XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 19:41

“Bəs Prezident İlham Əliyev 1 milyon 200 min qaçqının, köçkünün öhdəsindən necə gəlir?” –Əli Həsənovdan DB-yə çətin sual

Eli-Hesenov-Dunya-Banki

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 13-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və Azərbaycan üzrə ofisinin rəhbəri xanım Larisa Leşşenko ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Dövlətqaçqınkomun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bildirilib ki, eks-prezident  Heydər Əliyevin vaxtından başlayaraq Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı indiyə kimi 4 kredit sazişi imzalanıb. Həmin sazişlərdə müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi kimi komponentlər nəzərdə tutulub. Artıq növbəti layihədə daha yeni komponentlər olacaq.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını, həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.

Görüşdə Əli Həsənov deyib: “Bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Bu gün Azərbaycan dünyada qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanınır və qəbul olunur.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əlaqələr son illər yeni mərhələyə qədəm qoyub, həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir və dünyanın maliyyə institutları içərisində ən şəffafı məhz elə Dünya Bankıdır”.

Diqqətə çatdırılıb ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilib və bu işlər hazırda davam etdirilir. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir. Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi köçkünlərin həyat şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Baş nazirin müavini, həmçinin bildirib: “Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki beynəlxalq təşkilatların fəaliyyəti üçün tam şəffaf şərait yaradılıb. Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün yaratdığı şərait bütün dünya üçün nümunədir. Ümumilikdə 550 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 800 min qaçqın gəlib. Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs Prezident İlham Əliyev 10 milyona yaxın əhalisi olan Azərbaycanda 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən necə gəlir?! Bu gün baxın görün Avropada insan hüquqları ilə bağlı nələr baş verir. Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, Azərbaycan dövlətinin bu sahədə çox böyük təcrübəsi var və Avropa ölkələri də bu təcrübədən istifadə edə bilərlər”.

Görüşdə qonağın diqqətinə çatdırılıb ki, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymur, ərazilərimizi işğal altında saxlamaqda davam edir. Bununla yanaşı, Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulur. Bunun nəticəsində məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəyib, evlər dağıdılıb, hərbiçilər və mülki sakinlər həlak olublar.

Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Mersi Tembon Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, təmsil etdiyi qurum da Azərbaycan Hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur.

Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etməsindən məmnunluğunu bildirən Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib. O, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri Larisa Leşşenko ölkəmizdə fəaliyyət müddətinin başa çatdığını söyləyib, Dünya Bankı ilə Azərbaycan Hökumətinin əməkdaşlıq etdiyi müddətdə əldə olunan ən yaxşı təcrübələri dünyanın bir sıra ölkələrində təbliğ edəcəklərini bildirib. Xanım Larisa Leşşenko, həmçinin gələcəkdə həyata keçiriləcək layihələrdə gənclər arasında informasiya texnologiyaları sahəsində təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Baş nazirin müavini Əli Həsənov Larisa Leşşenkoya ölkəmizdə uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb və onun irəli sürdüyü təklifin gələcək layihələrdə mütləq nəzərə alınacağını bildirib.