Maraqlıdır, bu halda Azərbaycanın da defolt olma ehtimalı varmı? Bu və digər suallarla “Hürriyyət” qəzet eks-spiker Rəsul Quliyevə müraciət edib.
Yunanıstandakı prosesləri şərh edən eks-spiker hesab edir ki, əslində, bu ölkənin problemi Avropa Mərkəzi Bankının tələblərini yerinə yetirməməsindən qaynaqlanır: “Yunanıstan valyuta olaraq Avropa İttifaqının avrosunu işlədən ölkələrdən biridir. Avropa ittifaqına daxil olan ölkələrin 40 faizi – məsələn, İngiltərə, Polşa, İsveç və başqaları öz milli valyutalarından istifadə edir, ona görə Avropa Mərkəzi Bankının qaydalarına tabe deyillər. Yunanıstan isə avrozonada olduğu üçün maliyyə sistemi Avropa Mərkəzi Bankının nəzarətindədir və onun tələblərini yerinə yetirməlidir, əks halda kredit xətti bağlana bilərdi. Kredit xəttinin bağlanması isə sınıq ayaqlar üzərində dayanmış Yunanıstan finansının qəbirə gömülməsi ilə nəticələnərdi”.
R.Quliyev deyir ki, Yunanıstanın düçar olduğu iqtisadi böhranın oxşarı bir neçə il bundan öncə İtaliyada başladı və onun ardınca İspaniya və Potuqaliyada davam etdi. Ancaq hər 3 ölkənin istər sağçı, istərsə də solçu hökumətləri siyasətlərini düzgün müəyyənləşdirdilər. Büdcə kəsirini aşağı salmaq üçün hər hökumətin risk edə bilmədiyi sosial proqramları azaltdılar, dövlət aparatında işləyənlərin önəmli qismini ixtisara saldılar. Sağlam finans sistemiylə indi hər 3 ölkə inkişafdadır.
“Avropa ölkələri içərisində Yunanıstan həmişə məsuliyyətsizliyi ilə fərqlənib. Qərb olmasaydı, 2-ci dünya müharibəsindən sonra Stalinsayağı diktatura qururdular. Bu ölkə iqtisadi göstəricilərinə görə, Avropa İttifaqının zəif həlqələrindən biridir. ümumi Daxili Məhsulunun həcmi Avropa İttifaqının ümumi Daxili Məhsulunun cəmi 2 faizini təşkil edir. İndiki baş nazir qısa bir zamanda hakimiyyətə gəlmək naminə söylədiyi və uçuruma yuvarlanması labüd olan avanturist yalanlarının xarabalıqları altında dəfn olunacaq. Ancaq onun Yunanıstana vurduğu yaraların müalicəsi xeyli uzanacaq. Hökumətdə olan bu insana qazandığından artıq yeyə bilməməyi başa sala bilmədilər. çox asanlıqla başa düşülən “əgər bir kiloqram çörək istehsal edirsənsə, 2 kg yeyə bilməzsən” məntiqini yunan höküməti anlamadı və nə məqsədlə referendum keçirdiyi də məlum deyil” – deyə eks-spiker bildirib.
Rəsul Quliyevin fikrincə, yunan baş nazir Rusiya prezidentinin məsləhətlərinə əməl etdiyi üçün ölkəsi defolt vəziyyətinə gəlib: “Ola bilər, ölkəsini qumara qoymuş ağılsız dostu Putinin məsləhəti ilə bu işi görüb. Referendumdan sonra birinci Putinə zəng etməsi də bu ehtimalı təsdiqləyir. Dövlət aparatının xərcini 30 yox, 50 faiz azalt”, “pensiya yaşını 3 il artır” kimi tələbləri “bizə təzyiq edirsiniz” kimi qəbul edən baş nazirə məsələn, “bizdə – Almaniyada hər 5 milyon məhsul istehsalına bir çinovnik düşürsə, nəyə görə Yunanıstanda 1 milyon məhsul istehsalına bir çinovnik düşməlidir?”, yaxud “Nəyə görə İtaliyada hər 1000 işçinin müqabilində 5 pensioner var, Yunanıstanda bu rəqəm 10 nəfər səviyyəsindədir?” kimi həqiqətləri anlatmaq mümkün olmadı (Bu rəqəmlər statistik faktlara əsaslanmır, sadəcə, fikri daha rahat izah etmək üçün misal olaraq çəkilir-red.).
Adambaşına ildə 24 min dollarlıq məhsul istehsal edən Yunanıstanın vətəndaşları ildə 40 min dollarlıq məhsul istehsal edən Holland vətəndaşları kimi yaşaya bilməz. Yunanıstan liderləri isə “biz əgər ittifaqın üzvüyüksə, siz gərək bizi də dolandırasınız” prinsipi ilə yaşamağı təkilf edir. Onsuz da ABŞ-dan fərqli olaraq, Avropa ölkələrində sosialist prinsiplər daha geniş yayılıb. Ancaq Yunanıstanın tələbi bolşevizmə yaxınlaşan izafi sosializmidir”.
Eks-spiker bu fikirdədir ki, Yunanıstanın referendumu ölkənin maliyyə vəziyyətini qat-qat ağırlaşdıracaq və böyük ehtimalla, Yunanıstan avrozonadan qırağa atılacaq.
Yeri gəlmişkən, son vaxtlar Yunanıstanın əleyhinə yeni xəbərlər yayılıb. Bildirilir ki, baş nazir NATO-nun hərbi sirlərini Rusiyaya ötürüb. Bu məsələyə münasibət bildirən R.Quliyev hesab edir ki, sözügedən məlumat təsdiqlənsə, Yunanıstan həm Avropa İttifaqından, həm də NATO-dan uzaqlaşdırılacaq: “Yunan xalqı heç vaxt belə yaramaz siyasəti qəbul etməz və o, özünü Avropanın tərkib hissəsi hesab edir. Yəni hadisələrin belə inkişafının qarşısını almaq üçün cənab çipras istefaya göndəriləcək, yeni hökumət bütün tələbləri qəbul edəcək. Sirləri vermək faktına görə, hətta onu həbs edə də bilərlər”.
Azərbaycana gəlincə, Rəsul Quliyev bizim ölkə barədə daha bədgümandır: “Avropanın 3 dövləti – Avstriya, çexiya və Yunanıstan əhalisinin sayına görə Azərbaycanla eynidir – 10 milyon ətafında. Hər 3 dövlətin Azərbaycandan fərqli olaraq, təbii sərvətləri yoxdur. Bir illik məhsul istehsalı Avstriyada 400, Yunanıstanda 240, çexiyada 205 və Azərbaycanda isə 80 milyard (neft, qaz xammalın satışından gələn valyuta ilə birlikdə) dollar həcmindədir. Bu ölkələrin hər 3-ü Avropa Mərkəzi Bankının kredit siyasətinə bağlıdır və böyük vəsaitlə müxtəlif finans xətalarından asanlıqla müdafiə olunurlar. Ona görə bu ölkələrdə qəfildən, yəni bir ilə və ya yarım ilə heç vaxt iflas baş verə bilməz. Məsələn, Yunanıstanın bu gün iflasın astanasına gəlib çıxması 10 il müddətində baş verib. Heç bir beynəlxalq strukturlarda (AMF, DB) müdafiə sisteminə qoşulmamış və ancaq qaz-neft resurslarından asılı olan Azərbaycan kimi ölkələrdə iflasın başlaması və xaosla nəticələnməsi bir ay ərzində baş verə bilər”.
R.Quliyevə görə, Azərbaycan dövlət büdcəsindən xərclərini ildə azı 6 milyard azaltmasa, ölkəni defoltdan, manatın tam dəyərini itirməsindən heç kim xilas edə bilməz.