XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 20:12

Gömrükdə avqustun 1-dən ciddi dəyişikliklər olacaq” –Komitə sədri anons verdi

Aydın Əliyev

"Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb".

Strateq.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kəpəz TV-yə (Region TV) müsahibəsində deyib.

Onun sözlərinə görə, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması üçün avqustun 1-dən gömrük sahəsində yeniliklərin tətbiqinə başlanacaq. Bu yeniliklər gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, eyni zamanda məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi daşıyır.

A.Əliyev bildirib ki, idxal-ixrac əməliyyatlarına qlobal böhran və devalvasiya təsir göstərir: "Ümumi götürdükdə, kənd təsərrüfatı mallarının ixracında artım müşahidə olunur. Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb. İxracda bu, neftin 1 barelinin qiymətinin düşməsi və idxalın azalması ilə bağlıdır".

DGK sədri gömrük islahatları çərçivəsində aparılan dəyişikliklərdən də danışıb: "Qarşıda duran vəzifə ondan ibarətdir ki, yaşıl dəhliz və digər dəhlizlərin tikintisi, giriş-çıxış, axtarış sisteminin tətbiqi ilə bağlı müəyyən tapşırıqlar verilib. Bunların icrası nəticəsində avqustun 1-dən dəhlizlərin tətbiqi, eyni zamanda bu sistemin tam istifadəsi üçün tədbir görürük”.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408,8 min dollara bərabar olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 31,8% azdır. Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 3 milyard 331 milyon 437,5 min dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,2% azdır. Eyni zamanda bu ilin ilk 5 ayı ərzində xarici ölkələrə 3 milyard 49 milyon 971,25 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 42,2% azdır. Beləliklə, xarici ticarət əməliyyatlarında 281 milyon 466,31 min dollar mənfi saldo yaranıb.