XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 08:22

“Bakının “ağ ciyərləri” kəsilir,yerində göydələnlər tikilir”

 

“Dövlət layihələri ictimai və ümumxalq maraqlara köklənən konsepsual görəvlərdir, birinin həyata keçirilməsi digər maraqları və cəmiyyətin zəruri tələblərini sıradan çıxarmamalıdır. Çox təəssüf ki, son iyirmi ildə bir çox sahələrdə olduğu kimi, tikinti sektorunda da bu normalar gözlənilmir”.

Strateq.az xəbər verir ki, bunu müstəqil ekspert Elçin Qurbanov yaşıllıqların sıradan çıxarılaraq yerində çoxmərtəbəli binaların tikilməsini şərh edərkən deyib.

Ekspertin fikrincə, bunun günahını yalnız sahibkarların hərisliyində axtarmaq da doğru deyil:

“Hər bir sahəyə dövlət nəzarətini həyata keçirən orqanlar var. Bu orqanlar sahibkarların istəkləriylə dövlətin maraqlarını tənzimləməli, qanunların icrasına çalışmalıdırlar”. Hündürmərtəbəli binalar inşa edilərkən yalnız iqtisadi maraqları göz önündə tutmağın səhv olduğunu düşünən Elçin Qurbanov xüsusilə paytaxtda bir sıra nüansların gözlənilməlisinin vacibliyini vurğulayır:

“Bilirsiniz ki, paytaxt şəhərlər adətən bir ölkənin siması kimi qəbul edilir. Əcnəbilər paytaxtlara baxıb ölkənin mahiyyətinə qiymət verirlər. Nə yazıq ki, Bakıda tikintilərin necə gəldi aparılması onun arxekturasında nizamsızlığın ortaya çıxmasına şərait yaradır. Bəzən tarixi binaların ətrafında tikilən göydələnlər şəhərin vizual görüntüsünü pozur. Bir çox hallarda bu binalarım memarlıq baxımından bir-birini kobud şəkildə “yamsılaması” şəhərin görkəminə xələl gətirir”.

Yeni tikililəri təkcə arxitekturoloji deyil, həm də sakinlərin səhhəti və Bakının ekoloji durumu baxımından da qüsurlu hesab edən ekspertə görə, sovet hökuməti dövründə neft istehsalının yarada biləcəyi problemləri aradan qaldırmaq üçün paytaxtda geniş meşə zolaqları salınırdı:

elcin“Çünk neft istehsalı istər-istəməz radioaktivlik səviyyəsini yüksəldirdi. Bunun yarada biləcəyi fəsadları aradan qaldırmaq üçün şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılır, bir növ Bakının “ağ ciyərləri” əmələ gətirilirdi. İndi isə həmin “ağ ciyərlər” kəsilir, yerində az qala bir-birinə bitişik göydələnlər inşa edilir. Bunun isə insan sağlamlığına mənfi təsirləri var. İsti yay günlərində havanın ağırlığı, radioaktivliyin səviyyəsinin artması günü –gündən səhhəti korlanan insanların həyatında özünü göstərir. Göydələnlərin biri- birinə yaxın inşa edilməsi günəş işığının torpaq səthinə düşməsini məhdudlaşdırdığı üçün ərazinin flora-faunasını tamamilə sıradan çıxarır. Bir müddətdən sonra rütubət və bu mühitdə inkişaf edən xəstəliklər, müxtəlif göbələklər insanların sağlamlığına susayır. Digər tərəfdən, günəş işığının həyətlərə düşməməsi, ağ ciyər xərcənginin kütləvi yayılmasına şərait yaradır, əhalinin sıxlığı insani dəyərləri də köklü şəkildə məhv edir”.

Ekoloji sarsıntı yaşayan Bakının həyət və küçələrindəki yaşıllıqların hündürmərtəbəli binalara qurban veriliməsini qınayan Qurbanov dəfələrlə uşaq bağçalarının bu məqsədlə yerlə yeksan edildiyinin şahidi olduğunu deyərək, əlaqədar qurumlara bu sualları ünvanlayır:

“Görəsən, dünyada bizdən başqa oturduğu budağı baltalayan ikinci xalq varmı? Körpələrin haqqını tapdalayanlardan daha zalım kim ola bilər? Bir-birinin içərisində inşa edilmiş, nə texniki, nə hüquqi , nə də arxitekturoloji normalara uymayan göydələnlər bu xalqa nə qazandıracaq?”

Elçin Qurbanov Bakının ekoloji probleminin yalnız göydələnlərin inşasıyla məhdudlaşmadığı, bir sıra parkların təbii yaşıl örtüklərinin deklorativ və süni bitkilərlə əvəz olunmasının da ciddi problemlərə yol açdığını bildirir:

“Təbii yaşıllıqları süni ot və dekorativ ağaclarla əvəz etməyin heç bir faydası yoxdur. Bakının içərisində yaradılan sıxlıq, infrastrukturların çatışmazlığı bu şəhəri tərk etməkdən başqa heç bir çıxış yolu qoymur. Elə bir vəziyyətə gedib çıxa bilərik ki, dağıtdıqlarımızı bərpa etmək bir daha mümkün olmaz. Unudulmamalıdır ki, sağlamlıq hər kəs üçün əvəzolunmaz nemətdir. Onu korporativ maraqlara qurban vermək üçün gərək öncə əqli sağlamlıqdan məhrum olasan”.