Azərbaycanda iş adamının yeniyetmə oğlunu öldürdülər – TƏFƏRRÜATLAR
Masallıda 16 yaşlı yeniyetmənin qətlinin təfərrüatları bəlli olub.
Məlumata görə, qətlə yetirilən yeniyetmə Masallıdakı yanacaqdoldurma məntəqəsinin sahibinin oğludur. Qətl hadisəsi bu gecə saat 02:00 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində törədilib.
Masallı Rayon Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədlinin Anspress-ə verdiyi məlumata görə, Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədov ürəyindən bıçaqlanıb. Gənc oğlan aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.
Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R.Zamanov dostları ilə birgə yenidən məntəqəyə gəlib və əvvəlki mübahisəni həll etməyə çalışıb.
Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb.
Bundan sonra o, hadisə yerindən qaçıb. Lakin uzağa gedə bilməyib. Rövşən səhər saat 10 radələrində Masallı polisi tərəfindən həbs edilib. Digər 3 nəfərin axtarışı isə davam edir. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.