XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 08:29

Cəmil Həsənlidən Rauf Arifoğluna sərt cavab: “Qarşımda tüpürməli üz varsa, pula niyə tüpürüm?”

cemil hesenli.jpg

Milli Şuranın sədri Cəmil Həsənli “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun onun haqqında yazdığı yazıya sərt cavab verib.

Strateq.az bildirir ki, C. Həsənli özünün sosial şəbəkədəki səhifəsində onun haqqında yazılanları böhtan adlandırıb.

Cəmil Həsənli yazıb: “”Yeni Müsavat”ın haqqımızda rəzalət və şantaj kampaniyası davam edir. “Analitik qrup”, “Siyasət şöbəsi”, “Xəbər xidməti” və sair anonim adlar altında aparılan şərləmə kampaniyası açıq müstəviyə keçmişdir. Son günlər baş redaktor Rauf Arifoğlu, baş redaktorun müavin qardaşı Azər Ayxanın qələmində Əliyev rejiminə xidmətin yeni nümunələri işıq üzü görmüşdür.

Mənzurumuz bu sayıqlamalara cavab vermək deyil. Bu yazını yazmaqda məqsədimiz bir daha xalqa, vicdanlı yanılanlara bildirməkdir ki, 2013-cü ilin prezident seçkiləri kampaniyası zamanı Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev hökumətin hansı missiyasını həyata keçirirdisə, bu gün Rauf Arifoğlu da başçılıq etdiyi “Yeni Müsavat” qəzeti ilə eyni missiyanı yerinə yetirir. Əminliklə bildirirəm ki, hazırda Rauf Arifoğlu ilə həmin keçmiş “namizəd”lərin arasında heç bir fərq qalmayıb. Təəssüfləndirici odur ki, bu şər, böhtan maşını müsavat adı ilə hərəkət edir və Müsavat partiyası isə hələ də bu adama imkan verir ki, rejimə çirkin xidmətini müsavat adı altında həyata keçirsin. Heç bir şübhəm yoxdur ki, hakimiyyətin əlaltısına çevrilmiş Rauf kimilərin bu cür çirkin məqsədlər üçün müsavat adından istifadəsi böyük Məhəmməd Əmin Rəsulzadənin adına və əməllərinə kölgə sala bilməz. Axı Müasir Müsavat partiyasının adında da müsavat sözü var. Həmin söz Hafiz Hacıyevi qoruya bilmədiyi kimi, Rauf Arifoğlunu da qoruya bilməyəcək. Nəticədə əxlaqdan, mənəviyyatdan, həqiqətdən tam uzaqlaşmış bu qəzet Azərbaycan cəmiyyətində layiq olduğu yeri tutmaqdadır. Natəmiz əməllər, hakimiyyətlə açıq və gizli işbirliyi “Yeni Müsavat”ı “Səs”, “Yeni Azərbaycan”, “Gündəlik Bakı” səviyyəsinə endirmişdir.

Siyasətə də, qələmin müqəddəs missiyasına da xəyanət öz layiqli cəzasını almalıdır. ölkəmizə, xalqımıza zülm edən bir qrup oğru və korrupsionerin hökumətinə yarınmaq üçün şəri, böhtanı, əxlaqsızlığı həyat amalına çevirmiş insanların maskası sona qədər yırtılmalıdır. Rejimin nökərlərini sona qədər ifşa və boykot etmədən rejimin özünə də qalib gəlmək çətindir. Əminliklə bildirirəm ki, heç bir rejim xidmətçisi ifşa olunmaqdan canını qurtarmayacaq, ağaları da onlara kömək edə bilməyəcək. çünki hər gün bir oğurluğu ifşa olunan rejimin özü sonunun başlandığı günləri yaşayır.

Rauf Arifoğlunun yazısında pula tüpürmək ifadəsinə gəldikdə, əgər qarşında tüpürüləsi üz varsa pula niyə tüpürməlisən?! Bəli, mən pul saymışam – çernobıl qəzası olanda, Şuşa mühasirədə qalanda, Təbrizdə, Vanda zəlzələ olanda imkanlarım daxilində yardım göstərməyə çalışdım. Azərbaycanın kommunist hakimiyyəti SSRİ-ni saxlayan referendum keçirəndə, “Gənclik” nəşriyyatında 40 min tirajla çap olunmuş əsərimin vəsaitindən 5 min manat ayırdım ki, Sovet İttifaqının saxlanmasının əleyhinə imzalar toplansın. Bəlli bir məbləğ ayırdım ki, vətənpərvər gənclərimiz fövqəladə vəziyyət şəraitində xaricdə qəzet nəşr edib Bakıya gətirsinlər, millətimizin varlığını saxlasınlar. Milli-mənəvi irsin nəşri və yayılması üçün maddi olaraq edə bildiyim bir şeyləri etdim. Kəlbəcər əhalisi qaçqın düşəndə 10 min tirajla “Azərnəşr”də çap olunmuş kitabımın qonorarını, 1 qəpiyinə də toxunmadan, tam həcmdə qaçqın vətəndaşlarımızın ehtiyacı üçün göndərdim. Təkcə bu pullara həmin vaxt Bakıda 4-5 ev almaq olardı. Halbuki, təqaüd yaşına çatdığımız indiki vaxtda Abşeronda 3 sotluq bir bağımız da yoxdur ki, istidə gedib kölgələnək.

Bax, yuxarıda dediyim millətimiz üçün xeyirli əməllərə bu pulları həqiqətən mən saymışam. Demədiklərim isə dediklərimdən dəfələrlə çoxdur. Sadəcə olaraq onları dilə gətirmək günahdır. Axı hacı Rauf həm də DİN adamıdır!

Bunlar bir vaxtlar Əbülfəz bəy haqqında etdikləri nalayiq hərəkətləri indi də bizim haqqımızda edirlər. 1999-cu ilin aprelində “Elçibəyin gizli görüşü. Eks-prezident Ramil Usubovla görüşüb. AXCP sədri daxili işlər naziri ilə nələrdən danışıb” başlıqları ilə böhtan yazanlar 2015-ci ilin iyununda Cəmil Həsənlinin hakimiyyətin hansısa mübhəm qanadı ilə “gizli görüşlərindən” yazırlar. Eyni dəsti-xətt, eyni üslub, eyni yaramazlıq. Bir dəfə Əbülfəz bəy haqlı olaraq dedi ki, bu adamdan hər şey gözləmək olar, bu adam “yolun daşıyla yolun quşunu vuran adamdır”.