XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 10:42

Güləşçilərimiz Almaniya Qran-prisində4 qızıl medal qazandı

İyulun 2-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri başlayıb.

İlk yarış günündə 65, 74, 86 və 97 kiloqram çəkidə sərbəst, 66, 75, 85 və 98 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz günü 4 qızıl və 1 gümüş medalla başa vurublar.

Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi Çingiz Labazanovla gərgin keçən görüşü qalib başa vurub və turnirin qızıl medalını qazanıb.

Sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olub. Gərgin keçən görüşü üstün tamamlayan Toğrul turnirin qızıl medalına sahib olub.

Yarışda 86 kiloqram çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionumuz Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxıstandan olan rəqiblərini üstələyib. Şərif Şərifovun zədə səbəbindən final görüşünə çıxmaması ilə Nurməhəmməd Hacıyev turnirin qızıl medalına yiyələnib.

Turnirdə 97 kiloqramda mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda sonuncu dünya çempionu – ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə görüşü də qalib başa vurub və turnirin qızıl medalını qazanıb(azərtac).