XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 19:32

“Avro-2016”: Fransa millisi İrlandiyaya qalib gələrəkdörddəbir finala yüksəlib

avro-2016-6-Fransa

İyunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci gününün ilk oyunu Fransa və İrlandiya yığma komandaları arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, Lion şəhər stadionunda oynanılan görüşü italiyalı referi Nikola Rizzoli idarə edib.

Azarkeşlər oyunda erkən qolun şahidi olublar. Gözlənildiyinin əksinə olaraq, hesabı Fransa yığması deyil, İrlandiya millisi açıb. İrlandiyalıların hücumunun qarşısını kobudluqla alan fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. İtaliya ilə görüşdə vacib qolu vuraraq İrlandiya yığmasını səkkizdəbir final mərhələsinə çıxaran Robert Breydi komandasını bu dəfə də dəqiq zərbə ilə sevindirib – 1:0. Oyunun birinci hissəsi İrlandiya yığmasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, Robert Breydinin qolu Avropa çempionatları tarixində ən erkən ikinci qol olub. Qitə birincilikləri tarixində ən erkən qolu 2004-cü il iyunun 20-də Rusiya millisinin futbolçusu Dmitri Kiriçenko Yunanıstan ilə matçın 67-ci saniyəsində rəqib komandanın qapısına vurub.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan fransızlar matçın 58-ci dəqiqəsində istəklərinə çatıblar. Bakari Sanyanın sağ cinahdan ötürməsindən sonra Antuan Qrizman dəqiq baş zərbəsi ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Üç dəqiqə sonra fransızlar hesabda irəli çıxıblar. Adil Raminin mərkəzdən ötürməsindən sonra Oliver Jiru topu başla Qrizmana göndərərək onu zərbə mövqeyinə çıxarıb. Sonuncu isə topu soyuqqanlılıqla ram etdikdən sonra qapını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib – 2:1.

Matçın 65-ci dəqiqəsində irlandiyalılar meydanda sayca azlıqda qalıblar. Qrizmana qarşı kobud oyuna görə Şeyn Daffi qırmızı vərəqə ilə cəzalandırılıb.

Qalan dəqiqələrdə oyunda hesab dəyişməyib və qarşılaşma Fransa yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, İrlandiyanı 2:1 hesabı ilə məğlub edən Fransa millisi dörddəbir finala vəsiqə qazanıb. Fransızlar dörddəbir finalda İngiltərə-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Strateq.az