XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 16:50

NATO ilə Rusiyanın son dialoqu danəticəsiz başa çatdı

nato

 

Brüsseldə NATO-Rusiya Şurasının keçirdiyi görüş müsbət abu-havada keçib, amma heç bir razılaşma əldə olunmayıb. “Müsbət abu-hava hara, nəticəsizlik hara?” – deyib irad tutmayın. Nə qədər təzadlı görünsə də, tərəflərin toplantı barədə açıqlamalarından yalnız bu nəticəni çıxarmaq olar.

Strateq.az xəbər verir ki, NATO-nun baş katibi Cens Stoltenberq görüşdən sonra mətbuat konfransında "Şura toplantısının mövqelərə aydınlıq gətirmək baxımından faydalı keçdiyini" söyləyib. Rusiyanın NATO üzrə səfiri Aleksandr Qruşko da onun fikirlərini təsdiqləyib və toplantını fikirlərin "açıq və səmimi şəkildə müzakirəyə çıxarıldığı iclas" kimi səciyyələndirib. Bununla belə, tərəflər toplantıda konkret heç qərarın üzərində ortaq fikrə gəlmədiklərini etiraf ediblər.

Məlumata görə, NATO-Rusiya Şurasının gündəliyində dayanan əsas məsələ Varşava sammitində qəbul edilən qərarlar olub. Moskva Alyansın Şərqi Avropaya minlərlə əsgər göndərməsinə qarşı çıxıb. NATO isə bu addımın zərurətdən doğduğunu bildirib və Ukrayna böhranı ilə Şərqi Avropadakı NATO ölkələrinin Rusiyanın hücumuna məruz qalacağından narahatlıq duymasıyla əlaqələndirib. Nədən ki, Rusiyanın 2014-ci ildə Krımı ilhaqından sonra Litva, Latviya, Estoniya və Polşa narahatlıqlarını dilə gətirmiş və NATO-nun yardımına bel bağlamışdılar.

Stoltenberq bu arqumentə söykənərək, NATO-nun Şərqi Avropadakı hərbi qüvvələrini gücləndirməsinin günahını Rusiyada görüb və Qərbin təhlükəsizlik ümidlərinin sarsıldığını bildirib. Qruşko isə NATO-nun Şərqi Avropadan əsgərlərini geri çəkməsini və bölgəyə əlavə hərbi birliklər göndərmə qərarını təxirə salmasını tələb edərək, deyib: "Rusiya NATO üzvləri üçün təhlükə əxz etmir".

Qeyd edək ki, NATO ilə Rusiya arasındakı dialoqu qurmaq məqsədiylə yaradılan NATO-Rusiya Şurasının iclaslarına Ukrayna böhranı səbəbiylə təxminən iki il ara verilmişdi. Varşava sammitində isə başda Almaniya və Fransa olmaqla, bir sıra Avropa ölkələrinin tələbilə toplantıların yenidən keçirilməsi qərarlaşdırılmışdı.

Şuranın toplantısından bir gün əvvəl Rusiya prezidenti Putin həm fransalı həmkarı Fransua Olland, həm də Almaniyanın baş katibi Angela Merkel ilə telefonla danışmış, tərəflər bir sıra məsələlərlə yanaşı Ukrayna böhranı və NATO-nun Varşava sammiti barədə fikir mübadiləsi aparmışdılar.

 Əslində Rusiya-NATO Şurasının son toplantısının nəticəsiz başa çatması gözlənilməz deyildi. Rusiyanın sammitdən sonra atdığı bir sıra addımlar NATO-ya verilmiş cavab kimi qiymətləndirilir və onun hərbi alyans qarşısında geri çəkilməyəcəyini göstərirdi.

Strateq.az