XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 11:34

Dnestryanı münaqişədə dönüş:Moldova bölgəyə xüsusi status verməyə hazırdır

Moldova hökuməti Dnestryanı münaqişəni vahid dövlət çərçivəsində həll etməyə tərəfdardır. Bu halda tanınmamış respublikaya xüsusi hüquqi statusun verilməsi nəzərdə tutulur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Moldova baş nazirinin maüvini Georgi Balan ATƏT Parlament Assambleyasının deputatları ilə görüşündə bildirib: «Bizim əsas şərtimiz bunun Moldovanın ərazi bütövlüyü və suverenliyi daxilində reallaşmasıdır. Güvəni artırmaq üçün hökumət Dnestryanı regionun sakinlərinə dəstək verməyi düşünür. Avropalı parlamentarilər bildiriblər ki, münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində nizamlanması üçün bundan sonra da dəstək verəcəklər».  

Qeyd edək ki, iki illik fasilədən sonra bu ilin iyununda münaqişənin nizamlanması istimqamətində addım atılıb. Və «5+2» (Moldova, Dnestryanı, Rusiya, Ukrayna, ATƏT, Avropa Birliyi, ABŞ) formatında danışıqlar başlayıb.

Bu format üzrə Moldova və Dnestryanı münaqişə tərəfi, Rusiya, Ukrayna və ATƏT vasitəçi, Avropa Birliyi və ABŞ isə müşahidəçi qismində çıxış edir.

Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı 80-ci illərin sonlarında başlayıb. Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması vəziyyəti gərginləşdirən əsas səbəblər olub. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldovanın digər millətləri əzmək cəhdi kimi qəbul ediblər. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər. 

1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb və münaqişə dərinləşərək 1992-ci ildə hərbi müstəviyə keçib. Bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb.

Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb.