PKK-nın Suriya uzantısı kimi ad çıxaran Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı YPG ilə Suriya rejimi ölkənin şimalında İŞİD-ə qarşı birgə mübarizə aparmaqda razılığa gəliblər. Bunu Şimali İraq muxtariyyatlığına bağlı Rudaw.net informasiya portalı xəbər verir. Məlumatda qeyd olunur ki, YPG, bu razılaşmaya əsasən, Həsəkənin bir çox məhəllələrində nəzarəti öz üzərinə götürüb.
Xatırladaq ki, bir neçə gün öncə Kobanı və Həsəkəyə hücum edən İŞİD hər iki şəhərdə xeyli adam öldürmüşdü. Hücumun ilk günü Kobanini “xilafətçilər”dən təmizləyən kürd yaraqlıları eyni həssasiyyəti Həsəkədə göstərmədilər. Bunun səbəbinə aydınlıq gətirən Cəzirə vilayətinin “müdafiə naziri” Əbdülkərim Saruxan İŞİD silahlılarının Həsəkədə ərəb məhəllələrini ələ keçirdiyini və şəhərin sadəcə 15%-nin itirildiyini demişdi. O, həmçinin əlavə etmişdi ki, hücumlar kürd məhəllələrinə sıçrarsa, YPG silahlıları buna adekvat cavab verəcək.
İlk baxışdan bu durum YPG ilə Əsəd rejimi arasında əldə olunan razılaşmanın əsas səbəbi kimi görünə bilər. Hesab oluna bilər ki, YPG-nin şantaja bənzəyən mövqeyi qarşısında məcbur qalan rəsmi Dəməşq Şimali Suriyada yaşayan ərəblərin təhlükəsizliyini təmin etmək məqsədilə bu addımı atıb.
Razılaşmanın zamanlamasına baxanda isə əsl məramın daha başqa mətləblərlə bağlı olma ehtimalı ağla gəlir. Məlumdur ki, kürd separatçılarının aktivləşməsindən sonra Türkiyə milli təhlükəsizliyini əsas gətirərək hərbi qüvvələrini Suriyaya yeritməyə qərar verib. Ankaranın iradlarından biri də ABŞ-ın YPG-yə verdiyi silahlarla əlaqədardı. İddiaya əsasən, YPG-yə verilən silahlar PKK-nın əlinə keçib. İndisə həmin terrorçu təşkilat bu silahları Türkiyə ərazisinə keçirmək istəyir. Sözü gedən silahların içərisində təyyarə və digər hərbi texnikaları hədəfə alan ağır silahlar da var.
Türkiyənin bütün bunlara görə ABŞ-ı qınadığı bir vaxtda Bəşər Əsəd rejimi ilə YPG-nin saziş imzalaması təsadüfə oxşamır. Mümkündür ki, açıq şəkildə deyilməsə də, sazişin əsas hədəflərindən biri də Türkiyə olsun. Onu da qeyd edək ki, Türkiyənin bufer zona yaratmaq məqsədilə Suriyaya girmək niyyətinə ən kəskin reaksiya da kürd separatçılarından gəlmişdi. PKK liderlərindən Murad Qarayılan xəbəri şərh edərkən bu addımı atacağı təqdirdə Ankaranın ciddi müqavimətlə üzləşəcəyini bildirmişdi. O, eyni zamanda müqavimətin yalnız xaricdə deyil, həm də Türkiyənin öz daxilindəki qüvvələr vasitəsilə göstəriləcəyini demişdi.
Görünür, Suriya rejimiylə kürd separatçıları arasında bağlanan razılaşma şərtlərindən birinin PYG-ni silahla təmin etməyi nəzərdə tutması bu mənada təsadüfi deyil. Suriya Ərəb Xəbər Agentliyinin (SANA) bildirdiyinə görə, Bəşər Əsədin tapşırığıyla ölkənin şimalına səfər edən müdafiə naziri və Silahlı Qüvvələrin Baş qərargah rəisi Fəhəd Casim el-Freycin şəxsən imzaladığı sazişə əsasən, Suriya ordusu İŞİD-ə qarşı mübarizədə YPG-ni silah, cəbbanə və hər cür maddi-texniki təchizatla təmin edəcək. Hansı ki, Türkiyə həmin PYG-nin ABŞ-dan aldığı silahları PKK-ya ötürdüyünü iddia edir və bunu konkret faktlarla sübuta yetirir.
YPG-nin Dəməşq tərəfindən silahlandırılmasında İŞİD-in bəhanə olaraq seçilməsini təsdiqləyən dəlillərdən biri də Bəşər Əsədin terrorçulara indiki şəraitdə özünümüdafiə silahı kimi baxmasıdır. Zaman-zaman İŞİD-in Azad Suriya Ordusuna qarşı Əsəd gücləri tərəfindən dəstəkləndiyi xəbərləri gəlir. Düşməni düşmənə qırdırmaq imkanı varkən, Əsəd rejimi niyə onlardan birini yox etsin? Zənnimizcə, bu səbəbdən YPG-ylə bağlanan sazişdə İŞİD sadəcə əsl məqsədin üstünü örtən niqabdır, səbəb isə kürdləri daha güclü düşmənə qarşı silahlandırmaqdır.
Qısası, belə görünür ki, Bəşər Əsəd Türkiyəyə qarşı kürd kartından istifadəyə qərar verib.
Heydər Oğuz
Strateq.az