XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 05:14

“Nazirlərimiz var ki, yorulublar, onları yola salmaq lazımdır…” – Qüdrət Həsənquluyev iqtidara mesaj verdi
Avropa Yay Oyunlarından sonra sürprizlərin olacağı barədə gözləntilər hələ ki, real həyatda özünün təsdiqini tapmayıb.
Hansı ki, heç olmasa yüksək səviyyədə keçirilən yarışların məntiqi nəticəsi olaraq cəmiyyətə və beynəlxalq aləmə müsbət mesaj verilməsi baxımından bir sıra vacib addımların atılması məntiqli olduğu qədər də faydalı hesab edilirdi. Xüsusilə də siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması təşəbbüsləri ilə vaxtaşırı çıxış edən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində mövcud vəziyyətə görə təəssüfləndiyini etiraf etdi:
– Sözün doğrusu, mən çox təəssüf etdim. Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa İttifaqı ayrı-ayrı ölkələrin xarici siyasət idarələri tərəfindən çağırışlar var idi ki, həbsdə olan və bəzi insan haqlarını müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər azad edilsin. çox təəssüf hissi ilə deyirəm ki, bu edilmədi. Ona görə də Azərbaycanın bu cür yüksək səviyyədə təşkil edib keçirdiyi Avropa Oyunlarından bizim əleyhimizə də istifadə cəhdləri oldu. Biz bu yarışları keçirirdik ki, Azərbaycanı yaxşı mənada tanıdaq, amma müəyyən qüvvələr bundan istifadə edib ölkəmizin imicini korlamağa çalışdı. Azərbaycan hökuməti belə oyunlar ərəfəsində xoş məram nümayiş etdirib həbsdəki həmin insanları buraxa bilərdi. Böyük tədbirlər ərəfəsində ayrı-ayrı ölkələrdə də amnistiyalar, əfvlər olur. Amma çox təəssüf ki, bizdə buna gedilmədi.
Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirməsi xalqımızın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini, tolerantlığını da nümayiş etdirdi. Oyunlar ərəfəsində Bakıdakı turistlərdən birinin də burnu qanamadı. Hətta bura gəlmiş erməni nümayəndə heyətinin də təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmuşdu və xalqımız yüksək şüur nümayiş etdirərək bunu anlayışla qəbul edirdi. Bu, ermənilərin “biz azərbaycanlılarla bir yerdə yaşaya bilmərik” bəhanəsinə də cavab oldu və ermənilərin bu arqumentini də əllərindən almış olduq. Dünya ölkələri şahid oldu ki, burada Ermənistandan fərqli olaraq ən müxtəlif dinin, millətlərin təmsilçiləri çox rahat birgə yaşayırlar. Amma çox təəssüf ki, bizim hökumətimiz bir sıra məsələlərlə bağlı gözlənilən addımları atmadı.
– Qüdrət bəy, sizdə məlumat varmı ki, niyə bu addımlara gedilmədi? 5-10 nəfərin azadlığa buraxılması doğrudanmı təhlükəli məsələ sayılır?
– Mən tələbəlik illərindən, 1987-ci ildən siyasi proseslərə qatılmış adamam, amma burada ciddi bir arqument tapa bilmədim. Fikrimcə, bu, “biz sizi eşitmirik, saymırıq” demək idi. Amma bizim beynəlxalq təşkilatlardan çox böyük umacaqlarımız var. Mən beynəlxalq təşkilatların, insan hüquq müdafiə qurumlarının hər zaman haqlı olduğu fikrindən çox-çox uzağam. Bilirəm ki, həmin qurumları maliyyələşdirən dövlətlər barmaqlarını hansı ölkənin üzərinə tuşlayırsa, həmin ölkədə insan haqlarının vəziyyətinə xüsusi diqqət yetirirlər. Bəzən problemlər axtarırlar, yaxud olan problemləri şişirtmək, qabartmaq, xüsusi şəkildə gündəmə gətirməyə çalışırlar. Biz bunların hamısını bilirik. Hakimiyyətin dediklərində də bu mənada həqiqətlər var. Amma mən bir dəfə parlamentin iclasında da dedim ki, axı, Ermənistanın hərbi-siyasi müttəfiqi, Ermənistanda böyük hərbi baza saxlayan ölkə, torpaqlarımızın bu gün də işğal altında qalmasının əsas səbəbkarı Rusiyadır. Rusiya Ermənistanı müdafiə etməsə, biz bir həftəyə torpaqlarımızı azad edərik, bunu hamı bilir. Lakin görürsünüz, biz faktiki surətdə tərəf olan bir ölkəni vasitəçi kimi qəbul etmişik, yəni reallıqla barışmışıq. Mən bu siyasətə görə hökuməti qınamıram da.
Başa düşürəm ki, hökumət reallığı qəbul edib və edir. Amma digər reallığı da qəbul etmək lazımdır ki, Azərbaycanda və dünyanın digər bölgəsində insan haqlarının durumu ilə bağlı vəziyyət öyrəniləndə kimsə bizim yerli QHT-lərin rəylərini götürüb baxmır. Bir ingilis, ya fransız Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə tanış olmaq istəyəndə “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatların hesabatlarını oxuyur. Deməli, biz o reallığı da qəbul etməliyik ki, bu gün dünyada ictimai rəyi bunlar formalaşdırır. Ola bilməz ki, reallığın birini qəbul edirsən, digərini yox. Ona görə də hesab edirəm ki, bu reallığı da qəbul etmək, onların haqlı olub-olmamasından asılı olmayaraq həbsdəki həmin insanları azad etmək lazımdır. Gəlin kimin haqlı, ya haqsız tutulduğunu da dartışmayaq. Necə ki, biz vaxtilə Ələkrəm Hümbətov kimi adamı azad etmişik. Dövlətə qarşı qaldırdığı hərbi qiyam 3 nəfərin ölümü ilə nəticələndi, amma biz onu – ölkəni parçalamaq istəyən, separatçılığın başında duran bu şəxsi əfv etdik, indi Avropada yenə bizə qarşı mübarizə aparır. Yəni indi Qarabağ uğrunda vuruşmuş Tofiq Yaqublu Ələkrəm Hümbətovdan bu ölkə üçün daha təhlükəli adamdır, biz onu əfv edə bilmirik?
– Deyirsiniz şans itirildi?
– Yox, mən yenə də düşünürəm ki, baxmayaraq ki, Azərbaycana qarşı böyük kampaniya aparıldı, amma Avropa Oyunları yenə də ölkəmizi yaxşı mənada təqdim etmək üçün bir imkan oldu və Azərbaycan bu şansdan istifadə etdi. Bunun ardınca nə etmək lazımdır? Bu oyunlar Azərbaycana əlavə stimul verməlidir ki, biz öz xalqımıza güvənək, bəzi vərdişlərin, ənənələrin olmadığını, mentatiletimizi də nəzərə alaraq tədrici islahatlar prosesini sürətləndirək, ölkəni yeni bir mərhələyə keçirək. Bu, çox zəruri və vacibdir. Bu oyunlar xalqın özünə güvəncini xeyli artırdı. Biz müharibədə məğlub olmuş xalqıq və xalqın öz gücünə, inamına çatışmazlıq kompleksi formalaşıb ki, 2 milyonluq Ermənistana uduzmuşuq. Düzdür, burada Rusiya faktoru var. Amma Ermənistan özünə güclü müttəfiq tapa bildi və torpaqlarımızı işğal etdi və hər halda diplomatik, siyasi və hərbi müstəvidə müharibəni uduzmuşuq. Bundan sonra ölkədə iqtisadi, siyasi islahatlar aparılmalıdır.
– Qarşıda da parlament seçkiləri var. Hesab edirsinizmi ki, bu seçkilərin necə keçirilməsindən çox şey asılıdır?
– Bəli, hesab edirəm ki, seçkilər ən yüksək səviyyədə təşkil olunmalıdır, daha güclü bir parlament formalaşdırılmalıdır. Artıq Azərbaycan insanı daha yaxşı seçim etmək gücündədir. Əvvəllər insanlar daha çox sahibkarlara üstünlük verirdilər, deputata asfalt çəkən adam kimi baxırdılar, yaxud deyirdilər deputatın hansısa vəzifəsi olsun, onların problemlərini həll etsin. İndi mən düşünürəm ki, Azərbaycan
siyasətinə gənc, dünya, regional siyasətdən, ölkənin daxili və xarici siyasətindən baş çıxara bilən insanlar lazımdır. Belə insanlar hal-hazırda – siz jurnalist olduğunuza görə demirəm – Azərbaycan jurnalistikasında xüsusilə formalaşıb. Yəni mən bu gün dayanmadan 15-20 adlar çəkə bilərəm, qəzet redaktorları, televiziya işçiləri, parlament müxbirləri sırasında belələri var. Onlar qorxmamalıdırlar, siyasətə qatılmalıdırlar və xalqımız da belə insanları dəstəkləməlidir. Yaxud bu illər ərzində partiyalarda formalaşan siyasətçilər var. Düzdür, bizdə hələ çoxpartiyalı sistem tam mənada oturuşmayıb, güclü siyasi partiyalar yoxdur ki, iqtidarla rəqabət apara bilsin. Amma hər halda partiyalarda belələri var və hətta bəzi insanlar müxalifəti dəstəkləməsə belə, nəzərə almalıdır ki, ölkədə güclü müxalifət olmayacaqsa, bir çox nöqsanlar aradan qalxmayacaq. Məsələn, prezident Respublika Günü ilə bağlı tədbirdəki çıxışında dedi ki, ictimai nəzarət olmalıdır və bir nəfər hər şeyə nəzarət edə bilməz. Nəinki bir nəfər, heç dövlət strukturları hər şeyə nəzarət edə bilməz. Ona görə ki, hakimiyyətin üzərində – vətəndaş nəzarəti ayrı bir kateqoriyadır – mütləq müxalifət nəzarəti olmalıdır.
– Necə bilirsiniz, bütün bunlar parlament seçkilərində nəzərə alınacaq, yoxsa…
– Hesab edirəm ki, xalqımız da, iqtidar da bunu nəzərə almalıdır. İqtidar hər zaman deyir ki, müxalifəti gücləndirmək bizim borcumuz deyil. Məsələyə formal yanaşanda, əlbəttə, istənilən iqtidar seçkidə daha çox uğur qazanmağa çalışır. Amma iqtidarın borcudur ki, ölkədə siyasi sistemi inkişaf etdirsin, ölkədə güclü partiyalar və müxalifət olsun. Əgər ölkədə müxalifət yoxdursa, deməli, siyasi islahatlar lazımi səviyyədə aparılmır.
– Əgər islahatlara başlanılmasa, nə baş verəcək?
– Hər halda prezidentin müsahibə və çıxışları bizdə ümid yaradır ki, istəyir yeni parlament seçkiləri ilə bağlı olsun, istər hökumətin tərkibi ilə bağlı müəyyən addımlar mütləq atılacaq. Hökumətin tərkibində ciddi dəyişikliklər edilməlidir. özünü tam mənada tükətmiş, yeni ideyalar, işgüzarlıq baxımından enerjisi tükənmiş nazirlərimiz var ki, yorulublar. Bu insanları, sadəcə, hörmətlə yola salmaq lazımdır ki, gedib təqaüdə çıxsınlar, nəvələri ilə istirahət etsinlər, ya başqa bir işin qulpundan yapışsınlar. Rotasiyalar mütləq olmalıdır, iqtidarın özü belə canlanmalıdır, iqtidar həm də özü-özünü yeniləməlidir. Müxalifətin də toparlanmasına böyük ehtiyac var. Düşərgədəki ambisiyaları bir az boğmaq lazımdır. Müxalifətə 50 partiya lazım deyil, hal-hazırda Azərbaycana 5 partiya lazımdır. Ancaq proses təbii yolla getməlidir. Bir dəfə prezident köməkçisi Əli Həsənovla partiyaların görüşündə də dedim ki, hökumət vaxtilə əgər çoxlu partiyaların yaranmasını stimullaşdırırdısa, indi partiyaların təmərküzləşməsini stimullaşdırmalıdır. Burda da iqtidarın məsuliyyəti var və addımlar atılmalıdır.
– ATƏT-in Bakı Ofisi fəaliyyətini dayandırdığını rəsmən bəyan etdi. Ancaq paralel şəkildə rəsmi Bakı ATƏT-ə və Avropa Şurasına parlament seçkilərini müşahidə etmək üçün müraciət edib. Münasibətlərdəki konfrantasiya şəraiti müşahidəçilikdə hansı nəticələri verə bilər?
– Biz ATƏT-in Bakıda fəaliyyət göstərdiyi dövrdə onların seçkilərə verdiyi rəyi görmüşük. Yəni bundan sonra faktiki surətdə Azərbaycanın həm də beynəlxalq təşkilatlardan müsbət rəy almaq istiqamətində işi xeyli çətinləşəcək. Bu təşkilatlar zərrəbinlə Azərbaycanda problemlər axtaracaq. Ona görə də həm ATƏT, həm Avropa Şurası, hansı ki, qərarlar qəbul ediblər, müəyyən məsələlərlə bağlı tələblər qoyublar, ancaq Azərbaycan bunlara qəti şəkildə əhəmiyyət vermir, bu qurumların seçkilərdə hansı rəy verəcəyi bəribaşdan bəllidir. Ona görə də Azərbaycan hökuməti bu seçkilərin həm beynəlxalq aləm tərəfindən tanınması üçün, həm kənar qüvvələrin daxildə özlərinə tərəfdar tapıb Azərbaycanın milli maraqlarına uyğun olmayan istiqamətdə inkişaf etdirmək cəhdlərinin qarşısını almaq üçün müəyyən islahatlar aparmalıdır. Bizim səfirlər fəaliyyətlərini gücləndirməlidir.
Səfirləri işlədə biləcək mexanizmlər hazırlanmalıdır, dövlət hakimiyyət orqanlarına hazırlıqlı kadrlar gətirilməlidir, diasporun fəaliyyətindən maksimum dərəcədə istifadə etmək lazımdır. Təəssüf ki, Azərbaycan diasporu zəifdir. Düzdür, təşkilatlanır, bu istiqamətdə ciddi iş görülür, Dövlət Komitəsi fəaliyyət göstərir. Amma çalışmaq lazımdır ki, dövlətimiz onların da imkanlarından maksimum surətdə faydalansın. Bizim diasporumuzla səfirliklərin işi çox vaxt bir-birini ittiham etmək, bir-birinə mane olmaq, bir-biri haqqında dezinformasiya yayıb gözdənsalma kampaniyası aparmaq olur. Bunların fəaliyyəti əlaqələndirilməli, birgə işləməlidirlər. Bu işlərin də aparılması üçün konkret addımlara ehtiyac var. Avropanın aparıcı ölkələrindən küsmək lazım deyil. Avropa ölkələri ictimaiyyəti ilə çox geniş və əhatəli iş qurulmalıdır, ictimaiyyətin vasitəsilə həmin ölkələrin siyasi rəhbərliyinə təzyiqlər edilməlidir ki, onlar Qarabağ məsələsində, Azərbaycana münasibətdə ədalətli mövqe sərgiləsinlər.
Yoxsa o mövqe tutulsa ki, “Avropa qələt edir, Rusiyadan fərqli olaraq onun burda nəsə etmək imkanı yoxdur”, bu, uğurlu nəticəyə aparıb çıxartmayacaq. Kimlərsə deyir ki, Lukaşenkoya münasibətini dəyişdiyi kimi, Avropa sonda onsuz da Azərbaycanla da əməkdaşlıq edəcək. Ancaq unutmayaq ki, Belarusun Qarabağ dərdi yox idi. İkincisi də Belarus Rusiya ilə eyni millətdir, hərbi-siyasi müttəfiqdir. Biz isə Rusiya ilə nə qədər yaxınlaşmaq istəsək də, Qarabağ faktoru var. Ona görə də real vəziyyət fərqlidir. Baxın, Böyük Britaniyada da Azərbaycana qarşı fəaliyyət güclənir, Bako Saakyanı Londona dəvət etdilər. Hansı ki, bp burda əsas kampaniyadır. İndi Qarabağ məsələsi ilə bağlı bizə təzyiq etməyə başlayacaqlar. Avropa ilə bu cür qarşıdurma Qarabağın siyasi-hüquqi müstəvidə tədricən itirilməsinə gətirib çıxara bilər. Mən bu təhlükəni görürəm və xəbərdarlıq edirəm ki, biz mütləq və mütləq müəyyən addımlar atmalıyıq. Əgər iqtidar Azərbaycan vətəndaşına mesaj vermək istəyirdisə ki, heç kim bizə kənardan təzyiq edə bilməz, artıq Azərbaycan vətəndaşları – siyasi partiya, QHT təmsilçiləri də başa düşüb ki, kənarda kiməsə arxayın olmaq, həbsinə imkan verilməyəcəyini düşünmək, sadəcə, illüziyadır. Onsuz da illərdir bu fikir insanların düşüncəsinə hakim kəsilib və bunu təkrar-təkrar nümayiş etdirməyin mənası yoxdur. Amma Azərbaycanın milli maraqları mütləq önə çəkilməlidir…