XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 00:50

Almaniya elmi 150 il Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayib –Tədqiqatçı cavab istəyir

nuride-1

1865-ci ildən – Gədəbəydə Siemens qardaşlarının Misəritmə zavodunun fəaliyyəti ilə Dağlıq Qarabağın sistemli şəkildə erməniləşdirilməsi siyasətinə başlanıb. Siemens qardaşları bu işi Almaniya elmində görkəmli yer tutan, hətta Bundestaqın və Berlin Parlamentinin millət vəkili olan məşhur siyasətçi, həkim və antropoloq Rudolf Virxovun birbaşa başçılığı, maliyyəsi və göstərişi ilə həyata keçiriblər.

Bu fikirləri Strateq.az-a açıqlamasında hazırda Almaniyada – paytaxt Berlində yaşayan azərbaycanlı tədqiqatçı Nuridə Atəşi bildirib.

Nuridə xanımın dediyinə görə, Siemens fabrikinin əməkdaşları, yerli almanəsilli kolonistlər, Almaniyadan göndərilmiş xüsusi kolleksionerlər Azərbaycanın yüzlərlə tarixi qəbir abidələrini talan edərək, qanuni və qanunsuz şəkildə minlərlə maddi mədəniyyət nümunələrini buradan Almaniyaya daşıtdırıblar. Alman alimləri isə bu materiallar əsasında 150 il boyunca Qarabağın xristianlıqdan öncəki tarixini mütəşəkkil şəkildə erməniləşdirərərk, qəbir abidələrini "qədim erməni xalqına", Azərbaycanın əzəli torpaqlarını "Böyük Ermənistana", "Erməni yaylasına", hətta alban kilsələrini də qədim "erməni kilsələrinə" məxsus olaraq tədqiq ediblər: "Almaniyanın məşhur elmi jurnallarında, universitet, muzey kataloqlarında yüzlərlə elmi nəşrlərdə bunlar uzun illər boyu geniş ənənə halını alaraq davam etdirilib".

Tədqiqatçı xanımın sözlərinə görə, Berlində fəaliyyət göstərən Qafqaz Tədqiqatları İnstitutu Almaniyanın muzeylərində fond və arxivlərində uzunmüddətli gərgin tədqiqatlar apararaq 150 il boyunca Qarabağın almanlar tərəfindən qüsurlu yazılmış tarixini üzə çıxarıblar. Onlar aşkar ediblər ki, Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyətinə aid bir çox yeni kolleksiyalar, arxiv materialları Berlinə qeyri-qanuni gətirilib və bu günə qədər də obyektiv tədqiq edilməyib.

Tədqiqatçı Nuridə Atəşi bilərəkdən və bilməyərəkdən yazılmış bu nöqsanlı tarixşünaslığın Dağlıq Qarabağ probleminin həllində də böyük rol oynadığını və beynəlxalq elmi mühitdə bir çox zərərli nəticələrə gətirib çıxardığını vurğulayır, alman elmindən bu barədə cavab istəyir.

"İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməlidir və bu səhvlər düzəldilməlidir"– deyən tədqiqatçı Almaniyanın dövlət rəhbərliyinə müraciət də hazırlayıb. Müraciətdə Azərbaycana məxsus maddi mədəniyyət nümunələrinin Azərbaycana geri qaytarılmas tələbi qoyulmasa da, onların alman alimləri ilə birlikdə təkrar tədqiq edilməsi, Xocalı-Gədəbəy mədəniyyətinin obyektiv tədqiqatının aparılması və materialların yenidən kataloqlaşdırılması, qüsurlu elmi nəşrlərin elmi dövriyyədən çıxarılması tələbi qoyulub.