ötən il Türkiyə Milli Xəbəralma Təşkilatının (MİT) rəhbəri Haqan Fidan, dövrün Xarici İşlər naziri Əhməd Davudoğlu, Xarici İşlər Nazirliyinin yetkilisi Ferdidun Sinirlioğlu və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci sədri general-polkovnik Yaşar Gülər arasında keçən söhbətin səsyazısı yayılmışdı. Skandal səsyazısında xüsuilə Haqan Fidanın “lazım gələrsə, Suriyaya 4 adam göndərərəm, Türkiyəyə 8 raket atdırar, Şah Süleyman türbəsinə hücum təşkil etdirər, müharibə üçün əsas yaradaram.” cümlələri daha çox diqqəti cəlb edirdi.
Xatırladaq ki, o vaxt Türkiyə öz ərazisini hücumlardan qorumaq iddiası ilə Suriyaya girmək istəyirdi. Məhz bu ərəfədə həmin səsyazısının sosial mediaya sızdırılmasından sonra rəsmi Ankara geri addım atmışdı.
Faktiki olaraq Türkiyənin önəmli bir hərbi əməliyyatının qarşısını alan bu hadisənin kim tərəfindən törədildiyi maraq edilirdi. Almaniyanın “Focus” dərgisi dünənki sayında bu müəmmaya aydınlıq gətirəcək xəbər yayınlayıb. Xəbərə görə, bu şantajın müəllifi ABŞ-ın xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Agentliyidir (NSA).
İttiham Almaniyada Türkiyənin xeyrinə casusluqda günahlandırılaraq mühakimə olunan Məhəmməd Taha Gərgərlioğluna aiddir. Onun istintaqa verdiyi ifadələrin bir bölümünü dərc edən “Focus” dərgisinin xəbərində bildirilir ki, Türkiyə yetkililəri arasında keçən bu söhbət 2 il yarım bundan əvvəl baş verib. Telefonla Suriya məsələsini müzakirə edən dövlət yetkililəri Türkiyənin qonşu dövlətin ərazisinə hərbi müdaxilə etmək barəsində razılığa gəlirlər. Bunun hüquqi, siyasi aspektlərinin necə olacağı, beynəlxalq aləm tərəfindən necə qarşılanacağı məsələsi də müzakirə predmeti olub. MİT rəhbəri Hakan Fidan da skandala səbəb olan həmin fikirləri bu müzakirələr zamanı səsləndirib.
Hakan Fidan & Ahmet Davutoğlu l SAVAŞ PLANI 2.Kısım (ŞOK SES KAYDI) – YouTube
Maraqlıdır ki, səsyazısı ictimailəşdiriləndən sonra bir çox dövlət yetkililəri və ekspertlər bu söhbətin yüksək təhlükəsizlik tədbirlərinin alındığı kabinetdə aparıldığını bildirir, səsin necə bu qədər aydın yazıldığına təəccüblərini gizlətmirdilər. Gərgərlioğlunun ifadəsinə görə isə, söhbət heç də hər cür təhlükədən izolə edilmiş kabinetdə yox, telefonla edilibmiş. Dünyanın, demək olar ki, hər tərəfində telefonları dinləmək imkanına sahib olan NSA da bu skandal söhbəti lentə alıb, üzərindən il yarım keçdikdən sonra yayınlayaraq Türkiyənin tarixi bir addımının önünü kəsib.
Ciddi xəfiyyəçilik təcrübələrə sahib Hakan Fidanın niyə bu qədər böyük ehtiyatsızlığa yol verdiyi xeyli müəmmalı görünür.
Hansısa bir casusun istintaqa söylədiyi gizli ifadələrin “Focus” dərgisinə xüsusilə indiki zamanda sızdırılması da təsadüfə oxşamır. Bilindiyi kimi, Türkiyə yaxın günlərdə Suriyaya hərbi müdaxilə etməyi planlaşdırır. Şimali Suriyada baş verənləri öz milli təhlükəsizliyinin əleyhinə proses kimi qiymətləndirən qardaş ölkənin qarşısında başqa alternativ də yoxdur. Belə bir vəziyyətdə bu skandal səsyazısının təkrar gündəmə gətirilməsi onu yenidən ittihamlara məruz qoya bilər.
Gərgərlioğlunun dərc olunmuş ifadələrində Türkiyə MİT-nin Almaniyada yaratdığı xəfiyyə şəbəkəsinin digər detalları da yer alır. Məlumata görə, bu şəbəkəyə təkcə Türkiyənin Almaniyadakı səfirliyinin işçiləri yox, həm də ölkədə yaşayan türk gənclər də cəlb olunub. Casus şəbəkəsi əsasən turizm şirkətləri, cami, restoran və media əməkdaşlarından təşəkkül tapır. Guya, MİT-ə kömək etmək istəyən Almaniyadakı gənclərin hərbi xidmətləri qısaldılır və onlar xüsusi təlim keçib geri qayıtdıqdan sonra casusluq edirlər.
Gərgərlioğlu özünün bu işə şəxsən Hakan Fidan tərəfindən cəlb olunduğunu da etiraf edib.
Strateq.az