XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 11:46

Ağ Ev:"İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır"

Ağ Ev Administrasiyası Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyası 330 mindən çox səs toplayıb. Bu isə Obama Administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çoxdur.

AVCİYA-nın prezidenti Elxan Süleymanov bildirib ki, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib: “Bu mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkanı yaratmır. Ağ Ev öz cavabında Sərsəngin hazırki vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ Administrasiyasının Ermənistan ritorikasına qoşulmamasını yüksək qiymətləndiririk. Ağ Evin cavabına əsasən, Azərbaycanla Ermənistan arasında hərtərəfli həll yolu Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən ibarət olmalıdır. ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə forması təqdirəlayiqdir. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. ABŞ da beynəlxalq qətnamələrə hörmət etdiyindən Obama Administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.

Elxan Süleymanov bildirib ki, Ağ Ev petisiyanın əsas məsələsindən yayınsa da, o xüsusi əhəmiyyətə maluikdir. Ermənistanın təcavüzkar olması, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmaz olması faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında qalıb. İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu sayta daxil olur. Bütün bu insanlar indi ölkəmizə qarşı törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir. Bu, Azərbaycanın informasiya mübarizəsində qələbəsidir.