Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda güclü partlayış baş verib.
Strateq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış nəticəsində yaralananlar var. Hazırda Şirvan rayon Mərkəzi Xəstəxanasına çoxlu sayda yaralılar gətirilib.
***
Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. Yaralanan və ölən qadınların şəxsiyyəti dəqiqləşdirilir.
***
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda Şirvan rayon Mərkəzi Xəstəxanasına 19 nəfər yaralı gətirilib: “Onların içərisində yüngül və ağır zəhərlənənlər var. ölənlər barədə hələ ki, məlumat yoxdur. Hazırda təcili tibbi yardım maşınları hadisə yerindədir və yaralıları xəstəxanaya gətirirlər”.
***
Virtualaz.org-un məlumatına görə, partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.
Şirvan şəhər xəstəxanasından əldə etdiyimiz son məlumata görə, partlayış nəticəsində azı 1 nəfərin həlak olduğu dəqiqdir. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
***
Şirvan şəhər xəstəxanasından bildiriblər ki, ölən şəxsin kimliyi bilinib. O, Süleymanova Raziyədir.