XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 14:02

Ermənistana keçən qadın Azərbaycana qaytarıldı –BQXK açıqladı

qetib-gedeb

Ermənistana keçən qadın Azərbaycan tərəfə qaytarılıb.

Gədəbəy sakini Qətibə Ələkbərova bu gün Azərbaycan tərəfə təhvil verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də Azərbaycan vətəndaşının repatriasiya olunması haqqında məlumat yayıb.

Nümayəndəlikdən APA-ya verilən məlumatda deyilir ki, iyunun 7-də sərhədi keçən mülki Azərbaycan vətəndaşı bu gün, BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.

O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib. 

BQXK neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 7-də Ermənistana keçib.

Araşdırma nəticəsində onun Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyənləşib.