Bəzən əcəl ovunu – insanı ölüm dilində danışdırır ki, ətrafındakılar anlaya bilməsin. Acizliyimizi biruzə verməmək naminə bu ilahi qanunauyğunluğa və nizama tabe olmaq üçün alın yazımızla barışıb “nə etməli, qədərdir” deyirik. Səhər salamını alıb axşam bəd xəbərini eşitdiyin birinin taleyini düşündükcə, anlayırsan ki, sən demə, olumdan-ölümə doğru bircə addımlıq yol varmış…
Həyat pəncərəsi, kiçik bir nəfəsliyi olmayan otaq kimi içini sıxanda insan bəzən kölgəsi üçün də darıxır. Yəni yaşamağın elə həm də kölgənin var olmağı deməkdir…
Əslində yazımı belə bədbin notlarla başlamaq istəmirdim. Axı bir neçə gün öncə Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümünü – Peşə bayramımızı sevə-sevə qeyd etmişdik. Həmin gün, sanki, Azərbaycanın hər yerində böyük bir bayram əhvali-ruhuyyəsi vardı.
Rastıma çıxan hər kəsdə o sevincin işartılarını görmüşdüm. Bir daha əmin olmuşdum ki, xalqımız sabitliyin keşiyində ayıq-sayıq durub asayişi qoruyan polisini, onun mərd övladlarını sevir və dəyər verir. Hətta məlum yanan bina hadisəsindən sonra özünü ölümün qucağına atıb insanların həyatını xilas edən polislərimizin bu qəhrəmanlığını eşidən, bilən soydaşlarımız küçədə, bayırda gördüyü hər bir polis əməkdaşına qəhrəman kimi baxırdı…
Polisə sevgi bəsləyib, inam və etibar edənlər yaxşı bilirlər ki, hər hansı təhlükənin qarşısında Azərbaycan Polisi öz həyatını risqə atıb vətəndaşın köməyinə çatacaq, onu xilas edəcəkdir…
Bu gün saytlarda gedən xəbərdə də bu fikirlər öz əksini tapmışdı. Bu dəfə də acı, ölüm xəbəri gələn, lakin qəhrəmanlığı ilə tarix yazan Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev Şüvəlan çimərliyində xidmətdən sonra ailəsi ilə istirahət edərkən, iki nəfərin suda boğulduğunu görüb kömək üçün özünü suya atır. O, boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtarıb sahilə çıxarır və digər boğulana kömək etmək üçün yenidən geri qayıdır. Lakin qayasındıran dalğaların gücünə tab gətirməyib yorulan və taqətdən düşən Zaur onunla birlikdə suda boğularaq öz həyatını da itirir…
Polis serjantı Zaur Nurəliyev 2011-ci ildən daxili işlər orqanlarında xidmət edirdi…
Suraxanı Rayon Mühafizə Şöbəsində olarkən hər bir əməkdaşın üzündə ən əziz adamını itirməyin ifadəsini gördüm. 27 yaşlı bir gəncin, qəhrəman polisin bu fədakarlığı onun yoxluğunu unutdurmasa da, az da olsa, təsəlli idi. O, öz ölümü ilə tarixdə həmişə xatırlanacaq adın və iz qoymağın ölüm bahasına olsa da şərəfli olduğunu təsdiq etmiş oldu…
Bölük komandiri, polis mayoru Telman Rəhimova “Komandir, görəsən bizim də adımız Vətən tarixinə düşəcəkmi, görəsən biz də özümüzdən sonra hər zaman hörmətlə anılacaq bir ad qoyub gedə biləcəyikmi” fikrini bəlkə də heç özü də bilmədən əcəlin dili ilə demişdi ki, onu anlamaqda çətinlik çəksinlər, dediklərinin elə də fərqinə varmasınlar.
O, tarix yazdı…
üzünü görüb doyunca sevə bilmədiyi övladına illər sonra yaşanacaq dərdlə, nisgillə bərabər, həm də qısa ömrünün qəhrəmanlıq tarixini əbədi miras qoydu.
Ruhun şad olsun, əziz həmkarım. Sən içdiyin anda sadiq oldun və uğurunda canını verdiyin bu xalq, bu dövlət səni heç vaxt unutmayacaq!
Sən fədakarlığınla bir daha sübut etdin ki, Azərbaycan Polisi vətəndaşa təhlükədən daha yaxındır!
Hafiz Təmirov,
polis kapitanı