XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 June 2015 - 10:04

Kürd separatçıları arasında ziddiyyət: HDP PKK-nı silahı buraxmağa çağırdı

Türkiyəli kürdlərin partiyası olaraq tanınan HDP lideri Səlahəddin Dəmirtaş uzun müzakirələrə səbəb ola biləcək açıqlamalar verib. O, PKK-nin apardığı silahlı mübarizənin siyasi həll prosesinə zərbə vurduğunu və HDP-nin apardığı işə əngəl törətdiyini bildirib.

Strateq.az xəbər verir ki, Bugün TV-də canlı yayına qatılan Dəmirtaş “Silahlar qəti şəkildə susmalıdır” deyərək, kürd siyasi iradəsini buna dəstək verməyə çağırıb: “KCK yetkililəri buna dəstək verməlidir. çünki onlar ağıllı insanlardır. HDP-ni zəiflədəcək hər həmlənin problemin həll yolunu da çətin vəziyyətdə qoyduğunu bilirlər. Madam ki, silahlı mübarizə olmayacaq, biz də məsələni demokratik həllinə çalışmalıyıq”.

Qeyd edək ki, Dəmirtaşın üz tutub mesaj göndərdiyi KCK 2007-ci ildə öcalanın təlimatıyla yaranıb. Türkiyə, İran, Suriya, İraq kürdlər tərəfindən formalaşdırılan PKK-ya bağlı bütün təşkilatları (Türkiyədəki PKK, Suriyadakı PYD, İrandakı PJAK, İraqdakı və Suriyadakı PYD) və onların əsasında yaranan siyasi, mədəni, sosial qurumları bir mərkəzdə birləşdirən KCK-nın sədri öcalan olsa da, quruma daha çox, Murad Qarayılanın rəhbərlik etdiyi bildirilir. Qurumun adı “Koma Civaken Kurdistan”dır və Kürdüstan icma birlikləri mənasına gəlir. KCK da təşkilatın adının baş hərflərindən formalaşıb.

Son zamanlar KCK-nin faktiki lideri Murad Qarayılanla Səlahəddin Dəmirtaş arasında müəyyən soyuqluqların yarandığı xəbər verilir. Ziddiyyətin əsas səbəbi silahlı və ya siyasi mübarizənin daha effektli olub olmaması barəsində tərəflər arasındakı görüş ayrılığından doğur. Qarayılan öcalanla onlar arasında vasitəçilik edən HDP-çilərin doğru xəbər aparıb gətirdiklərinə şübhəsini bir müddət əvvəl açıq şəkildə ifadə etmişdi.

Görünən budur ki, HDP-nin parlamentə düşməsindən sonra kürd separatçıları arasında fikir müxtəlifliyi yaranıb və gələcəkdə siyasi xəttin qələbə çalacağı gözlənilir.

Heydər Oğuz

Strateq.az