanı bir neçə dəfə artırılsa da, bu artım filiz qazıntılarına tətbiq edilməmişdir. Halbuki, qeyri -filiz faydalıları yerli investorların (sahibkarların) istifadəsindədir. Amma filiz faydalıları demək olar ki, dövlətin təbii inhisarındadır.  Əgər nəzərə alsaq ki, digər faydalıların (filiz) işlənməsini də xarici investorlarla birgə həyata keçirəcəyik, onda dövlət büdcəsinə vergi daxilolmaları qismində birbaşa və ən operativ formasını təmin etmək üçün filiz faydalı qazıntılarının mədən vergisi dərəcəsinə yenidən baxmaq lazımdır. Mən bu məsələdə inkişaf etmiş Almaniyanın vergi qanunvericiliyini praktik əhəmiyyətli sənəd hesab edirəm. Almaniyanın vergi qanunvericiliyində mədən vergisinin dərəcəsi 14%-dən başlayır. Əlbəttə, vergi qanunvericiliyinə dəyişkliyin tez bir zamanda həyata keçirilməsi vacibdir. Ona görə ki, investisiya mühitinin təşviq edilməsində sabit qanunvericilik sistemi olmalıdır…”