XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2015 - 08:14

Nüfuzlu hüquq müdafiə təşkilatları dünya kəşfiyyatlarının hədəfinə niyə düşür?

Qabil Hüseynli: “Dövlətlər üçün istinad etdikləri qurumların fəaliyyətilə yaxından tanış olmaq olduqca maraqlıdır”

Bu günlərdə yayılan sensasion məlumat hamının təəccübünə səbəb oldu. Müstəqil nəzarət qurumu olan “İnvestigatory Powers Tribunal” (Kəşfiyyat Xidmətləri üzrə Tribunal) Böyük Britaniya hökumətinin beynəlxalq hüquq müdafiə təşkilatı olan “Amnesty İnternational”ın izlənməsini həyata keçirdiyini bəyan edib.
“Amnesty İnternational” Hökumət Rabitəsi Mərkəzi (ingiliscə “Government Communications Headquarters” və ya GCHQ adlanır) tərəfindən izlənib. Bu mərkəz Böyük Britaniyanın xüsusi xidmət orqanıdır. O, radioelektronika kəşfiyyatının həyata keçirilməsinə, hökumət orqanlarının və ordunun informasiya müdafiəsinin təmin olunmasına cavabdehdir.
“Biz 18 ay davam edən məhkəmə araşdırmalarından sonra nəhayət bunu təsdiq edə bilərik ki, artıq Britaniya xüsusi xidmət orqanlarının təqib predmetinə çevrilmişik. Bu da bizi hiddətləndirir. çünki əvvəllər hesab olunurdu ki, belə şeylər yalnız despotik rejimlərə xasdır. Amma belə hallar indi Britaniya torpaqlarında da baş verir” – deyə “Amnesty İnternational”ın baş katibi Salil Şettinin bəyanatında bildirilir.
“Government Communications Headquarters”dən olan britaniyalı kəşfiyyatçılar “Amnesty İnternational”ın əməkdaşları arasındakı danışıq və yazışmaları ələ keçiriblər.
“Amnesty İnternational”ın Britaniyadakı siyasi şöbəsinin rəhbəri Alan Hoqart bəyan edib ki, izlənmə xəbəri təşkilatın London ofisinin əməkdaşlarını şoka salıb.

“Bizə cavab verilməlidir. Biz niyə izləndiyimizi bilməliyik. Bu təkcə bizim təşkilata aid olan məsələ deyil. Hakimiyyətin belə addımları digər təşkilatlar və sadə insanlar üçün də təhlükə mənbəyidir. Hökumətin insanların şəxsi həyatına müdaxiləsi yolverilməzdir. İnsanların total izlənmə mühitinin ölkədə yaşaması risqlidir” – deyə A.Hoqart bildirib.
Qeyd edək ki, bu, Avropada baş verən ilk qalmaqal deyil. Bir müddət əvvəl Almaniya hökumətinin “Sərhədsiz Reportyorlar” təşkilatı ətrafında kəşfiyyat xarakterli hərəkətlər etməsinə dair məlumatlar yayılmışdı.

Qərb ölkələrinin hakimiyyətlərinin həmin ölkələrdə fəaliyyət göstən nüfuzlu QHT-lərə olan inamsızlığının kökündə nə dura bilər? Qərb kəşfiyyatları bu təşkilatları niyə izləyir?

Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, əslində belə hallara inkişaf etmiş ölkələrdə daha çox rast gəlinir: “Bəzi hallarda isə qeyri-professional tərzdə görülən iş belə ifşa ilə nəticələnir. Bu o demək deyil ki, Qərb və ABŞ-la həmin təşkilatların arasında ziddiyyət var. Yox! Əksinə, adlarını çəkdiyimiz dövlətlər bəzən öz dövlət maraqlarını təmin etmək üçün, sözügedən tipli qurumların hesabatlarından istifadə edirlər. Onları dinləməkdə də maraq bundan irəli gəlir. Dövlətlər üçün istinad etdikləri qurumların fəaliyyətilə yaxından tanış olmaq olduqca maraqlıdır. Amma istənilən halda bu, qanunazidd fəaliyyətdir”.

Məhəmmədəli QƏRİBLİ