XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 20:04

“Türk düşmənləri hədəflərinə çatdılar”-Elçin Qurbanov

elcin

“Sözsüz ki, qondarma "soyqırım"ın tanınmasını erməni lobbisinin  aktiv fəaliyyəti kimi də qiymətləndirmək olar. Amma bu, əsas səbəb də  deyil. Son zamanlar qardaş Türkiyənin  dünyanın hər tərəfinə atdığı daşlar, həm Suriya problemi ilə bağlı , həm də Türk- İslam birliyi çağırışları bir çox dövlətlərdə və beynəlxalq təşkilatlarda ciddi qıcıq yaratmaqdadır”.

Strateq.az xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanov Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanımasını şərh edərkən belə deyib.

“Erməni soyqırımı” qərarını Türkiyənin bu günkü siyasi planına dünya güclərinin reaksiyası kimi qiymətləndirən ekspertin fikrincə, Ankaranın müstəqil addımları Qərbi o dərəcədə qıcıqlandırıb ki, hətta 1952-ci ildən bəri üzvü olduğu NATO-dan kənarlaşdırılması barədə təhdidlərlə qarşılaşır:

“Xüsusilə, ABŞ siyasilərinin çağırışlarında bu təhdid getdikcə daha aydın şəkildə yer almaqdadır. Türkiyəyə qarşı bu ortaq mövqe həmçinin məlum qərara NATO-nun loyal münasibətində də özünü göstərdi. Hətta alyansın baş katibi  Yens Stoltenberq  Türkiyəni hələ də dövlətçilik ənənələrinə sahib ola bilməyən işğalçı Ermənistanla  münasibətləri qısa müddətdə normallaşdırmağa çağırdı. Stoltenberqin çıxışına diqqət yetirsək, görərik ki, onun qondarma soyqırım qərarına münasibəti Bundestaqda qoyulduğu kimi şərh edilir. Baş verən hadisələri hələ 1995-2005 ildə soyqırımı qəbul edən  Rusiya da bayram ovqatı ilə qarşıladı”.

Hakim AKP-nin ölkənin konstitusiya quruluşunun dəyişdirilməsi iddiası və teokratik siyasi mövqeyinin demokratik Avropa tərəfindən kəskin qıcıqla qarşılandığını düşünən Elçin Qurbanov türk düşmənlərinin hədəflərindən birinə çatdığını düşünür: “Erməni lobbisi “4 T”  proqramı üzrə tələblərindən birini (soyqırımın dünyada tanınması) demək olar ki, həyata keçirmək üzrədir. Nəzərə alsaq ki, ABŞ-ın 41 ştatında da qondarma soyqırım qəbul olunur və konqresdə bu məsələ ilə bağlı bir neçə layihə də var, bu çirkin məqsədə çatmağın mümkünlüyünü güman edən türk düşmənləri yeni hücumlara başlaya bilərlər”.

Ekspertin sözlərinə görə, həddindən artıq böyük yükü çiyinlərinə alan rəsmi Ankara təklənə bilər və bu gün hər birimiz qardaş ölkənin bu vəziyyətə düşməməsi üçün əlimizdən gələni etməliyik:“Təqdirəlayiq haldır ki, Azərbaycan beynəlxalq münasibətlər müstəvisində nüfuzundan istifadə etməklə problemlərin neytrallaşdırılmasına cəhd edir. Amma bunun nəticə etibarilə nə dərəcədə effektli olacağı böyük maraq doğurur”.

Elçin Qurbanov Türkiyənin Almaniyadakı səfirini geri çağırmasını diplomatik reaksiya baxımından doğru addım hesab etsə də, yenə səbrli siyasət yürütməyin vacibliyinə inanır:“Rəsmi Ankara diplomatik əlaqələrə belə asanlıqla son qoymaqda çox tələsməməlidir. Almaniyada 3 milyondan artıq türk var. Əlbəttə ki, bu çox ciddi saydır. Hesab etmirəm ki, tanınmış qondarma soyqırım aktının siyasi nəticələri alman xalqınının və şəxsən kanslerin ürəyincədir. Çünki Almaniya özünün həqiqi tarixi düşmənlərini yaxşı tanıyır. Bu hadisələr bir daha dünyada ideoloji mütəşəkkilliyin mövcudluğunu əyani şəkildə ortaya qoydu. Bu əslində bir ibrət idi"