XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 12:20

“Hyatt Regency” otelindən nazirə ŞİKAYƏT

Tanınmış vəkil Aslan İsmayılov mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə müraciət edib.


Strateq.az xəbər verir ki, hüquqşünas nazirə idman etdiyi zalda yalnız əcnəbi dildə danışılmasından, məlumat lövhələrinin ingiliscə yazılmasından gileylənib:

“Təxminən 2006-cı ildən “Hyatt Regency” mehmanxanasının “Oazis” idman zalında idmanla məşğul oluram. İdman kompleksinə gəldiyim ilk günlərdən işçi personalının ancaq rus və ya ingilis dillərində danışdıqlarını, zalda olan bütün məlumat lövhələrinin ingilis dilində olduğunu gördüm. Azərbaycan dilinə olan bu hörmətsizlik barədə Baş nazir Artur Rəsizadəyə məktub ünvanladıqdan sonra bu problem həll olundu. Bundan sonra zalda baş verən, qısaca desəm, tərbiyəsizlik, mədəniyyətsizlik barədə dəfələrlə otel rəhbərliyinə iradlarımı bildirsəm də, müraciətlərim cavabsız qaldı. İdman zalının SPA otağında, insanların saunadan sonra klassik musiqiyə qulaq asmalı olduqları məkanda baş verənlər isə ora gələn xaricilərdə azərbaycanlılar haqqında çox mənfi fikir formalaşdırırdı. Əvvəllər yüksək dövlət vəzifələrini tutmuş bir qrup şəxslərin, səhər saat 9-dan spirtli içki qəbul edərək apardıqları söhbətləri (özləri rüşvət çirkabında ad qazansalar da, ölkədəki korrupsiyadan qışqıra-qışqıra danışmaları, əxlaqa sığmayan dedi-qoduları) isə heç bir əndazəyə sığmırdı. Ayıb bildiyimdən, orada baş verən bəzi halları isə sadəcə bu məktubda təsvir edə bilmirəm. Bu barədə və idman zalındakı natəmizliklər barədə otel rəhbərliyinə dəfələrlə şikayətlərimi bildirsəm də, heç bir dəyişiklik olmadı, çünki mədəniyyətdən uzaq olan həmin müştərilər xidmət edən personala hər gün 3-5 manat verməklə özlərini otelin sahibi yox, mütləq hökmdarları kimi aparırdılar”.

Vəkil daha sonra bildirir ki, 19 avqust 2014-cü il tarixdə idman zalının su hovuzunda insan nəcisinin aşkar edilməsi onun səbrini tükəndirib və o, məhkəməyə müraciət etməli olub:

” Səhiyyə Nazirliyinin Sanitar-Epidemoloji Stansiyasının həmin idman zalının hovuzunda həqiqətən insan nəcisinin aşkar edilməsi barədə tərtib etdiyi akt və inzibati xəta protokolu əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiam qismən təmin edildi və otel rəhbərliyinə bir sıra vəzifələrin icrası həvalə olundu. Otel rəhbərliyi öz nöqsanlarını düzəltmək əvəzinə 15 iyun 2015-ci il tarixdən məni qanunsuz olaraq idman zalına buraxmamaq haqqında qərar qəbul etdi. Bu qərar məni aşağılayıcı formada həyata keçirildi. Belə ki, heç bir qaydaları pozmadığım halda idman zalına gələrkən həmin 3-5 manat alan personal mənim zala keçməyimin qadağan olunduğunu bildirdilər. Təkidli tələblərim əsasında, bu gün aldığım məktubda göstərilir: “Sizinlə Armaiti Spa & Fitness klubu arasında olan üzvlük müqaviləsi 15 iyun 2015-ci il tarixdə bitmişdir. Tərəfinizdən 16 iyun 2015-ci il tarixdə Armaiti Spa Fitness klubuna yenidən üzv olmanız üçün ərizə ilə müraciət olunmuş, eyni zamanda Armaiti Spa Fitness – Məlumat anketi tərəfinizdən imzanızla təsdiq olunmuşdur… Yuxarıda qeyd edilənlərə əsasən bildirmək istəyirik ki, Armaiti Spa Fitness klubu Sizinlə yenidən müqavilə bağlamaqdan imtina edir.

Məktubu “Baku Hotel Company” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş meneceri Puneet Tandon imzalayıb. Nəzərinizə çatdırıram ki, 15 iyun 2015-ci il tarixdə səhər saat 9-da idman zalına gələrkən həmişə olduğu kimi 3 aylıq ödəməni, yəni 500 manat təqdim etmişəm. Bu zaman mənə bildirilib ki, yeni qaydalar var və buna əsasən müqaviləyə qol çəkmək lazımdır. Heç bir əhəmiyyət vermədən həmin blanka imza atıb pulu ödəmişəm. Mənə bildirilib ki, bu gün iş günü olmadığından sabah ödəmə haqqında qəbz sizə təqdim ediləcək. İdmanımı yekunlaşdırıb evə getmişəm. Bu gün gələndə isə bildirilib ki, sizin idman zalına buraxılmanız qadağan olunub, pulunuz isə kassadadır sonra gəlib götürə bilərsiniz. Hörmətli cənab Nazir, bu qərarın hansısa Puneet Tandon tərəfindən qəbul olunmasına inanan sadəlövh bir insan deyiləm. Bu qərarın şirkətin Azərbaycanda olan gözəgörünməz sahibi tərəfindən qəbul edildiyinə də şübhəm yoxdur. Ona görə də Sizdən xahiş edirəm ki, bu özbaşınalığın, müştəbehliyin, qanunsuzluğun qarşısının alınması üçün səlahiyyətləriniz çərçivəsində müvafiq təcili tədbirlərin görülməsinə dair göstəriş verəsiniz.”