Suriyada 3 istiqamətdə ağır döyüşlər gedir. Bölgədən gələn xəbərlərə görə, Əsəd rejimi həm ölkənin ən böyük ikinci şəhəri olan Hələbi müxalif silahlılardan qorumağa, həm Dəməşqin yaxınlığındakı Zəbədani qəsəbəsini geri almağa çalışır, həm də ABŞ-ın liderliyiylə koalisiya qüvvələri İŞİD-in paytaxtı halına gələn Raqqaya bombalar yağdıraraq PYG-nin növbəti əməliyyatlarına şərait yaradır.
Son günlər ən çox insan itkisinin baş verdiyi döyüşlər Hələbdə yaşanır. Suriyanın şimalında yerləşən vilayət mərkəzini ələ keçirmək üçün 20 min nəfərlik qüvvəylə əməliyyata başlayan müxaliflərlə rejim gücləri arasındakı qarşıdurmalar 2 nöqtədə davam edir. Rejim güclərinin sıx hava hücumlarına baxmayaraq, müxaliflərin ələ keçirdikləri bölgələrdə nəzarəti itirmədiklərini və rejimə aid hərbi nöqtələrə hücumlar təşkil etdikləri bildirilir. Hələbin vilayət mərkəzinin böyük hissəsi hələ də rejim güclərinin əlində, şimal və qərbdə müxaliflər, şərq və cənub-şərq cəbhəsi İŞİD-in nəzarətindədir. Şeyx Məqsud bölgəsinin isə Demokratik Birlik Partiyasının (PYD) hakimiyyətində olduğu bildirilir.
2 iyul tarixində böyük əməliyyata başlayan müxaliflər dünən Cəmiyyət üz-Zəhra və Yeni Hələbin cənubundakı rejimə məxsus Hərbi Akademiya bölgələrində döyüşü davam etdirirlər. Dünən müxaliflərin Hərbi Akademiyadan çıxan rejimə aid maşın karvanına qurduqları pusquda aralarında İran və Hizbullah silahlılarının da olduğu 30 əsgəri öldürdüklərini bildirmişdilər. Dəməşq cəbhəsinin sahə komandirlərindən Əbu Abbas Anadolu Agentliyinə verdiyi açıqlamasında indiyə qədər 200 rejim əsgərinin öldürüldüyünü, 50 əsgərin yaralandığını, 5 tank və onlarla hərbi vasitənin məhv edildiyini və çox sayda hərbi sursatın ələ keçirildiyini bildirmişdi.
Edinburg Universitetindən Suriya mütəxəssisi Tomas Pierret Hələbdə yaşananları müxalif hərbi birləşmələrinin şəhərdə 2013-cü ilin iyulundan bəri ilk dəfə irəliləməsi kimi qiymətləndirib.
Digər tərəfdən, Bəşər Əsədə bağlı birliklərin Livandan gələn Hizbullah yaraqlılarıyla bərabər dünən müxaliflərin əlində olan Zəbədani şəhərinə girdiyi bildirilir. 3 gündür, ağır döyüşlərin getdiyi şəhər Livan sərhədində yerləşir və olduqca strateji əhəmiyyətə sahibdır. Paytaxtın şimal-qərbində yer alan Zəbədani şəhəri bölgədə müxaliflərin əlində olan tək yaşayış məntəqəsidır. Qarşıdurmalarda 14 rejim hərbcisi ilə Hizbullah üzvü ölərkən, əl-Nusra cəbhəsindən də 11 silahlı həyatla vidalaşıb. Əsəd rejimi bölgəyə 90 hava hücumu təşkil edib.
ölkədə ən diqqət çəkən hadisə Raqqada yaşananlardır. Maraqlıdır ki, şəhəri ələ keçirməyə hazırlaşan PYG həm ABŞ, həm də Əsəd rejim tərəfindən hərbi dəstək alır. Olduqca strateji önəm daşıyan, Suriya neftinin, təxminən, 3/1-nə sahib olan Raqqanı əlinə keçirilməsi qüvvələr nisbətini kürd separatçılarının lehinə dəyişə bilər. Belə ki, Suriya və İraqın yarısından çoxunu ələ keçirən İŞİD-lə mübarizə naminə Raqqanın alınması çox böyük önəmə sahibdir. Raqqa təkcə İŞİD-in Suriyadakı faktiki paytaxtı olmaqla qalmır, həm də “xilafət”in əsas gəlir mənbələrinin başında gəlir. Burada istehsal olunan neft və neft məhsulları onun büdcəsini böyüdür, hərbi texnikalarını işə salır.
İraqın Səlahəddin şəhərinin yaxınlığındakı Baiji neft mədənini ələ keçirdikdən sonra İŞİD iki əsas “qara qızıl” mənbəyindən biri olan Raqqanın önəmini artıran əsas məsələ Baijinin istifadəyə yararsız halda olmasıdır. Baiji mədəni işğaldan əvvəl gündə 150 min barel neft ayırmaq potensialına malik olsa da, işğal sırasında ciddi xəsarət görmüş və İŞİD tərəfindən yandırılmışdır. Hazırda Raqqa faktiki olaraq “xilafət”i neftlə təmin edən yeganə məkana çevrilib. Şəhərin alınması İŞİD-i bu imkandan da məhrum edə və məğlubiyyətini asanlaşdıra bilər.
Palmiradaki qırğınların ardından ABŞ liderliyindəki koalisiya təyyarələri dünən Suriyanın Raqqa şəhərinə indiyə qədərki ən şiddətli hava əməliyyatlarını təşkil edib. Keçirilən 16 hava hücumunda 22 İŞİD-çi öldürülüb. Suriya İnsan Haqqları Müşahidə Evi təşkilatının bildirdiyinə görə, hava əməliyyatlarında 1-i uşaq olmaqla 8 vətəndaş da canını Allaha tapşırıb.
Heydər Oğuz
Strateq.az