XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 23:25

Hərbi çevriliş cəhdi Ərdoğanı hansı addımları atmağa məcbur edəcək? –Ekspertdən ilginc açıqlamalar

elxan-sahinoglu-esas

"Türkiyədə 1980-ci ildə general Kənan Evren hərbi çevriliş həyata keçirdikdə Türkiyədə buna ciddi etiraz olmadı. Hərbçilər dərhal dövlət binalarını ələ keçirdilər, media nəzarət altına alındı, siyasətçilər isə bu vəziyyətlə razılaşdılar. Türkiyədə 1980-ci illərin əvvəllərində solçularla millətçilər arasında küçələrdə qanlı toqquşmalar olurdu. Bu vəziyyətdən sadə vətəndaşlar narazı idilər və qayda-qanunun yaradılmasını istəyirdilər. Hakimiyyətdə olan siyasi qüvvə qayda yarada bilmədiyindən ordu generalları onları əvəz etməyə qərar verdilər".

Strateq.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, general Kənan Evren sanki cəmiyyətin sosial sifarişini yerinə yetirirdi. Buna görə də çevrilişdən sonra siyasi fəaliyyət bir müddət qadağan edildi, küçələrdə isə sakitlik bərpa olundu. O, çevrilişi kiçik istisnalarla qan tökmədən reallaşdırdı. Kənan Evrenin kimsəni əvvəlcədən öldürmək fikri yox idi, lakin sonralar sifarişli məhkəmələr ölüm hökmləri çıxardılar:

"Ancaq Türkiyədə 15 iyul 2016-cı ildə bu dəfə hərbi çevrilişi planlayan generallar Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanı öldürməklə yanaşı, günahsız insanlara və polisə də atəş açmaq əmrini verdilər. Demək ki, hərbi çevrilişi planlayanlar dövlət və özəl binalardakı günahsız mülki insanları və polis işçilərini də qətlə yetirəcəklərini əvvəlcədən planlaşdırıblar. Çevrilişi planlayanlar atdıqları addımın Türkiyə üçün ağır nəticələrinin olacağını əvvəlcədən bilirdilər.

Türkiyə prezidenti və hökuməti 15 iyuldakı hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın Pensilvaniya ştatında gizlənən Fətullah Gülənin dayandığına əmindir. Fətullah Gülən özü bu ittihamları inkar edir. Ancaq faktlar bunun tərsini deyir. Çevrilişi planlayan yüksək rütbəli hərbçilərin Gülən hərəkatına bağlı olduqları müəyyənləşib.

Əslində, Türkiyədə böyük əksəriyyət hərbi çevrilişin baş verəcəyini gözləmirdi. Türkiyənin gündəmində “hərbi çevriliş ola bilərmi” sualı yox idi. Türkiyənin rəsmiləri və siyasi ekspertləri daha çox Türkiyənin PKK və DAİŞ-lə mübarizəsini və baş nazir Binəli Yıldırımın xarici siyasətindəki keyfiyyət dəyişikliklərini müzakirə edirdi. Kimsə düşünməzdi ki, PKK ilə qanlı mübarizə getdiyi dövrdə orduda bir qrup zabit çevriliş planlaya bilər".

Ekspertin təhlilinə görə, 15 iyul hərbi çevrilişinin nəticəsiz qalmasının bir neçə səbəbi var:

"Birincisi, 1960 və 1970-ci illərin əvvəlindəki və 1980-ci il hərbi çevrilişlərindən fərqli olaraq bu dəfə hakimiyyətdə olan siyasi qüvvə mübarizəsiz təslim olmayacağını açıqladı. Prezident insanları küçəyə çıxmağa səslədi. Halbuki, keçmiş illərdə hakimiyyətdə olan siyasi qüvvələr hərbi çevrilişi təşkil edən generalların tələblərini yerinə yetirmişdilər.

İkincisi, keçmişdəki hərbi çevrilişlərdən fərqli olaraq bu dəfə ordunun tamamı hərbi çevrilişə dəstək vermədi. Əksinə, çevrilişi planlayan generallar baş qərargah rəisini və çevrilişə etiraz edən bir çox generalı həbs etdilər. Türkiyə ordusunun tamamı çevrilişə dəstək vermədiyinə görə də çevriliş alınmadı.

Üçüncüsü, Türkiyədəki polis sistemi çevriliş etməyi planlaşdıran hərbçilərlə silahlı mübarizə apardılar. Bunun nəticəsində xeyli polis həlak oldu. Yəni polis bütünlüklə Türkiyədəki hakimiyyəti dəstəklədi.

Dördüncüsü, xalq çevrilişi planlayan hərbi xuntaya qarşı mübarizə apardı. Çevrilişi hazırlayan generallar bəlkə də xalqın küçələrə çıxacağını planlaşdırmırdı. Ancaq insanlar küçələrə çıxdılar və ölmək risqinə baxmayaraq tankların yolunu kəsdilər.

Beləliklə, çevrilişi planlayanlar bu dörd amili nəzərə almamışdılar. Buna baxmayaraq, çevrilişi planlayan generallar parlament binasının bombalanmasından tutmuş əsgərlərin insanlara və polisə atəş açmalarına dair əmrlər verdilər. Bunun nəticəsində də ölənlərin sayı 300 nəfərə çatdı".

Elxan Şahinoğlunun sözlərinə görə, 15 iyul çevrilişinin uğursuzluğu başqa nəticələrə də səbəb olacaq:

"Birincisi, bundan sonra Türkiyədə hərbi çevriliş etmək problematikdir. Çünki, bu, birbaşa vətəndaş müharibəsinə yol açacaq.

İkincisi, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan nəzərdə tutduğu planlarını sürətlə həyata keçirməyə başlayacaq. Ərdoğan Konstitusiyanı dəyişərək prezident səlahiyyətlərini artıracaq. Türkiyə prezidenti orduda islahatlar apararaq silahlı qüvvələri siyasi hakimiyyətdən asılı vəziyyətə salacaq. Ən əsası Ərdoğan əsas rəqibi olan Fətullah Gülən hərəkatını tam neytrallaşdırmağa çalışacaq. Minlərlə məmur, hərbçi, polis, diplomat və təhsil işçisi bu hərəkata bağlı olduğu şübhəsi ilə işdən kütləvi surətdə çıxarılırlar. Bu proses hələ davam edəcək və on minlərlə insanı əhatə edəcək.

Üçüncüsü, Türkiyə prezidenti kəşfiyyat xidmətində də ciddi dəyişikliklər edəcək. Çünki, hərbi çevrilişin baş verməsində Milli İstihbarat Təşkilatının da günahı var. Hərbi çevrilişi planlayan generallar buna uzun müddət hazırlaşıblar, onlarla hərbçi plan ətrafında aylarla müzakirələr aparıb və bundan təhlükəsizlik xidmətinin xəbəri olmayıb. Ona görə də Ərdoğan yeni MİT rəhbərindən tələb edəcək ki, ordu üzərindəki nəzarəti gücləndirsin".

Politoloq onu da bildirb ki, Ankaranın xarici siyasətində də dəyişikliklər mümkündür. Türkiyə hökuməti Vaşinqtona müraciət edərək Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyib. Böyük ehtimalla Vaşinqton Güləni Türkiyəyə təhvil verməyəcək:

"Bu da Türkiyə ilə ABŞ arasındakı münasibətlərin soyumasına gətirib çıxaracaq. Onsuz da Türkiyədə bir qrup siyasətçi hərbi çevrilişdə ABŞ-dakı mərkəzlərin rolunun olduğunu qeyd edirlər.

Ankara boyük ehtimalla Rusiya ilə yaxınlaşma siyasətini gücləndirəcək. Bu siyasətdə Kreml də maraqlıdır. Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən fərqli olaraq yeganə lider idi ki, hərbi çevriliş sonrası Ərdoğana zəng edərək ona dəstək ifadə etdi. Moskva hətta çevrilişin uğurlu olacağı halda, Ərdoğana siyasi sığınacaq verəcəyini də açıqladı. Kreml Ankaranın Vaşintonla münasibətlərinin soyumasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq.

Maraqlıdır ki, Türkiyənin rəsmiləri Rusiyanın hərbi təyyarəsinin də məhz hazırki çevrilişçilər tərəfindən vurulduğunu bildirirlər. Başqa sözlə, hərbi çevrilişi planlayanlar əvvəlcə Ankara ilə Moskvanın əməkdaşlığını pozmaq istəyiblər və buna Ərdoğan Putindən üzr istəyənə qədər nail olublar. Bu iddiada həqiqət payı odur ki, Türkiyədə çevrilişin əsas qüvvəsi məhz hərbi hava qüvvələrində cəmləşmişdi. Rusiya təyyarəsini vuran pilot artıq həbs olunub.

Sadəcə sual olunur: Əgər həqiqətən Rusiyanın təyyarəsini vurmaq çevrilişçilərin və onların arxasındakı Fətullah Gülənin planı olubsa, niyə həmin zaman Ankara bunun üstünü açmadı, daxildə komissiya yaradıb məsələni özü üçün aydınlaşdırmadı?

Unutmayaq ki, sərhədi pozan təyyarənin vurulmasını o zamanın baş naziri Əhməd Davudoğlu belə dəyərləndirdi:“Təyyarəni vurmaq əmrini mən vermişəm”.

İndi isə deyilir ki, təyyarəni Gülən tərəfdarları vurub. Ankara bununla sanki bir daha Moskvadan üzrxahlıq edir ki, Sizin təyyarəni biz yox, bizim daxili düşmənlərimiz vurub. Kreml üçün bu cavab məqbuldur.

Beləliklə, Ankara uğursuz hərbi çevrilişin qarşısını almaqla iki məqsədinə də çatacaq: birincisi, orduda və idarəetmə sistemində təmizlik işləri gücləndiriləcək. ikincisi, Moskva ilə sıx əlaqələr bərpa olunacaq".

15 iyul hərbi çevriliş cəhdinə ilk reaksiya verənlərdən birinin də prezident İlham Əliyevin olduğunu deyən ekspertin sözlərinə görə, Azərbaycan prezidenti birmənalı olaraq Türkiyə hakimiyyətini dəstəkləyib:

"Bundan başqa Azərbaycanda Fətullah Gülənə bağlı Qafqaz Universitetinin statusu və rəhbərliyi dəyişdirildi. Fətullah Gülənin mətbuat konfransında iştirak etdiyinə görə ANS televiziya kanalı, radiosu və saytı bir aylıq bağlandı. Televiziya rəhbərliyi yanlış addım atdıqlarını bəyan etsə də, hakimiyyət geri addım atmadı…".