Misir ordusu Sinay yarımadası İŞİD yaraqlılarından təmizlənənədək hücum əməliyyatlarını davam etdirəcək.
Strateq.az BBC telekanalına istinadla xəbər verir ki, ordunun bəyanatında, həmçinin yarımadanın şimalında baş verən toqquşmalarda 100-ə yaxın yaraqlının və 17 əsgərin öldüyü deyilir. Digər məlumatlara görə isə həlak olan hərbçilərin sayı elan ediləndən xeyli çoxdur.
Xatırladaq ki, iyulun 1-də səhər saatlarında Sinay yarımadasında eyni zamanda bir neçə nəzarət-buraxılış məntəqəsi İŞİD yaraqlılarının hücumlarına məruz qalıb.
Şimali Sinay əyaləti Misirdə gərginlik ocağı hesab edilir. Yarımadada keçən ilin oktyabr ayından bəri fövqəladə vəziyyət və komendant saatı rejimi fəaliyyət göstərir. O vaxtdan indiyə qədər yarımadada 600 nəfərə qədər polis əməkdaşı və hərbçi həyatını itirib.
üç gün əvvəl Qahirədə ölkənin baş prokuroru Hişam Bərəkətin sui-qəsd nəticəsində həlak olmasından sonra Misirdə vəziyyət gərginləşməyə başlayıb.