Partiya rəhbərliyindən qəzetə verilən məlumatda bildirilir ki, AXCP Qəbələ rayon şöbəsi konfransın keçirilməsilə bağlı yerli icra hakimiyyətinə iki dəfə müraciət etməsinə baxmayaraq, rəsmi icazə verilməyib. 4 iyul tarixində AXCP Qəbələ şöbəsinin rəhbərliyi rayon icra hakimiyyətinə yenidən müraciət edərək, rəsmi icazə məktubuna niyə cavab verilmədiyini öyrənməyə çalışıb. İcra nümayəndələri şənbə gününün qeyri-iş günü olmasını əsas gətirərək müraciətə rəsmi münasibət bildirməkdən yayınıblar.
Qeyd edək ki, Qəbələ Rayon İcra Hakimiyyəti bir neçə həftə öncə Avropa Oyunlarını əsas gətirərək siyasi toplantılar üçün oyunlardan sonra müraciət edilməsini bildirib.
Ağstafa rayon şöbəsində də eyni problemlər yaşanmaqdadır. Partiyanın rayon rəhbərliyinin şəhər İcra hakimiyyətinə konfransla əlaqədar etdiyi müraciətlərə mənfi cavab verilib. İcra nümayəmdəsi müraciətə cavab məktubunda açıq formada qeyd edib ki, onlar konfransın keçirilməsi ilə bağlı AXCP-ə yer verməyəcəklər.
Qeyd edək ki, qurultayla əlaqədər olaraq partiyanın bütün rayon şöbələrdə nizamnaməyə əsasən konfransların keçirilməsi mütləqdir.
AXCP bildirir ki, rayon icra hakimiyyətlərinin bu fəaliyyəti siyasi partiyalar haqqında qanuna ziddir. AXCP İcra hakimiyyətlərinin bu qanunsuz əməllərini partiyanın yerli rayon şöbələrinin fəaliyyətinə göstərilən əngəl kimi qiymətləndirir.
“Azadlıq” qəzeti