XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 June 2015 - 05:57

Neft Kəmərləri İdarəsinin sabiq sədri biznesmenə necə çevrilib?
Sabah Ali Məhkəmədə Neft Kəmərləri İdarəsinin (NKİ) sabiq rəisi Rizvan Vahabovla 7 vətəndaşın – Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun məhkəmə çəkişməsinə nöqtə qoyulacaq. Tərəflər arasında məhkəmə çəkişməsinin mahiyyəti bundan ibarətdir ki, 2011-ci ildə 7 vətəndaş Murtuza Muxtarov küçəsi 145 ünvanındakı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Sonradan onlar Rizvan Vahabovun qanunsuz iddiaları ilə rastlaşıblar.
Redaksiyamıza müraciət edən vətəndaşlar R.Vahabovla bağlı olan və ona yönəlik çox ilginc ittihamlar yer alan materiallar da təqdim ediblər. ötən sayımızda NKİ rəisi olaraq R.Vahabovun Azərbaycan benzinini Ermənistana göndərməsinin bəzi təfərrüatlarını təqdim etmişdik. Şikayətçilərin redaksiyamıza təqdim etdikləri materiallar sırasında R.Vahabovla eks-spiker Rəsul Quliyevin əlaqələrindən bəhs edən materiallar da var. Maraqlıdır ki, R.Vahabov “Yeni Müsavat”da dərc olunan yazılara digər saytlar üzərindən qeyri-obyektiv münasibət bildirməyə üstünlük verib…
Şikayətçilərin ümidi ölkə prezidentinədir
Şikayətçilər isə keçmiş məmurun onlara qarşı qanunsuzluqlarının nəhayət ki, son veriləcəyi ümidi ilə prezident İlham Əliyevə, Ali Məhkəməsini sədri Ramiz Rzayevə, Milli Məclisinin sədri Oqtay Əsədova, baş prokuror Zakir Qaralova, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, ombudsman Elmira Süleymanovaya müraciət ediblər. Həmin müraciəti ixtisarla təqdim edirik:
“Hörmətli cənab prezident!
Bildirmək istəyirik ki, biz M.Muxtarov 145 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış sahəsi almışıq. Bir müddət keçdikdən sonra bizi məhkəməyə dəvət etdilər ki, bura mübahisəlidir və qeyri-qanuni olaraq bizim sahələrə həbs qoyaraq əmlakımızdan məhrum etdilər. Ancaq bura aidiyyəti olmayan başqa bir adama fəaliyyət göstərməyə icazə veriblər. Araşdırma vaxtı məlum olub ki, iddianı Qoloveşkina Anna adlı bir qadın qaldırıb və bütün bunların arxasında pullarının sayı bilinməyən keçmiş məmur Rizvan Vahabov durur. Araşdırmalar vaxtı məlum olur ki, həmin sabiq məmurun külli miqdarda pulu, obyektləri, çoxlu evləri var. Daha sonra keçmiş məmurun təsiri ilə müqavilələri araşdırmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərirlər. Qeyd etmək istəyirik ki, bizə məxsus əmlakların hamısının Dövlət Reyestr İdarəsindən çıxarışı var. Ancaq onlara məxsus heç bir sənəd yoxdur. Araşdırma zamanı məlum olmuşdur ki, A.Qoloveşkinanın adına olan müqavilələr, həmçinin kassa mədaxil orderləri saxtadır. Bu qadın tərəfindən “VOLBAK” MMC-yə bir qəpik belə pul ödənilməyib.
Cənab prezident!
Sizin “Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımların atılması ilə bağlı” mayın 27-də “Buta” Sarayında Respublika günü münasibətilə rəsmi qəbulda çıxışınız bizi sevindirdi.
“Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz.

“Sabiq NKİ sədrindən ölkə prezidentinə şikayət olundu

Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanım pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
Respublikamızın belə inkişaf etdiyi bir vaxtda bizim məhkəmə-hüquq sisteminin fəaliyyətinə utanmazcasına müdaxilə edərək Azərbaycan vətəndaşlarına şər ataraq dövlət tərəfindən verilmiş çıxarışlar ola-ola bu çıxarışları ləğv elətdirmək istəyən və hansı ki, bəzi hakimlərin qeyri-ciddi mövqeyindən istifadə edərək bunlara nail olmaq istəyənlərə yardım edilir. Bütün bu işləri keçmiş dövlət məmuru olmuş Rizvan Vahabov məhkəmələrə təsir etməklə hər yerdə deyir ki, “Ali Məhkəmə mənim üçün heç bir şeydir” və bunu da onunla əsaslandırır ki, əvvəlki məhkəməni də onun təsiri ilə bizim əleyhimizə qərar çıxarıblar. Rizvan Vahabov keçmiş əlaqələrindən və külli miqdarda olan pullarına arxalanaraq deyir ki, siz heç bir məhkəməni uda bilməzsiniz.
O, bu əməllərini həyata keçirmək üçün hətta ədliyyə nazirinin müavini Azər müəllimin adından istifadə edir, deyir ki, o, mənim dostumdur və məhkəmələrə nəzarəti həyata keçirir. Ona görə də onun tapşırığından heç kəs çıxa bilməz. çünki mən də onun bəzi tapşırıqlarını yerinə yetirirəm. Bundan başqa, o, Ali Məhkəmənin bəzi işçilərinin də adını hallandırır ki, burada da onun havadarları var. Bu da bir daha R.Vahabovun Ali Məhkəməyə və hakimlərə qarşı haqsızlığıdır. Hətta hörmətli prezidentimizin tapşırıqlarından sonra Rizvan Vahabovun və onun kimilərin bu cür müdaxilələri niyə aradan qaldırılmır? Ancaq bu gün Rizvan Vahabov və onun adamları bizə bildirirlər ki, bu dəfə də Ali Məhkəmədə sizə qarşı tədbir görüləcək və məhkəmə baş tutmamış qələbələrini qeyd edirlər”.
Şikayətçilər yazır ki, R.Vahabov əllərində dövlət tərəfindən verilmiş çıxarışların olmasına baxmayaraq, saxta sənədlərlə onları hədələyir: “Rizvan Vahabov ailəmizi ac qoyacağını deyərək bizi hədələyir. Amma bizlər konstitusiyanın 29-cu maddəsinə – mülkiyyət hüququmuza əsaslanıb, prezidentimizə arxayınıq”.
Vahabovun gizlətmək istədiyi əmlakları MSK üzə çıxarıb
Şikayətçilərin redaksiyamıza təqdim etdiyi materiallar sırasında R.Vahabovun 2010-cu ildə parlament seçkilərinə qatılmasından sonra ortaya çıxan və Mərkəzi Seçki Komissiyasının (MSK) protokolu ilə təsdiqlənən gizli əmlakları haqda məlumat da yer alıb.
Deputatlığa namizədli
yi öz təşəbbüsü ilə 110 saylı Zaqatala seçki dairəsindən irəli sürmüş R.Vahabovun namizədliyi qeydə alınmayıb. Bundan sonra Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirib və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş edib.
Araşdırma nəticəsində müəyyən edilib ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlib.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 130-u etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
İşçi qrupunun üzə çıxardığı ən maraqlı məqam isə namizədin qeydə alınması üçün imza vərəqələri ilə birlikdə gəlirlərinin miqdarı və mənbəyi haqda, əmlak barəsində məlumatlar və ilkin maliyyə hesabatının təqdim edilməməsi olub. MSK-nın sorğusuna əsasən daşınmaz əmlakın dövlət reyestrinin bazasında R.Vahabovun mülkiyyətində Bakı şəhərində mənzilin və Sahil qəsəbəsində torpaq sahəsinin qeydiyyata alınması müəyyən edilib. O dövrdə bu məqamlara istinad edən MSK R.Vahabovun namizədliyini qeydə almayıb.
Şikayətçilər deyirlər ki, necə olur ki, dünən yanacaq komitəsinin, sonradan Neft Kəmərləri İdarəsinin sədri olan biri tez bir zamanda biznesmenə çevrilir? Əgər o, ilkin kapitalını qanuni qazanmışdısa, niyə parlament seçkiləri dövründə əmlaklarının varlığını gizlədirdi?
Yada salaq ki, “Yeni Müsavat”a müraciət edən vətəndaşlar 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar.
Az sonra isə R.Vahabov qayınanası A.Qoloveşkina vasitəsilə vətəndaşların qanuna uyğun şəkildə əldə etdikləri əmlakları onlardan almağa çalışıb. Vətəndaşlar həmin əmlakları qanuni şəkildə əldə etmələrini təsdiqləyən çıxarışları da redaksiyamıza təqdim ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı məlum olub ki. R.Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. 4 il davam edən məhkəmə çəkişmələrindən sonra iş növbəti dəfə Ali Məhkəməyə göndərilib. Vətəndaşlar inanırlar ki, bu məhkəmə instansiyasında nəhayət ki, ədalətli qərar veriləcək. Bununla da R.Vahabovun bir qanunsuzluğunun qarşısı alınmış olacaq…
Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
E.Məmmədəliyev
“Yeni Müsavat”