XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 İyul 2016 - 19:09

İngiltərənin yeni xarici işlər naziri –Birləşmiş Krallığın Jirinovskisi

 

johnson

“Nə deyim, Allah islah etsin. İnşallah, bundan sonra bir daha eyni səhvi etməz”.

Strateq.az xəbər verir ki, bu tənbeh dolu fikirləri Türkiyənin baş naziri Binali Yıldırım İngiltərənin yeni təyin olunmuş xarici işlər naziri Boris Conson haqqında deyib. BBC-yə yeni təyinatla bağlı mövqeyini bildirən Yıldırım ingils nazirin “türklərin könlünü qazanmaq üçün səylər göstərəcəyinə inanmaq istədiyini” də gizlətməyib.

Maraqlıdır ki, yeni təyinatdan pəjmürdə olan təkcə Binali Yıldırım da deyil. İngiltərənin ən populyar mətbuat orqanı olan Independent” qəzeti də yeni təyinatdan dolayı utandığını bildirib və bütün dünya xalqlarından üzr istəyib. Boris Consonun, yaxşı ki, xarici işlər naziri təyin olunmasıyla təskinlik tapan “Independent”in fikrincə, o, İngiltərənin baş naziri naziri təyin olunsaydı, ölkə daha biabırçı vəziyyətə düşərdi.

Bəs, yeni təyinatıyla İngiltərədən Türkiyəyə qədər bir çoxlarını təəccübləndirən Boris Conson kimdir?

Daha yaxşı təsəvvür yaransın deyə, bu adamı qısaca olaraq, Rusiyanın Jirinovskisiylə müqayisə etmək mümkündür. O da Jirinovski kimi, populist fikirləriylə yadda qalmağa çalışsa da, özü barədə xoşagəlməz təəssüratlar yaratmaqdan çəkinmir.

Dünya Boris Consonun bu cəsarətilə ilk dəfə bir neçə il əvvəl tanış oldu. Bu, o zaman idi ki, London bələdiyyəsinə sədrlik edən Conson radikallaşmaq ehtimalı olduğundan, müsəlman ailələrin əllərindən uşaqlarının alması təklifini irəli sürmüş və ciddi tənqidlərlə qarşılaşmışdı.

boris-2

Daha sonrakı dövrlərdə də bu cür populist çıxışlarıyla yadda qalan Consonun antitürk mövqeyi isə PKK-ya münasibətiylə ortaya çıxdı. Çıxışlarının birində PKK-nın terror təşkilatı olduğunu qəbul edən Conson, bununla belə, sözügedən təşkilatı dəstəklədiyini və ona pərəstiş etdiyini bildirdi. Bununla da kifayətlənmədi, başına kürd separatçılarına aid sarıq bağlayaraq, media nümayəndələrinin önünə çıxdı.

Consonun ən çox tənqid edilən tərəflərindən biri də Suriya diktatoru Bəşər Əsədə xüsusi heyranlıqla yanaşmasıdır. Palmira İŞİD-dən geri alınarkən, o, “Əhsən, Əsəd!” deyərək, sevincini ictimaiyyətlə bölüşmüşdü.

Yeni xarici işlər nazirinin digər dünya liderlərinə münasibəti də mübahisə doğurur. Ötən il ABŞ-ın prezidentliyə ən şanslı namizədi Hillari Klintonu “bir dəlixananın faşist tibb bacısı"na bənzədərək xeyli populyarlıq qazanan Consonun ən çox ilişdiyi lider isə Türkiyə prezidenti Ərdoğandır. Bir müddət əvvəl “The Spectator” adlı jurnalın "Ərdoğanı təhqir yarışması"na qatılan bu adam yazdığı həcvlə mükafata layiq görülmüşdü. Təhqirlərlə dolu həcvə görə min sterlinq qazanan baş diplomatın məhz bu “poetik bacarığına” görə Binali Yıldırımın qəzəbinə gəldiyi bildirilir.

İngiltərənin yeni xarici işlər nazirinin xüsusilə türk düşmənçiliyinin səbəbi isə tarixi keçmişi ilə bağlıdır. Maraqlıdır ki, o, əslində soy-kök etibarilə türkdür. Babasının atası Əli Kamal hətta Osmanlı hakimiyyətinin son illərində imperiyanın xarici işlər naziri olub. İngilis heyranlığı ilə seçilən Damat Fərid Paşa hakimiyyəti dövründə Osmanlı dövlətinin əsas fiqurlarından biri kimi Əli Kamalın Türkiyənin milli azadlıq mübarizəsinə, İngiltərəyə qarşı vuruşmağa qarşı çıxdığı bildirilir. Məlumatlara görə, məsləkcə jurnalist olan Ə. Kamal yazdığı məqalələrdə öz mövqeyini açıq şəkildə ortaya qoyduğundan, Ankara hökuməti tərəfindən qaçırılaraq, yolda öldürülüb. Ölümündən sonra isə ingilis əsilli həyat yoldaşı uşaqlarını götürüb Böyük Britaniyaya qaçıb və bu ölkənin vətəndaşlığını qəbul edib.

Görünür, Boris Conson da 100 ildən artıq unudulmayan bu düşmənçiliyin tərbiyəsi altında böyüyüb.  

Xarici işlər naziri postu üçün olduqca təsadüfi adam təsiri bağışlayan Boris Consonun bu qədər mühüm vəzifəyə gətirilməsi isə təsadüfi deyil. Yeni qurulan İngiltərə hökuməti və onun məsul şəxsi kimi bu adam AB-dən ayrılmaq müqavilələrinə qol çəkəcək. Yəqin, İngiltərədə həmin məsuliyyətin altına girə biləcək başqa siyasətçi tapmaq mümkün olmayıb.

Strateq.az

Heydər Oğuz