XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 15:40

Vizaların verilməsində yeni qaydalar… –Dəyişiklik

pasport

Milli Məclisin növbədənkənar plenar iclasında Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynli məlumat verib.

Miqrasiya Məcəlləsinə əlavə edilən 37.12-ci maddəyə görə, Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası Məcəllənin 38-ci maddəsi ilə müəyyən olunur. Məcəllənin 38-ci maddəsi isə əlavədən irəli gələrək dəyişdirilərək başqa formatda verilib və yeni qaydaları təsbit edib. Qaydalar belədir:

– Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

– Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra Azərbaycanın "Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidir.

– Müvafiq icra hakimiyyəti orqanı müraciətin "ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır.

– Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır, viza rəsmiləşdirilərək "ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə bu barədə məlumat verilir.

– Elektron viza pasporta yapışdırılmır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.

– Bu Məcəllənin 16.1-ci maddəsində (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlməyi qadağan edən hallar – qeyd olunan maddədə bu sıra ilə göstərilib) nəzərdə tutulmuş hallarda elektron viza verilməsi haqqında müraciət rədd edilir, verilmiş viza ləğv edilir və şəxs ölkəyə buraxılmır. Təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.

– Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikası ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər.

Keçid müddəası: Bu Məcəllədə nəzərdə tutulmuş "ASAN Viza” sistemi fəaliyyətə başlayanadək turistlərə turizm şirkətləri vasitəsi ilə elektron vizaların verilməsinin mövcud sistemi öz fəaliyyətini davam etdirir.

Ə. Hüseynli bildirib ki, "ASAN Viza” sistemi bu yay işə salınacaq.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il iyunun 1-də elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

APA