XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 11:13

Hizbullah lideri də Ərdoğana “ilişdi”:“Onun Hələbdə namaz qılması belə müşkülə çevrilir”

 

Nasrullah’tan Erdoğan’a gönderme: Şam hele dursun, Halep’te bile namaz kılamaz oldu

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əməvi məscidində namaz qılmaq xülyasına qapılmışdı. Amma onun üçün artıq Hələbdə belə namaz qılmaq çətinləşdi".

Strateq.az xəbər verir ki, Türkiyə prezidentinin əleyhinə yönələn bu sözləri Hizbullah lideri Seyid Həsən Nəsrullah dilə gətirib.

O, Livanın “əl-Səfir” qəzetinə açıqlamasında Hizbullahın yeni savaş strategiyası barədə məlumat verərkən, belə deyib. Nəsrullahın fikrincə, liderlik etdiyi təşkilatın bir gözü güney cəbhəsində, digər gözü isə Hələbdədir. Hələbə bu qədər böyük əhəmiyyət verdiklərinin səbəbinə toxunan Nəsrullah bunu şəhərin Suriya uğrunda döyüşlərdə müəyyənedici xarakteriylə malik olmasıyla əsaslandırıb.

Güneydə də Hizbullahı ciddi təhlükənin gözlədiyini etiraf edən Nəsrullah özəlliklə İsrailin sionist rejimindən gələ biləcək hər cür hücumlara hazır olduqlarını, amma Hələbi heç vaxt ikinci plana atmayacaqlarını deyib. Hizbullah liderinə görə, apardıqları mübarizənin məzhəbçiliklə heç bir əlaqəsi yoxdur: “Bəzi fikirlərin əksinə olaraq, Suriyada sünni-şiə müharibəsi getmir. Bu döyüşlər millətlərin və ölkələrin sərhədlərini rəsmən tanımayan təkfirci qrupların varlığına qarşı yönəlib”.

Qeyd edək ki, Hizbullah liderinin bu cür cəsarətli çıxışı Türkiyənin getdikcə dünya siyasətində təklənməsindən irəli gəlir. ABŞ-ın təlqinləriylə Suriyaya “ərəb baharı” gətirməyə çalışan Ankara daha sonra elə öz müttəfiqləri tərəfindən yalnız buraxıldı. Suriyanın quzeyində kürd separatizmini dəstəkləyən müttəfiqlər Rusiya Türkiyə arasına da ziddiyyət salmağı bacardılar. Bunun müqabilində isə qardaş ölkəyə Avropa Birliyinin qapısını açacaqlarıyla bağlı vədlər versələr də, elə ilk gündən öz sözlərinə xilaf çıxdılar. 

Maraqlıdır ki, Türkiyə prezidentinin özü də son zamanlar müttəfiqləri tərəfindən aldıldıqlarını etiraf edir, ABŞ prezidenti Obamanın əleyhinə fikirlər bildirir. Onun bu yaxınlarda ürək ağrısıyla dilə gətirdiyi aşağıdakı fikirlər ən gözəl etiraflardandır:

“Obamanın ilk ziyarət etdiyi ölkələrdən biri olmamız bizi ümidləndirmişdi. Çox heyf ki, gözləntilərimiz tam olaraq gerçəkləşmədi. İqtisadi sahədə hətta irəliyə doğru addım ata bilmədik. Yaxın Şərq məsələsində Obamadan daha qətiyyəli bir mövqe gözləyirdim. Obamanın İraq məsələsini həll edəcəyini düşünürdüm. Hər kəsə söz verməsinə baxmayaraq, Quantanamo məsələsini həll etmədi. Obama verdiyi sözləri tutmadı”.

Ərdoğanın bir müddət əvvəl məşhur boksçu Məmmədəlinin cənazəsini yarımçıq buraxıb Türkiyəyə geri qayıtması da onun beynəlxalq aləmdə xoş qarşılanmadığının ən bariz nümunələrindəndir. Türkiyə mətbuatı bunu Ərdoğanın Məkkədən gətirdiyi bir parçanı tabut üzərinə qoymaq istəməsinə imkan verilməməsi kimi hadisələrlə izah etsələr də, ictimaiyyətə açıqlanmayan daha ciddi səbəblər tədricən ortaya çıxır. Belə səbəblərdən biri də yas mərasimində fikir söyləyən bəzi nüfuzlu adamların şəxsən onun və Türkiyənin əleyhinə fikirlər bəyan etmələridir. Məsələn, məlumata görə, ABŞ-ın ən nüfuzlu yəhudi dini lideri Maykl Lerner çıxışında Türkiyəni hədəfə alaraq, deyib: “Türkiyə liderlərinə söyləyin, kürdləri öldürməkdən əl çəksinlər”.

Faktiki olaraq Türkiyədəki etnik separatizmi dəstəkləyən bu cür çıxışlar son zamanlar Avropadan da gəlir. Almaniya Bundestaqının “erməni soyqırımı”nı rəsmən tanıması, kürd separatçılarının Avropa Birliyinin müxtəlif ali orqanlarına dəvət olunması və Türkiyə əleyhinə çıxışlara şərait yaradılması Ankaraya arxadan vurulan dost zərbəsinə bənzəyir.

Müttəfiqlərin bu dost xəyanətiylə üzləşən Türkiyənin son zamanlar Rusiya ilə münasibətlərini nizamlamağa çalışması da istənilən effekti vermir. Təyyarə böhranı ilə yaxın bağları qoparılan Moskva Ankaradan gələn dostluq təkliflərinə olduqca etinasız yanaşır.

Hər tərəfdən sıxışdırılan qardaş ölkəyə indi də Hizbullah liderinin “ilişməsi”  İslam dünyasında da işlərin istənilən səviyyədə getmədiyindən xəbər verir. Bu təcridolunma prosesindən Türkiyənin necə çıxacağı maraq doğurur.

Heydər

Strateq.az