XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 15:01

“Kim özünü doğrultmur – Mərdanov, yoxsa Cabbarov?”

Etibar Əliyev

Təhsil eksperti, fəlsəfə doktoru

“Azadlıq” qəzetinin 20 iyun tarixli sayında “Mikayıl Cabbarov da özünü doğrultmadı” başlıqlı yazı dərc olunub. Yazıda əsasən iqtisadçı ekspert Qubad İbadoğlunun fikirlərinə istinad olunub. Qubad bəy yazır: “9-cu və 11-ci sinif şagirdlərinin 60-70 faizinin ana dili və riyaziyyat kimi əsas fənlər üzrə buraxılış imtahanından aldıqları “2” və “3” qiymətləri ciddi narahatlıq yaradır. Bunu iqtisadi dillə ifadə etsək, deyə bilərik ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi “zay məhsuldur”.

Əslində Qubad İbadoğlu imkanı daxilində Azərbaycanın bütün bölgələrində keçirilən buraxılış imtahanlarını təhlil edib, qənaətini bölüşməli idi. Onun göstərdiyi rəqəmlər nisbi xarakter daşıyır. Məsələn, Bakı şəhərində 11-ci siniflər üzrə riyaziyyat fənnindən keçirilən buraxılış imtahanlarında şagirdlərin 64.62 %-i “4” və “5” qiymət alıblar.

Məni düşündürən başqa məsələdir. Doğrudanmı? Mikayıl Cabbarov özünü doğrultmur? Buraxılış imtahanlarının nəticələrinə görə nazirin özünü doğruldub, doğrultmaması barədə nəticə çıxarmaq düzgündürmü? Belə çıxır ki, Cabbarovun nazir işlədiyi iki ildə heç bir iş görülməyib? Görülən işlərlə tanış olmaq üçün bu linkə (http://edu.gov.az/view.php?lang=az&menu=9&id=10776) baxmaq kifayətdir. İki il ərzində təhsilin bütün pillələri üçün aktuallığı ilə diqqəti cəlb edən 30-dan çox irimiqyaslı işlər görülüb ki, bunlar təhsilimiz üçün olduqca əhəmiyyətlidir.

Görülən işlərin böyük hissəsi orta təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bunların bəhrə verməsi üçün müəyyən vaxt lazımdır. Qubad bəy yəqin ki, bilməmiş olmaz, orta məktəbin indiki nəticələri birdən-birə göydən düşməyib. Orta təhsilin nəticələri ayrılan böyük vəsaitlərin hesabına 1999-cu ildən başlayaraq yaxşılaşmalı idi. 2013-cü ilə qədər külli miqdarda vəsaitlər ayrılan islahat proqramları və layihələr nədən orta məktəbin inkişafına, xüsusilə buraxılış və qəbul imtahanlarının nəticələrinə müsbət təsir göstərmədi? Qoyulan bu suallara cavab axtarılmalıdır:

1998-ci ildə prezident Heydər Əliyevin razılığı əsasında təhsil sahəsində islahat proqramının hazırlanmasına başlandı. Bu məqsədlə 1999-cu il iyul ayının 29-da Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf üçün Kredit haqqında saziş” imzalandı. Layihənin dəyəri 5,5 milyon dollar təşkil edirdi. Təhsil İslahatı Layihəsi üç əsas istiqaməti əhatə etməli idi: tədris planı və proqramlarının hazırlanması, müəllimlərin ixtisasartırması və tədris metodik təminat. Vəsaitin 1,3 milyonu təmirə, 1,82 milyonu məsləhətçi xidmətinə, 1,7 milyonu mal-material xərclərinə, 623 mini treninqlərə, 120 min dollar isə əməliyyat xərclərinə sərf olundu.

Bundan sonra Dünya Bankı Təhsil Sektorunun İnkişaf layihəsi üzrə (2003-2007-ci illər) 23 milyon dollar kredit ayırdı. Maliyə vəsaiti Dünya Bankı ilə razılaşdırılmış aşağıdakı istiqamətlərə xərclənməli idi. Kurrikulum islahatı, müəllim hazırlığı, dərsliklər və oxu materiallarının hazırlanması, maliyyələşdirmə və büdcə islahatları, rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb qrant proqramları, şagird qiymətləndirilməsi sisteminin yaradılması. Diqqət edin, vəsait necə xərclənib: təmir işləri 8 milyon dolar, mal-material xərcləri 6,4 milyon, məsləhətçi xidmətləri və audit – 5,3 milyon dollar, treninqlər və tədris səfərləri 2,3 milyon dollar, məktəb qrant proqramı 836 min dollar. Belə layihə ilə məktəbin nəticələri necə yaxşılaşa bilərdi? Təəssüf ki, bu layihələrin hələ indiyə qədər monitorinqi aparılmayıb.

Prezidenti İlham Əliyevin 25 fevral 2008-ci il tarixli fərmanı ilə “Ən yaxşı ümumtəhsil məktəb müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərində verilmiş mükafatın istifadə istiqamətlərinin” “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları” təsdiq olunub. Fərmana uyğun olaraq indiyə qədər 600 müəllim (5000 manat) və 300 məktəb (10.000 manat) mükafatlandırılıb. Bu, ölkə başçısının orta təhsilin inkişafına yönəlik mühüm töhfələrdən biridir. Mükafatlandırılmanın 5 tədris ili Misir Mərdanovun dövrünə düşür. Bu mühüm iş buraxılış və qəbul imtahanlarının nəticələrinə niyə müsbət təsir etmədi? Yaxud burada kim özünü doğrultmur – Cabbarov, yoxsa Mərdanov?

Minlərlə orta məktəb müəlliminə “əməkdar müəllim” adı verilib. Əməkdar müəllimlərin məktəblərin həyatındakı rolu mütləq görünməlidir. Ancaq görünürmü? Ən yaxşı müəllimlərin, ən yaxşı məktəblərin, əməkdar müəllimlərin işinə mütləq diqqət yetirilməlidir. Onlar keyfiyyətin yaxşılaşdırılmasının əsas subyektinə çevrilməlidirlər.

Azərbaycan Respublikasının prezidentinin 21 avqust 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)” təsdiq edilib. İcrasına 30 milyon manat vəsait ayrılmış bu proqramın əsas məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq idi. Orta təhsilin inkişafına xidmət edəcək bu məqsədlərin əfsuslar olsun ki, heç biri həyata keçmədi. Bəlkə bu da Cabbarovluqdur, Qubad bəy? 1999-cu ildən 2013-cü ilə qədər təhsilə investisiya qoyuluşu yarım milyard manata çatdırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 noyabr 2004-cü il sərəncamı ilə “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı” təsdiq olunub. Proqramın icrasındakı qüsurları hiss edən Təhsil Nazirliyinin yeni rəhbərliyi rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödənişin təyin olunmasına nail oldu. Bu addım olduqca vacib idi və öz bəhrəsini verməkdədir.

Bu qədər vəsaitlərin müqabilində keyfiyyəti ilbəil aşağı düşən təhsili Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədi ilə birdən – birə necə yüksəltmək olar? Baxmayaraq ki, bu mühüm dövlət sənədinin icrası istiqamətində çox mühüm işlər görülüb.

Orta məktəb dərsliklərindəki biabırçılıqlardan tutmuş, məktəbə aidiyyatı olmayan yüzlərlə alverçinin məktəb direktoru və Rayon təhsil şöbə
lərinə müdir təyin olunması nəticəsində şagirdlər “4” və “5” qiymətlər almalı idi? Bu adamlar məktəb mühitini korladılar, məktəbi bazara çevirdilər. Təəssüflər olsun ki, hal-hazırda onların böyük bir hissəsi hələ də iş başındadır. Mərdanovun Təhsil naziri işlədiyi dövrdəki qədər (1998-2013) məktəblərdə qiymət şişirdilməsi hallarına heç vaxt yol verilməyib. Şahidiyəm, bu işlər sanki planlı şəkildə həyata keçirilirdi. Bunun nəticələri mütləq buraxılış və qəbul imtahanlarında özünü göstərməli idi. Məktəb direktorlarına “repetitorluq haqqı” ödəyən müəllim məktəbdə keçdiyi dərsə necə məsuliyyətlə yanaşa bilər?

İndi təhsili yaman günə qoyanların çoxu sevinir. Təsadüfən rastlaşanda Qubad bəyin yazdığı ifadələrin təkrarını eşidirsən onlardan. Hiss olunur ki, onların çoxu Mikayıl Cabbarovdan incik düşüblər. çünki gənc nazir 2 ildən də tez bir müddətdə bu adamların üzünü “ağ” etməli idi. Narazıların başında duran isə elmlə məşğul olmaqdansa, təhsillə daha çox maraqlanır. İmkanı olsa idi gizli yox, açıq şəkildə də fəaliyyət göstərərdi. Ən azı təhsil eksperti kimi.

Azpolitika.info