XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 05:14

Zahid Oruc: ” …Qarabağın tanınması kimi təhlükəli perspektivə yol açar”

Zahid Oruc: “Qərb hazırda Azərbaycan və Rusiyanın razılaşmalarını bütün vasitələrlə linç etmək üçün çalışır”

Avropa Oyunlarından sonra Azərbaycanın işğal altındakı ərazilərin azad olunması üçün hərbi əməliyyatlara başlayacağı barədə məlumatlar artıq düşmən ölkədə də narahatlıqları artırıb. Hətta ölkənin rəsmi şəxsləri də ayrı-ayrı açıqlamalarında Azərbaycanın bu planından narahatlığını ifadə edərək özlərinə beynəlxalq aləmdə dəstək arayırlar.

Azərbaycan prezidentinin “Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin” bəyanatına istinad edən müdafiə naziri Zakir Həsənov da bugünlərdə ordunun əsas heyətinin cəbhə bölgəsinə göndəriləcəyini söylədi. Azərbaycanın yeni müasir silah-sursat, hərbi texnika alması, təlimlərin davam etdirilməsi, yeni poliqonların yaradılması Qarabağın azadlığı ilə bağlı əməliyyat planının masa üzərində olduğu qənaətini möhkəmləndirir.
Bu arada Qarabağda “ildırımsürətli” hərbi əməliyyatların başlanacağı barədə də məlumatlar yayılıb. Hətta belə məlumatlar var ki, Ermənistanın hərbi-strateji müttəfiqi Rusiya İrəvanı cəzalandırmaq, ermənilərə dərs vermək üçün ən azı bir neçə saat ərzində Azərbaycanın hücumuna müdaxilə etməyəcək və Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad olunmasına şərait yaradacaq. Düzdür, bəzi ekspertlər fərqli düşünür. Xüsusilə də iyunun 26-da Rusiyanın Ermənistana müasir silah almaq üçün 200 mln. dollar məbləğində güzəştli kredit verməsi faktı xatırladılır. Xatırladaq ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyanla Rusiyanın nəqliyyat naziri, Ermənistan-Rusiya komissiyasının həmsədri Maksim Sokolovun rəhbərliyi ilə nümayəndə heyətinin İrəvan görüşündən sonra məlum olub.
Hərbi əməliyyatların başlayacağı barədə məlumatlara ekspertlərin baxışı fərqlidir.
Politoloq Elxan Şahinoğlu deyir ki, Rusiyanın hərbi əməliyyatlara bir neçə saatlıq da olsa, loyal yanaşacağına, neytral qalacağına inanmır: “Atəşkəsin intensiv pozulacağını, əsəblərin gəriləcəyini ehtimal edirəm. Ancaq bunun torpaqların azad edilməsi əməliyyatına çevriləcəyini söyləmək çətindir. çünki rəsmi Bakı bu halda “Rusiya özünü necə aparacaq” sualına hələ cavab tapmayıb”.
Deputat, Milli Məclisin Təhlükəszilik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Ermənistanda xalq üsyanının mühüm səbəblərindən biri də Qarabağla əlaqədar son Moskva-Bakı yaxınlaşmasının qarşısını almaq üçün həyata keçirilən qabaqlama əməliyyatıdır: “1999-cu ildə müharibə tərəfləri arasında məxfi razılaşmalar real idi və ATƏT-in İstanbul sammiti qarşısında Kreml rəhbərliyi onun iradəsindən kənarda hərəkət edənləri çox sərt cəzalandırdı. Parlamentdə bir ölkənin elitasının qətlə yetirilməsi çox nadir hadisələrdən biriydi və bundan sonra erməni siyasətçilərindən heç biri Rusiyanın qoyduğu çərçivədən kənara çıxmadı. Hazırda isə Qərb Ermənistanda Qarabağ əleyhinə situasiya hazırlayır. çünki Brüssel və Berlində, o cümlədən Vaşinqtonda belə kəşfiyyat məlumatları vardı ki, Kremllə anlaşan Azərbaycan itirilmiş torpaqların bir hissəsini qaytarmaqla kommunikasiyaların açılmasına gedə bilər və bu, avtomatik olaraq Qərbin Cənubi Qafqazda tam iflası deməkdir.
çünki Qarabağ üçün Rusiya planının qalib gəlməsi uzun on illər ərzində Avropanın bizim regionda qurduğu sistemin dağılmasına səbəb olardı. Ona görə də dediyiniz ildırımsürətli müharibə məsələsini gündəmə gətirmək bəlkə də psixoloji savaşda bizim xeyrimizə işləyir. Lakin strateji anlamda Qərb hazırda Azərbaycan və Rusiyanın razılaşmalarını bütün vasitələrlə linç etmək üçün çalışır”.
Z.Oruc hesab edir ki, Avropa Oyunları əslində bizə görə beynəlxalq maraqları müəyyənləşdirməyin çox mühüm bir testi oldu: “Yəni Qarabağda azad olunmuş kəndin qarşılığında hansı təlatümləri əleyhimizə qaldıracaqlarını proqnozlaşdırmaq o qədər çətin deyil. Əgər Azərbaycan Rusiyanın nisbi neytrallığı ilə qəfil hərbi əməliyyatlara başlasa, bütün dünya erməniliyini Moskva və Bakının üstünə qaldıracaqlar. Hüququ pozulmuş ermənilərin növbəti cəfakeş obrazı bizə baha başa gələr. Londona dəvət olunmuş Bako Saakyan hadisəsi “ildırımsürətli müharibə”dən sonra Qarabağın tanınması kimi təhlükəli perspektivə yol açar”. (musavat.com)