XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2015 - 05:26

Ən gənc partiya liderliyindən baş nazir kürsüsünə qədər…

Ən gənc partiya liderliyindən baş nazir kürsüsünə qədər...

Yunanıstanın baş naziri Aleksis Tsipras barədə bilmədiklərimiz; ölkəni çiynində daşımaq istəyən adamın üzərində başqa hansı yüklər var?

Yunanıstanda 2011-ci ildən iqtisadi böhran getdikcə dərinləşir. Tsipras hökuməti də artıq ölkə iqtisadiyyatının iflas etməsi siqnallarını verir. 321 milyard avro xarici borcu olan dövlətin sənaye fəaliyyəti də iflic vəziyyətdədir. Hökumət yalnız turizm sektoruyla ölkəni böhrandan xilas etməyə çalışır.

Və elə gün olmur ki, dünya xəbərlərində Yunanıstanın baş naziri Aleksis Tsiprasın açıqlamaları, çözüm paketləri gündəmə gəlməsin. Keçirilən görüşlər, çıxış yolu qərarları, referendum…Dünya artıq bu gənc adamdan danışır, onun hər addımını müzakirə edir. “Yeni Müsavat” da qısa müddət ərzində dünyanın gündəminə gəlmiş baş nazirlə bağlı bilinməyənləri üzə çıxardı.
Kimdir bu Tsipras? Keçmişi, özəl həyatı, təhsili, bir sözlə, A-dan Z-yə qədər baş nazir…
Aleksis Tsipras orta məktəbi Abelokopidə bitirib. Mühəndis təhsilini isə Afina Texniki Universitetində alıb, oranı da 2000-ci ildə bitirib. Şəhər və regional planlaşdırma üzrə aspirantura təhsili alıb. Tikinti sektorunda mühəndis kimi çalışıb. Afinanın yenidənqurması ilə bağlı çoxlu sayda layihə və məqalənin müəllifidir. Məktəb illərindən etibarən ictimai həyatda aktiv olub. 1980-ci ildə Yunanıstan Kommunist Partiyasının sıralarına qoşulub. Aktivliyinin pik həddinə isə 1990-1991-ci illərdə çatıb. Hətta zamanında təhsil nazirinin bu və ya digər qərarlarına ciddi etiraz edib. Həmin vaxt etiraz edən məktəbli və tələbələrin nümayəndəsi kimi televiziya verilişlərinə çağırılıb, nazir Vasilis Kontoqiannopulosa efirdən öz etirazlarını çatdırıb.
Məhz tələbəlik illərində tanınmış aktivist, Tələbə Həmkarlar İttifaqının üzvü, eləcə də Politexnik Universiteti Tələbə Komitəsinin fəallarından olub. 1995-1997-ci illərdə Yunanıstan Milli Tələbə Komissiyasının üzvü olub. 1999-cu ilin mayında “Sinaspizmos Gəncləri” partiyasının siyasi katibi seçilib və bu fəaliyyətini 2003-cü ilin noyabrına qədər davam etdirib. Tsipras özü “Sinaspismos”un sol qoluna məxsus olsa da, təmsil etdiyi vəzifəsinin öhdəsindən tam gəlib və gənclər üzrə işin öhdəsindən layiqincə gəlib. O, eyni zamanda Yunanıstan sosial forumu və neolibirel qloballaşmanın hazırlıq işlərində də aktiv iştirak edib.
2007-ci ilin 27 noyabrında “Sinaspizmos”un sədri Aleksos Alavanos növbəti dönəm üçün seçkilərdə iştirak etməyəcəyini açıqlayanda, Aleksis Tsipras 10 fevral 2008-ci ildə onun yerinə seçilib. O, səsvermədə iştirak edənlərin 70.41 faizinin (840 nəfərin) səsini qazanaraq sədr seçilib. Onu 28.67 faizlə(342 səs) Fotisa Kuvelis təqib edib və ikinci yerdə qərarlaşıb.
Bununla da 33 yaşlı Tsipras Yunanıstan tarixində ən gənc partiya lideri olaraq tarixə keçib. 6 iyun 2010-cu ildə o, yenidən 1038 səsdən 785-ni yığaraq partiya sədri olub. O, 2009-cu ildə keçirilən seçkilər zamanı partiyanın siyahısı ilə yekdilliklə parlamentə seçilib. Tsiprasın rəhbərliyi altında partiya sensasion uğur əldə edib: 2012-ci ildə 16.79 və 26.89 faiz olmaqla, ən qabaqcıl müxalif gücə çevrilib və bu cür tanınıb.
2014-cü ilin 15 mayındakı teledebatlar zamanı Avropa Komissiyası prezidentliyinə namizədlər arasında ən çox tvit alan da o olub. 25 yanvar 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Aleksis Tsipras yeni koalisiya hakimiyyəti yaratmağa nail olub. Həmin vaxt o, “Müstəqil yunanlar” adlı iqtidar partiyası ilə koalisiyaya gedib. Son nəticədə A.Tsipras özü 2015-ci ilin 26 yanvarında Yunanıstanın yeni baş naziri olub.
Keçək baş nazirin şəxsi həyatına. A.Tsipras Peristere Baziane adlı xanımla evlidir. Elektrik və kompüter texnikası üzrə mühəndis olan bu xanımla onlar 1987-ci ildə birgə oxuduqları məktəbdə tanış olublar və birlikdə Yunanıstanın Kommunist Gəncləri partiyasına üzv olublar. Onların iki oğlu var – kiçiyinin adı Ernestodur. Ailə bu adı çe Gevaranın şərəfinə qoyub. Tsipras özü qızğın azarkeşdir və “Panatinaikos” komandasına azarkeşlik edir.
Tsipras son olaraq ölkədə yaranmış son vəziyyətə münasibət bildirib.
“Son 5 ayda ölkəmdə baş verənlərin məsuliyyəti mənim və başçılıq etdiyim hökumətin üzərindədir. Yunanıstan böhran labarotoriyasına döndü. Bu qəbulolunmazdır” deyən Tsipras daha sonra bildirib ki, “Avro zonası və Yunanıstan üçün çox kritik bir dövr yaşayırıq. Referendumun nəticələri problemin həlli istiqamətindəki fəaliyyətləri daha da artırdı. Referendumun nəticələri iqtisadi cəhətdən çox ədalətli addımlar atılmasının vacibliyindən xəbər verir. Yunan xalqının cəsur tərcihi Avropa ilə körpüləri yandırmaq mənasına gəlməməlidir”.
“Açıqlanan proqramların heç biri Yunanıstandakı qədər uzun və sərt olmamışdı. İslahat proqramımızı həyata keçirməkdə davam edəcəyik”, deyə Tsipras sözlərini bitirib.
Baş nazirlə bağlı diqqət çəkən daha bir addım isə onun bugünlərdə Almaniya kansleri Angela Merkeli öz facebook hesabında “unfriend” – “qeyri-dost” etməsidir. Xəbər verilir ki, Tsipras Avropa İttifaqının çat verdiyini göstərən bu addımı səhərin erkən saatlarında atıb. O, Berlinlə ölkəsi arasında münasibətlərin getdikcə pisləşməkdə olduğu bir vaxtda Almaniya başçısını facebook-dakı dostları siyahısından çıxarıb. Deyilənlərə görə, bu xəbər Merkeli son dərəcə qəzəbləndirib və öz qarşılıqlı “dostluqdan çıxarma” əməliyyatına Tsiprasa son dərəcə təhqiramiz post əlavə edib, onu əfəl və fərsiz adlandırıb, belə bir şəxsi heç tanımaq istəmədiyini bildirib.
Bununla belə, Almaniya kansleri son on iki saat ərzində Tsiprasa azı otuz dəfə zəng edib və mesaj göndərib. Baş nazir isə deyib ki, “yunan xalqına belə münasibət” davam edərsə, Merkeli twitter və İnstagramdan da bloklamaq lazım gələcək.
Xəbər verilir ki, Avropa İttifaqında bu hədələri ciddi qəbul edirlər, belə ki, Yunanıstan özünün həyati ixracat məhsulu olan “pişik balası” portretlərinin eksportundan məhrum edilib.
Bu portretlərdə Pravoslav Kilsəsinin pillələrində oturmuş pişik balaları təsvir edilir. Yunanıstan bu addımı qeyri-məqbul elan edib.
Tsiprasa cavab olaraq Angela Merkei onu özünün Grepolis və WoW alyanslarından xaric edib.
Təhlilçilər bildirirlər ki, bu addım Yunanıstanın kredit borclarına görə yaranmış vəziyyəti daha d
a gərginləşdirə bilər.
Bu arada Aleksis Tsipras barədə şok iddia yayılıb. “The Times” qəzetinin internet səhifəsində yunan baş nazirin həyat yoldaşı Peristera Baziananın Tsiprası hədələməsi barədə xəbər yayılıb. Bildirilir ki, sosialist ideologiyaya sahib olan Baziana Beynəlxalq Valyuta Fondu (IMF) ilə razılığa gələcəyi təqdirdə baş naziri tərk edəcəyi ilə hədələyib. Gənclik illərində Kommunist Partiyasının üzvü olan Baziananın radikal kommunist olduğu qeyd edilib.
Xatırladaq ki, cütlüyün 28 ildir birlikdə nikahsız yaşadıqları qeyd olunur. Tsipras və Baziana cütlüyü 1987-ci ildə tanış olublar.
Sevinc TELMANQIZI