XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2015 - 08:16

Nazir məhkəmələrdən danışdı- Açıqlama

fikret memmedov.jpg

“Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi üçün bir neçə istiqamətdə, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi və İKT-nin tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir və görülən işlər uğurla davam etdirilməkdədir. Bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklər edilib, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılıb, hər bir hakimə köməkçi ştatı ayrılıb, eləcə də hakimlərin maddi təminatı xeyli yaxşılaşdırılıb”.

“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, bu fikirləri ədliyyə naziri Fikrət Məmmədov söyləyib. Nazir məhkəmələrdə İKT-nin geniş tətbiq olunmasının əhəmiyyətindən danışaraq onun yeni inşa olunan məhkəmə binalarında informasiya texnologiyalarına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının əhəmiyyətini vurğulayan nazir onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyini bildirib.

Həmçinin Dünya Bankı ilə səmərəli əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verən F.Məmmədov “bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək Sumqayıt Məhkəmə Kompleksinin inşasının qanunun aliliyinə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsinə, vətəndaşlara qayğılı münasibət göstərilməsinə xidmət edəcəyinə, məhkəmələrə çatımlığı daha da asanlaşdıracağına əminliyini ifadə edib.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, hakimlərin ən şəffaf seçim qaydası müəyyən edilib, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Dövlət büdcəsi hesabına hazırda respublikanın müxtəlif bölgələrində yeni müasir, İT avadanlıqları ilə təchiz edilmiş, Elektron hökumət sisteminin tələblərinə cavab verən məhkəmə binaları inşa olunur.

Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi üzrə layihələr çərçivəsində qabaqcıl İKT-lər tətbiq olunmaqla yeni məhkəmə binalarının və komplekslərinin inşası aparılır, artıq 5 rayon məhkəməsi üçün müasir binalar tikilərək istifadəyə verilib. ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən, beş məhkəməni əhatə edən Şəki və üç məhkəmənin yerləşdiyi Bakı şəhəri Sabunçu Məhkəmə komplekslərinin isə yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Məhkəmə sisteminin inkişafı üzrə görülən işlərin davamı olaraq Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Sumqayıt şəhərində 5 məhkəmənin yerləşəcəyi müasir məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

Strateq.az