Yunanıstanın baş naziri Aleksis Tsipras Avropa liderlərinin qoyduğu vaxt başa çatana qədər ölkəsi böhrandan çıxmaqla bağlı təklifləri təqdim edəcək.
Baş nazir təkliflərin demək olar ki, hazır olduğunu deyib.
Strateq.az BBC-yə istinadən xəbər verir ki, yunan baş nazir bu gün Avropa Parlamentinə də müraciət edərək beynəlxalq kreditorlara konkret təkliflər hazırladığını bildirib: «Əminəm ki, yaxın iki-üç gün ərzində öhdəliklərimizi yerinə yetirəcəyik. Təbii ki, Yunanıstanın maraqları çərçivəsində. Eyni zamanda, təkliflərimiz Avropanın vergi ödəyicilərinin də maraqlarına toxunmayacaq».
Tsipras Avropa Birliyinə üzv ölkələrə müraciət edərək onları Avropanın bölünməsinə yol verməməyə də çağırıb.
Onun bu müraciəti bəzi Avropa liderlərinin Yunanıstanla bağlı kompromissiz mövqeyi ilə bağlıdır. Belə ki, bəzi ölkələr Afinaya maliyyə yardımı göstərilməsinə tərəfdar olsa da, bəziləri buna qarşı çıxır. Qarşı çıxanlar hesab edir ki, məlum referendumdan sonra Avropa ölkələri ilə arasındakı son körpüləri də yandıran Yunanıstan yaranmış böhranlı vəziyyətdən özü çıxış yolu tapmalıdır. Yunanıstanın avrozonadan çıxmasını təklif edənlər də var.